Yazılar

Qetier problemi və biliyin tərifi

1. Bilik anlayışına ənənəvi baxış

Bilik[1] nədir? Bu suala cavab tapmaq üçün bir çox filosoflar bilik anlayışının analiz olunmasını təklif edib. Bu məqsədlə, qeyd olunan anlayışın tərkib hissələrinin bir-bir təsvirini və izahını vermək lazımdır. Burada əsas qayda ondan ibarətdir ki, analiz edilən anlayışı təşkil edən elementlərin hər biri bu anlayış üçün ayrı-ayrılıqda gərəkli (hər biri ayrılıqda zəruri) və birlikdə isə yetərli hesab olunmalıdır.

Platonun “Seaititos”dialoqundan bəri bilik anlayışına, demək olar ki, hamı tərəfindən qəbul edilmiş  baxış tərzi, başqa sözlə, bilik anlayışının ənənəvi tərifi belə olub: bilik – (i) əsaslandırılmış (ii) doğru (iii) inamdır. Əvvəla, bu o deməkdir ki, insan bir şeyi bilmək üçün ona inanmalıdır. Məsələn, “Maks tennis raketkasının dolabda olduğunu bilir, ancaq buna inanmır”, – cümləsi ziddiyyətli görünəcək.
İkincisi, əgər desək ki, “Maks tennis raketkasının dolabda olduğunu bilir, amma, əslində, raketka tennis meydançasında qalmışdır”, yenə də ziddiyyətli səslənəcək. Gəlin digər halları nəzərdən keçirək:  Mümkündür ki, Maks raketkanın dolabda olduğuna inandığı halda, bu inam yanlış olsun. Yenə də mümkündür ki, o, raketkanın dolabda olduğunu bildiyinə inandığı halda, bu inam da yanlış olsun.Hətta raketkanın dolabda olduğu barədə əlində güclü bir dəlil ola bilər, bununla belə, yenə də yanıla bilər. Biz bu halların heç birində deyə bilmərik ki, Maks, həqiqətən də, raketkanın yerini bilir. Çünki qeyd olunan hallarda Maksın inamı yanlışdır.
Nəhayət, belə görünür ki, raketkanın, həqiqətən də, dolabda olduğunu bilmək üçün, əvvəlcə, Maksı inandıra biləcək bir əsaslandırmaya, dəlilə, yaxud tutarlı bir səbəbə ehtiyac vardır.[2] Fərz edək ki, raketkasının dolabda olduğuna inanmaq üçün Maksın əlində heç bir tutarlı səbəb yoxdur. Əgər o, raketkanın dolabda olduğunu sadəcə olaraq təxmin etsə, və o, təsadüf nəticəsində haqlı olsa, bu halda o doğru bir inama malik olsa da, göründüyü kimi, bu əsaslandırılmamış doğru inamdır və deməli, bu vəziyyətdə Maks, əslində, biliyə malik deyildir.[3]

 2. Qetier problemi

Edmund Qetierin 1963-cü ildə yazdığı “Əsaslandırılmış doğru inam bilikdirmi?” adlı məqaləsi biliklə əlaqədar mövcud ənənəvi baxış tərzinə əməlli-başlı meydan oxudu. Bu məqamda qeyd etmək yerinə düşər ki, hər hansı bir anlayışa dair verilmiş tərifə iki üsulla etiraz etmək olar:

1. Elə örnək hallar göstərilməlidir ki, birbaşa həmin anlayışa məxsus örnəklər olsun, lakin anlayışın tərifi ilə (tərifdəki əlamətlərlə) uyğunluq təşkil etməsin; bu üsulla, verilmiş tərifin gərəkliliyi şübhə altına düşür.
2. Yaxud da elə örnək hallar göstərilməlidir ki, təriflə (tərifdəki əlamətlərlə) tam uyğunluq təşkil etsin, lakin, əslində, həmin anlayışdan fərqli olan anlayışlara məxsus örnəklər olsun; belə olduqda isə verilmiş tərifin yetərliliyi şübhə altına düşür.  

Yuxarıda qeyd edilmiş iki üsulun sonuncusundan istifadə etməklə Qetier öz məqaləsində iki oxşar situasiya göstərir. Daha dəqiq desək, adıçəkilən məqalədə Qetier özünəməxsus iki düşüncə eksperimenti təqdim edərək bilik anlayışının ənənəvi tərifini şübhə altına alır. Onun təqdim etdiyi həmin hallarda biliyin ənənəvi tərifindəki əlamətlər – əsaslandırma, doğruluqinam – birgə iştirak etsə də, bu birgəlik bilik nümunəsi yaratmır. İndi isə həmin iki haldan birini – daha məşhur olanını –  təqdim edək:
 
          Fərz edək ki, Smit və Cons adlı iki dost hansısa şirkətə işə qəbul olmaq məqsədilə müraciət ediblər. Şirkətin rəhbəri də Simitə bildirmişdir ki, işə Cons qəbul ediləcəkdir. Bu arada, Smit isə Consun cibindəki sikkələri sayaraq cəmisi 10 ədəd olduğunu öyrənmişdir. Beləliklə, artıq Smitin əlində mükəmməl dəlil vardır: işə Cons qəbul ediləcək və Consun da cibində 10 ədəd sikkə vardır. Buna əsasən, Smit belə nəticə çıxarır və daha sonra inanır ki, işə qəbul ediləcək şəxsin cibində 10 ədəd sikkə vardır. İndi isə fərz edək ki, Smitin özünün xəbəri olmadan, öz cibində də 10 ədəd sikkə vardır. Bundan əlavə, qəfildən verilmiş qərar nəticəsində elan edilir ki, işə Consun deyil, məhz Smitin qəbul edilməsi qərara alınmışdır. Beləliklə, bu halda, işə qəbul ediləcək şəxsin cibində 10 ədəd sikkənin olması fikri doğru görünür. Çünki işə qəbul ediləcək şəxs Smitdir və onun da cibində 10 ədəd sikkə vardır.

Qetierin göstərdiyi bu situasiyada Smit, işə qəbul ediləcək şəxsin cibində 10 ədəd sikkənin olmasına dair əsaslandırılmış doğru bir inama sahibdir. Bununla belə, böyük əksəriyyət razılaşmaz ki, Smit bu məsələni həqiqətən də bilir. Baxmayaraq ki, qeyd olunan vəziyyətdə Smit əsaslandırılmış doğru bir inama sahibdir, əslində, bu inam təsadüf (şans) nəticəsində doğru çıxıb. Elə isə Qetier əyani misalla göstərmiş olur ki, biliyin ənənəvi tərifində qeyd olunan əsaslandırma, doğruluqinam elementləri birlikdə bilik anlayışı üçün yetərli deyildir və elə buna görə də bilik anlayışının ənənəvi tərifi yanlışdır.[4]


3. Təklif edilmiş həll yolu

Qetier probleminə verilmiş məşhur cavablarda qəbul edilir ki, əsaslandırma, doğruluq və inam ayrı-ayrılıqda gərəkli əlamətlər olsa da, üçü birlikdə bilik anlayışı üçün yetərli deyil. Odur ki bilik anlayışını şərtləndirən dördüncü bir elementin təklif olunmasına dair müzakirələr başlandı. Olduqca məşhur olan ilk təklif belə idi ki, yanlış müqəddimələrdən yaranmış inamın bilik hesab edilməsi qadağan olunmalıdır. Bu məqamda xatırlatmaq yerinə düşər ki, Qetierin göstərdiyi situasiyada Smit (işə qəbul ediləcək şəxsin cibində 10 ədəd sikkənin olması barədə) doğru inamını, əslində, yanlış müqəddimələrlə əldə etmişdi: “Cons işə qəbul ediləcək; Consun cibində 10 ədəd sikkə vardır” – bunlar yanlış müqəddimələr idi. Qetier probleminə təklif edilmiş cavab bir çox epistemoloqlar tərəfindən etirazla qarşılandı. Daha dəqiq desək, Roderik Çizolm, Alvin Qoldmən və Karl Ginet kimi epistemoloqlar təklifin əleyhinə çıxdı. A. Qoldmən özünəməxsus düşüncə eksperimenti aparmaqla verilən təklifin əleyhinə əks nümunə təqdim etdi. Onun apardığı fikir eksperimentini sizə təqdim edirik:
         
          Fərz edin ki, şəxsi maşınınızla bir ölkədən keçirsiniz. Yolboyu isə, sanki, hara baxırsan, hər tərəfdə cürbəcür tövlələr gözə dəyir. Sən demə, əslində, bura “Yalançı Tövlələr Diyarı” imiş, sizin isə bundan xəbəriniz yoxdur. Beləliklə, ətrafda görünən həmin “tövlələr” əksəriyyəti, əslində, tövlə formasında düzəldilmiş maketlərdir. Buna baxmayaraq, bu ərazidə çox az sayda həqiqi tövlə də vardır. Birdən, uzaqda görünən bir tövləni yanınızda oturan dostunuza göstərərək deyirsiniz:  “Baxsana, orada bir tövlə var”. Qəribəsi də budur ki, sizin göstərdiyiniz həmin tövlə, sən demə, bu ölkədəki tək-tük həqiqi tövlələrdən biridir. Elə isə maşında sizinlə birlikdə gedən dostunuza az öncə dediyiniz “… orada bir tövlə var”, – cümləsi, gerçəkliklə üst-üstə düşdüyünə görə, doğru hesab edilməlidir.

A. Qoldmənin təqdim etdiyi bu eksperiment barədə düşünsək, belə bir haqlı sual yaranır: əlinizlə göstərdiyiniz həmin tövlənin maket tövlə deyil, məhz həqiqi bir tövlə olduğunu bilirdinizmi? Düzdür, sizin əlinizdə əsaslandırılmış doğru bir inam vardır; özü də bu inam hansısa yanlış bir inamdan (və ya inamlardan) doğmamışdır. Bununla belə, yenə də iddia etmək olmur ki, siz, doğrudan da, qeyd olunan məsələ ilə əlaqədar biliyə sahibsiniz. Beləliklə, görünür ki, burada problem yanlış inam (inamlar) deyildir və deməli, dördüncü şərt kimi – biliyin dördüncü əlaməti kimi – təqdim edilən şey öz təsdiqini tapmır.

4. Nəticə

Qetier problemi ilə bağlı müzakirələrdə təsadüf (şans) amili tez-tez vurğulanır. Bu nüansı nəzərə alan çağdaş epistemoloqlar epistemik təsadüf anlayışının təhlil edilməsi məsələsi üzərində birgə çalışmışlar. Onlar düşünürlər ki, əgər belə bir təsadüf növünün konkret olaraq nə olduğunu dəqiqləşdirmək mümkün olsa, onda müəyyənləşdirmək olar ki, epistemik təsadüfün hansı növü “bilikdağıdıcı güc”ə malikdir və nə etməli ki, belə bir “bilikdağıdıcı epistemik təsadüf”ü aradan qaldırmaq mümkün olsun.

Endrü Çapman

Mənbə: Məqalənin orijinalını buradan oxuya bilərsiniz.

İngilis dilindən tərcümə: Elvin Muradlı


[1] Biliyin, ümumi olaraq, bir-birindən fərqlənən üç növü ayırd edilir: propozisional bilik (hansısa fikri bilmək), bacarıqla bağlı bilik (nəyinsə necə edildiyini bilmək), tanışlıqla bağlı bilik (nəyinsə və ya kiminsə haqqında bilmək). Məsələn, hal-hazırda bu məqaləni oxuduğunuzu bilirsiniz (1-ci növ bilik); onu necə oxuduğunuzu da bilirsiniz (2-ci növ bilik) və habelə ən yaxın dostunuzun kim olduğunu bilirsiniz (3-cü növ bilik). Qeyd edək ki, bu məqalə (eləcə də, çağdaş ingilis-amerikan epistemologiyasının böyük əksəriyyəti) propozisional biliklə əlaqədardır.

[2] Qeyd edək ki, əsaslandırma, dəlil və səbəb anlayışlarının eyni mənanı ifadə edib-etməməsi haqqında epistemoloqlar arasında ciddi müzakirələr vardır. Amma bu məqalə çərçivəsində, qeyd olunan anlayışları sinonim olaraq qəbul etmək olar.

[3] Yadınıza salın: hər şeydən narazı, həmişə qoca qarı kimi deyinən ən bədbin dostunuz gündəlik həyatda bəzi xoşagəlməz, arzuolunmaz situasiyalar zamanı, adətən, sizə nə deyir? – “Əşi, bilirdim də, belə olacaq!” deyərək, sanki, özünü falçı kimi aparır. Düzdür, bəzən onun həmin etirazları təsadüfən doğru çıxa da bilər. Amma bu o demək deyildir ki, həmin vəziyyətdə dostunuz mötəbər bir bilik sahibidir. Bu halda özünüz də bilirsiniz ki, hər şeyə etiraz etməyə öyrəncəli olan dostunuz, əslində, mövcud situasiya ilə bağlı heç bir şey bilmir. Onun dediyi şey təsadüfən doğru olsa da, əsaslandırılmamışdır və deməli, bilik hesab edilə bilməz.

[4] Yəni qeyd olunan üç elementin birgə iştirakı heç də bütün hallarda bilik nümunəsi yaratmır. Başqa sözlə, Qetier iddia edir ki, bilik haqqında mövcud olan ənənəvi təsəvvür, bütün situasiyalarda əlverişli olmadığı üçün, düzgün hesab edilə bilməz. – Tərc.

Contact Us