Yazılar

Nə üçün idrak beyində baş vermir?

Dərketmə prosesinin harada və necə baş verməsi haqda müxtəlif fikirlər irəli sürülüb. İnsanlar tərəfindən daha çox zənn edilən fikirlərdən biri dərketmə aktının beyində gerçəkləşməsidir. Biz bu kiçik yazıda dərketmənin beyində baş verə bilməyəcəyini isbat edib idrak aktının, ümumiyyətlə, mürəkkəb bir maddədə – beyində – baş verməsinin qeyri-mümkün olduğunu göstərəcəyik. Biz nəyisə dərk edərkən, hiss edərkən və ya məntiqi mühakimələr yürüdərkən beynimizdə neyronların arasında elektrokimyəvi əlaqələr yaranır. Bu əsasla “dərketmə” dediyimiz şeyi elmi olaraq beyin hüceyrələri arasındakı elektrokimyəvi əlaqələrin yaranması, beyini isə kəllənin içindəki bütün elektrokimyəvi, neyroni hərəkətlərə məsul olan fiziki rəhbərlik mərkəzi kimi təsvir edə bilərik.

Gəlin ilk öncə idrakın nə olduğuna baxaq. Biz nə zaman “bir şey başqasını dərk edir” deyə bilərik? İdrak – bir şeyin başqasını tam fasiləsiz, arada heç bir boşluq olmadan əhatə etməsidir. Bu, “idrak edən” ilə “idrak olunan”ın bütünləşməsi deməkdir. Əks halda, “idrak olunan” “idrak edən”dən kənarda qalar və idrak adlı akt baş verməz. Bu bütünləşməni, yaxud obyektin subyektin hüzurunda olmasını, onu daxilinə almasını fiziki mənada anlamamalıyıq. Belə bir hal yalnız mücərrəddə baş verə bilər. Fiziki aləmdə iki şeyin birləşib bir şey olması mümkün deyil. Onlar yan-yana gəlsə belə, hər zaman bir-birindən müstəqil iki ayrı şey olaraq qalacaqlar. Bu qaydanı maddəyə tətbiq etməyimiz mücərrəd bir aktın maddədə olmasının qeyri-mümkünlüyünə gətirib çıxarır. Buna görə də deyirik ki, mürəkkəb nəsnə hesab olunan “beyin” idrak edə bilməz. “İdrak edən” yalnız bəsit olmalıdır ki, ilk olaraq özü özünü dərk etsin. Mürəkkəb dedikdə ayrı-ayrı hissələrdən ibarət olan və ya sistem halında olan bir şey nəzərdə tutulur.

İndi isə bu sözlərin açıqlamasına baxaq. Əvvəlcə mürəkkəb hissələrdən ibarət olan maddədə idrakın baş verməsinin qeyri-mümkünlüyünə baxaq. İsbat edəcəyimiz iddia “hissələrdən ibarət vahid sistem” adlandırdığımız şeyin olmasının mümkünsüzlüyüdür. Yəni beyin və yaxud istənilən hər hansı bir sistem müxtəlif hissələrdən ibarət olub vahid bir şeyi əmələ gətirə bilməz. Burada diqqət edilməli məsələ həm mürəkkəb, həm də eyni zamanda vahid sistem olmaq anlayışlarıdır. Bunun üçün məsələnin izahına ilk olaraq mürəkkəbliyin nə olmasından başlamalı, daha sonra isə bunu mürəkkəb kompleks halında olan beyinə tətbiq edib məsələni həll etməyə çalışmalıyıq. İddiaya baxaq: Neyronlar bir-birləri ilə bağlanıb əlaqə qurur və bununla da vahid bir sistem yaratdıqları zaman orada idrak baş verir. Deməli, belə bir əlaqə olmasa, orada “idrak” adlı akt baş verməz. İndi isə göstərməliyik ki, belə bir akt beyində baş verə bilməz, çünki zatən belə bir əlaqə orada yaranan idrak aktını gerçəkləşdirə bilməz. Ona görə ki, mürəkkəb adlandırdığımız sistemdə ayrı-ayrı komponentlər bir araya gəlib birləşə bilməzlər, hərçənd ki, ilk baxışda bizə belə görünür. Əgər ortada ilk baxışda əlaqəli görünən mürəkkəb sistemdə, əslində, heç bir vaxt əlaqənin ola bilməyəcəyi anlaşılsa, o zaman mürəkkəb maddədə idrakın baş verməyəcəyi də anlaşılacaq. Bununla da orada idrak mümkünsüz olacaq.  

Mürəkkəblik nədir?

Mürəkkəb bir sistem dedikdə o şeyin ayrı-ayrı, müxtəlif hissələrdən təşkil olunduğu nəzərdə tutulur. Mürəkkəb olmaq da elə bu deməkdir; əgər hissələr olmasa, əvəzində “bütöv”lük olsa, həmin nəsnəyə mürəkkəb deyilməz. Bu olduqca incə bir məsələdir: bir şeyin həm hissələrdən təşkil olunması və eyni zamanda bütöv olaraq fərz edilməsi ziddiyyətlə nəticələnir. Əgər mürəkkəbdirsə, hökmən hissələr arasında əlaqə olmamalıdır, çünki əlaqənin olması hissələrin olmadığı, bütöv olduğu anlamına gəlir. Onun hissəli olması üçün onun hissələrinin bir-birindən müstəqil formada olması lazımdır. 

Bir az daha dərindən incələməyə çalışaq. Nə üçün mürəkkəb sistemdə hissələr müstəqil, əlaqəsiz olmalıdır? Nə üçün bir şey hissələrdən ibarət olduğu halda, öz hissələri arasında əlaqə qurmaqla bir-birilə əlaqəli olan mürəkkəb bir kompleks ola bilməz? Halbuki biz bu kimi şeyləri ətraf aləmdə müşahidə edirik.

Bunu daha yaxşı anlamaq üçün aşağıdakı mürəkkəbin üç hissədə verilən bölgüsünə diqqət edək:

1. Əgər o, mürəkkəbdirsə, hissələrdən təşkil olunub.

2. Hissələrdən təşkil olunubsa, hökmən bütün hissələr bir-birindən ayrıdır, əks halda bütöv olardı, çünki hissənin var olduğunu demək eyni zamanda onların bir-birindən ayrı olduğunu qəbul etmək deməkdir.

3. Hissələr bir-birindən ayrıdır, amma əlaqə ilə bir-birinə birləşib deyilirsə, onda bilinməlidir ki, iki ayrı nəsnə hər hansı bir əlaqə ilə bir-birinə bağlanıb bütünləşə bilməz, bu sadəcə mürəkkəbliyi daha da artırır. Çünki onların arasında əlaqə yaradan “vasitə” özü də bu iki hissədən ayrı bir şey olmalıdır. Məsələn, “A” və “B”-ni bir-birinə bağlayan vasitə “A” və “B”-dən fərqli üçüncü bir şey olmalıdır. O əlaqələndirici vasitəyə də “C” deyək. Beləcə, yenə yuxarıda dediyimiz kimi, o əlaqələndirici vasitə – “C” özü də “A” və “B”-dən ayrı bir şeydir deyə, onun da “A” və “B”-yə bağlanması üçün başqa bir əlaqələndirici vasitəyə ehtiyacı var. Həmin əlaqələndirici vasitənin də “C” ilə “A və B” arasında əlaqə yaratması üçün başqa bir əlaqələndirici vasitənin köməyinə ehtiyacı vardır. Beləcə, bu zəncir sonsuzadək gedəcək və heç bir əlaqə qurula bilməyəcək.

Bu deyilənlər bütün mürəkkəb quruluşlar üçün xarakterikdir. Bütün mürəkkəb quruluşlar kimi beyin də bundan istisna deyil. Deməli, idrak dediyimiz mücərrəd akt beyində gerçəkləşə bilməz. Mücərrəd nəsnə maddədə məkan tuta bilməz. Odur ki idrak edənin zatı bəsit olmalıdır. Bəsit varlıq isə hissələri olmayan, üçölçülü olmayan, bütöv hesab olunan vahid şeydir. Bu baxımdan mürəkkəb nəsnə özü özünü belə dərk edə bilməz. İnsanların yanılmasına səbəb olan şey isə zaman və məkan daxilində qavradıqları üçölçülü aləmi bir-biri ilə sıx əlaqəli mürəkkəb sistem halında görmələridir.

Camal Dadaşov

Aqora Fəlsəfə Akademiyasının üzvü

Contact Us