Su nədir: xüsusiyyət, yoxsa zat?

Su, alma, ağac, daş, insan, pişik və s. bu kimi nəsnələrin (fəlsəfədə bunlara “təbii növlər” deyilir) həqiqəti nədən ibarətdir? Görəsən, onlar sadəcə bir sıra xüsusiyyətlər toplusundan ibarətdir, yoxsa bundan əlavə, həm də konkret bir zata malikdirlər? Fəlsəfədə buna “çılpaq zat” (Bare particular) deyilir. Məsələn, su – əgər belə bir nəsnə varsa! – “100 dərəcədə qaynayan”, “bəlli çəkisi olan”, “axıcı”, “rəngsiz” və s. kimi xüsusiyyətlər toplusudur, yoxsa bu xüsusiyyətlərlə yanaşı, həm də konkret bir zatı olan nəsnədir? Daha aydın desək, yuxarıda sadalanan xüsusiyyətlər bir-birinin kənarında düzüləndə “su” yaranır, yoxsa su konkret bir zatdır ki, özündən bu kimi xüsusiyyətləri büruzə verir, amma eyni zamanda həqiqəti həmin xüsusiyyətlərdən ibarət deyil, baxmayaraq ki, həmin xüsusiyyətlər onu müşayiət edir. Bu fəlsəfi problemi daha yaxşı təsəvvür etmək üçün gəlin əvvəlcə “xüsusiyyət” və “zat” anlayışları ilə tanış olaq.
1. Xüsusiyyət və zat nədir?
Xüsusiyyətə fəlsəfi dildə “aksidensiya” deyilir; o elə bir şeydir ki, xarici aləmdə var olanda öz ayaqları üstündə dayana bilmir, hansısa bir dayanacağa söykənməli olur. Obrazlı desək, hansısa bir oturacağın üzərində oturur. Ona görə də xüsuyyətlər həmişə “nə”yinsə xüsusiyyəti olurlar, amma o “nə”yinsənin özü olmurlar. Zata isə fəlsəfi dildə “substansiya” deyilir; o elə bir şeydir ki, xarici aləmdə var olanda öz ayaqları üstündə durur, heç bir dayanacağa söykənmir. Obrazlı desək, hansısa bir oturacağın üzərində oturmur, əksinə, o, başqalarının oturacağı kimi çıxış edir. Deməli, xüsusiyyət nədənsə yapışıb tutur, yəni asılıdır, zat isə heç nədən yapışıb tutmur, yəni müstəqildir. Bu mənada zat heç bir şəkildə xüsusiyyətlər toplusu deyil, əksinə, onları ayaq üstə tutub saxlayan, onların dayanacağı, söykənəcəyi və oturacağıdır.
2. Problemin izahı
Xüsusiyyət və zat anlayışları aydınlaşdıqdan sonra yuxarıdakı sualımızı bir daha nəzərdən keçirək: su yalnız və yalnız bəlli sayda xüsusiyyətlər toplusudur; x1, x1, x3… n, yoxsa həmin xüsusiyyətləri özündə daşıyan, amma mahiyyətcə onlardan ibarət olmayan bir “zat”dır? Su=xüsusiyyətlər toplusu, yoxsa su=xüsusiyyətlər toplusu+zat? Sonradan qeyd edəcəyimiz kimi, xüsusiyyətləri (ən azı, bir çoxunu) hisslə qavraya bilsək də, zatı həmişə ağılla dərk edirik. Yəni xüsusiyyətləri beş duyğu orqanımızla qavraya bilir, amma zatı bu şəkildə qavraya bilmirik; nə görə, nə toxuna, nə qoxlaya, nə dada, nə də eşidə bilirik. Onun varlığını sadəcə ağılla kəşf edə bilirik. Bu xüsusiyyətlər isə sadəcə o zata işarə edirlər, nəinki o “zat” deməkdirlər.
3. Arqumentlər
Mən bu yazıda iki arqumentlə göstərəcəyəm ki, su – habelə hər bir təbii növ – sadəcə olaraq xüsusiyyətlər toplusu deyil, o həm də bir zatdır. Yəni su elə bir konkret və müəyyən bir zatdır ki, özündən bəlli xüsusiyyətləri aşkar edir. Bu mənada su 100 dərəcədə qaynamaq, axıcılıq, rəngsizlik və s. bu kimi xüsusiyyətləri büruzə verir, amma həqiqəti, mahiyyəti həmin xüsusiyyətlərdən ibarət deyil, o sadəcə onların söykənəcəyi, dayanacağı və oturacağıdır, belə ki, o olmasa, onlar var ola bilməzlər, çünki bu zaman onları əllərindən tutub ayaq üstə saxlayan nəsə olmayacaq.
3.1. Tavtologiya arqumenti
Birinci arqumentimizi belə ifadə edə bilərik: su sadəcə xüsusiyyətlər toplusu olarsa, onda onunla bağlı bütün doğru sintetik cümlələr analitik cümlə sayılacaq[1] və nəticədə onların inkarı ziddiyyətə gətirib çıxaracaqdır. Məsələn, “su 100 dərəcədə qaynayır”, – cümləsi doğru bir sintetik cümlə olduğu halda, analitik bir cümlə, yəni “100 dərəcədə qaynayan 100 dərəcədə qaynayır”, – cümləsi sayılacaq, çünki su, fərzə görə, xüsusiyyətin özündən ibarətdir, ona görə də “su” əvəzinə “100 dərəcədə qaynayan” deyə bilərik. İndi kimsə “su 100 dərəcədə qaynamır”, – deyə söyləsə, bu zaman ziddiyyətə yol vermiş olacaq, yəni “100 dərəcədə qaynayan 100 dərədəcə qaynamır”. Bu isə ziddiyyətdir. Su ilə bağlı bütün doğru sintetik cümlələrin – məsələn, “su axıcıdır”, “su rəngsizdir”, “su bəlli çəkiyə malikdir” və s. – analitik cümlə olması nə kimi bir problem doğurur ki? Cavab aydındır: bu zaman tavtologiya yaranacaq və beləcə xarici aləmlə bağlı heç bir bilik əldə edə bilməyəcəyik, çünki hər bir cümlə təkrar yığınından başqa bir şey olmayacaq: 100 dərəcədə qaynayan 100 dərəcədə qaynayandır, axıcı olan axıcıdır, rəngsiz olan rəngsizdir, bəlli çəkisi olan bəlli çəkisi olandır və s. Belə olan halda, su ilə bağlı yeni bir bilik əldə edə bilərikmi?! – Əsla! Digər tərəfdən, intuitiv olaraq hamı qəbul edir ki, xarici aləmdəki nəsnələrlə bağlı doğru sintetik cümlələr qura bilirik, deməli, su sadəcə xüsusiyyətlər toplusundan ibarət deyil; həmin xüsusiyyətlərin əllərindən tutub ayaq üstə saxlayan nəsə olmalıdır ki, bu da suyun “zat”ından ibarətdir.
3.2. Vəhdət arqumenti
İkinci arqumenti isə belə ifadə edə bilərik: su sadəcə olaraq xüsusiyyətlər toplusu olarsa, bu zaman həmin xüsusiyyətlər arasında vəhdət yaranmaz və nəticədə heç bir mənalı cümlə qurmaq mümkün olmaz. Fərzə görə, su sadəcə “100 dərəcədə qaynayan”, “bəlli çəkisi olan”, “axıcı”, “rəngsiz” və s. kimi xüsusiyyətlər toplusudur və bu xüsusiyyətlərdən savayı heç nə (yəni onları özündə bir araya toplayan konkret və müəyyən bir zat) deyil. Deməli, “100 dərəcədə qaynayan”, “bəlli çəkisi olan”, “axıcı”, “rəngsiz” anlayışlarının hər birinin xarici aləmdəki predmeti (obyekti) də heç bir söykənəcəyə, dayanacağa və oturacağa ehtiyac duymayacaq və hər biri öz ayağı üzərində dayanacaq. Belə olan halda, onları bir araya toplayan, obrazı desək, bir sapın üzərinə yığan heç nə olmayacaq, yəni onları birləşdirən nəsə olmayacaq. Bu zaman su haqqında danışanda, əslində, eyni şeydən danışmayacayıq və su sadəcə olaraq real deyil, xəyali bir nəsnə olacaq, çünki su ilə bağlı həmin xüsusiyyətləri bir araya toplayıb birləşdirən nəsə (zat) olmayacaq. Bu əsasla “su 100 dərəcədə qaynayır”, “suyun bəlli çəkisi var”, “su axıcıdır”, “su rəngsizdir”, – cümlələri eyni şey haqqında olmayacaq. Deməli, su ilə bağlı mənalı bir cümlə qura bilməyəcəyik.
Amma “zat” qəbul edildikdə, bu xüsusiyyətləri bir araya toplayıb birləşdirən nəsə olacaq, çünki onların söykənəcəyi, dayanacağı və oturacağı eyni şey olacaq. Bu zaman eyni şeydən danışa biləcəyik. Bu əsasla “su 100 dərəcədə qaynayır”, “suyun bəlli çəkisi var”, “su axıcıdır”, “su rəngsizdir”, – cümlələri eyni şey haqqındadır.
4. Nəticə
Beləliklə, hər iki arqumentə əsasən, su bəlli sayda xüsusiyyətləri özündə daşıyan bir zatdir və o əsla həmin xüsusiyyətlərin toplusundan ibarət deyil. Öncədən dediyimiz kimi, xüsusiyyətləri hiss, zatı isə ağıl dərk edir. Bəs, yaxşı, bunun doğru olduğunu necə göstərə bilərik? – Çox sadə bir yolla: xüsusiyyətlər iki haldan xaric deyil; ya öz ayaqları üzərində dura bilmirlər, ya da dura bilirlər. (1) Əgər öz ayaqları üzərində dura bilmirlərsə, deməli, onları ayaq üstə tutan bir başqası (zat) var və bu “ayaq üstə tutan” sayca sonsuza qədər davam edə bilməz; mütləq bir yerdə durmalıdır. Bu xüsusiyyətlərin xarici aləmdə mövcud olduğunu qəbul etdikdə, hökmən, onları ayaq üstə tutan da mövcud olmalıdır. (2) Yox, əgər öz ayaqları üzərində dura bilirlərsə, bu zaman bir zatın deyil, çoxsaylı zatın varlığını qəbul etmiş olacağıq və belə bir vəziyyət isə zatları bir-birinə yadlaşdıracaq, nəticədə – ikinci arqumentdə izah olunduğu kimi – onların arasında vəhdət yaradan heç nə olmayacaq. Deməli, varlığını hisslə dərk etdiyimiz xüsusiyyətlərdən əlavə, varlığını ağılla dərk etdiyimiz zat da var.
Emin İmanlı
Aqora Fəlsəfə Akademiyasının təsisçi və baş redaktoru
[1] Analitik cümlə o cümləyə deyilir ki, onun predikatı (kobudca desək, xəbəri) subyektinin (kobudca desək, mübtədasının) tərifinə daxildir, yəni predikat subyektin mənasında gizlidir. Məsələn, “hər bir ər kişidir”. Burada kişi anlayışı (predikat) zatən ər anlayışının (subyekt) tərifinə daxildir, çünki ər kişi deməkdir. Ona görə də “hər bir ər kişidir”, – cümləsini inkar edib “bəzi ərlər kişi deyil” deyəndə, ziddiyyət yaranır: “bəzi kişilər kişi deyil”. Deməli, “hər bir ər kişidir” və “bəzi ərlər kişi deyil” cümlələri bir-birinə ziddir. Sintetik cümləyə gəlincə, o elə bir cümlədir ki, onun predikatı subyektinin tərifinə daxil deyil. Məsələn, “hər bir ər banka borcludur”. Burada banka borclu anlayışı ər anlayışının tərifinə daxil deyil, yəni ərə tərif verəndə banka borclu anlayışını həmin tərifə daxil etmirik. Ona görə də “bəzi ərlər banka borclu deyil” dedikdə, ziddiyyətə yol vermirik.
Sintetik cümlələr bizə gerçəklikdən xəbər verir, amma analitik cümlələr belə deyil. Məsələn, “qanadlı at qanadlıdır”, – cümləsi gerçəklikdən xəbər vermir; ona görə gerçəklik necə olursa olsun – istər qanadlı at mövcud olsun, istərsə də olmasın bu cümlə hər iki halda da doğru cümlədir. Amma “hər bir ər banka borcludur”, – cümləsinin doğru olması gerçəklikdən asılıdır, yəni xarici aləmə müraciət edib hər bir ərin banka borclu olduğunu görsək, bu zaman cümlə doğru, əks halda isə yalan olacaq. Başqa sözlə desək, analitik cümlələr anlayışlar arasındakı münasibətləri, sintetik cümlələr isə faktlar arasındakı münasibətləri ifadə edirlər.