Yazılar

Edmund Qetierin məqaləsi

Əsaslandırılmış doğru inam bilikdirmi?

Kiminsə müəyyən bir propozisiyanı[1] bilməsi üçün gərəkli və yetərli şərtlərin nədən ibarət olduğunu izah etmək məqsədi ilə son illərdə müxtəlif cəhdlər edilib. Bu cəhdləri çox vaxt aşağıdakı oxşar formada ifadə etmək olar:[2]

a) S P-ni bilir; əgər və yalnız əgər
(i) P doğrudursa,
(ii) S P-yə inanırsa və
(iii) S-nin P-yə inanması üçün əsası varsa.

Misal üçün, Çizolm hesab edirdi ki, aşağıdakı forma bilik üçün gərəkli və yetərli şərtləri ifadə edir:[3]

b) S P-ni bilir; əgər və yalnız əgər
(i) S P-ni qəbul edirsə,
(ii) S-nin P üçün müvafiq dəlili varsa və
(iii) P doğrudursa.

Ayer qeyd edirdi ki, biliyin gərəkli və yetərli şərtləri aşağıdakı kimidir:[4]

c) S P-ni bilir; əgər və yalnız əgər
(i) P doğrudursa,
(ii) S P-nin doğru olduğuna əmindirsə və
(iii) S-nin P-nin doğru olduğuna əmin olmaq üçün haqqı varsa.

Mən arqument gətirəcəyəm ki, (a) yanlışdır, çünki burada izah olunan şərtlər “S P-ni bilir”, – propozisiyasının doğruluğu üçün yetərli şərti ödəmir. Bu arqument göstərəcək ki, əgər “müvafiq dəlili varsa” və ya “əmin olmaq üçün haqqı varsa” ifadələri hər yerdə “inanması üçün əsası varsa” ifadəsi ilə əvəz edilərsə, (b) və (c) yenə də uğursuzdur.

İki nüansı qeyd etməklə başlayacam: birincisi, “əsası varsa” dedikdə, bu, “S-nin P-yə inanması üçün əsasının olması S-nin P-ni bilməsi üçün gərəkli şərtdir” kimi başa düşülərsə, onda bir insanın əslində yanlış olan bir propozisiyaya inanmaq üçün əsası ola bilər. İkincisi, hər hansı bir P propozisiyası üçün, əgər S-nin P-yə inanmaq üçün əsası varsa və P Q-ni nəticə verərsə və S Q-ni P-dən nəticə çıxararsa və Q-ni deduksiyanın nəticəsi kimi qəbul edərsə, bu zaman S-nin Q-yə inanmaq üçün əsası vardır. Bu iki nüansı nəzərdə saxlayaraq, indi iki nümunə göstərəcəyəm ki, (a)-da qeyd edilən şərtlər bir sıra propozisiyalar üçün keçərlidir, amma buna baxmayaraq, sözügedən şəxsin həmin propozisiyanı bilməsi eyni zamanda yanlışdır.

Nümunə 1:

Təsəvvür edin ki, Smit və Conz müəyyən bir iş üçün müraciət ediblər. Həmçinin təsəvvür edin ki, Smitin aşağıdakı konyunktiv propozisiya üçün güclü dəlili vardır:

d) Conz işə qəbul olunacaq adamdır və Conzun cibində on sikkə vardır.

Smitin (d) üçün dəlili belə ola bilər ki, şirkətin rəhbəri onu əmin edib ki, sonda Conz seçiləcəkdir, həmçinin Smit on dəqiqə öncə Conzun cibindəki sikkələri sayıb. (d) propozisiyası aşağıdakı propozisiyanı nəticə verir:

e) İşə qəbul olunacaq adamın cibində on sikkə vardır.

Gəlin təsəvvür edək ki, Smit (d)-nin (e)-ni nəticə verdiyinin fərqindədir və (e)-ni güclü dəlilə sahib olduğu (d) əsasında qəbul edir. Bu halda Smitin (e)-nin doğru olduğuna inanmaq üçün açıq-aşkar əsası vardır.

Ancaq təsəvvür edin ki, Smitin özü bilmədən Conz deyil, o özü işə qəbul olunacaq. Həmçinin Smitin özü bilmədən onun öz cibində on sikkə vardır. Deməli, (e) propozisiyası doğrudur, baxmayaraq ki, Smitin (e)-ni nəticə çıxardığı (d) propozisiyası yanlışdır. Beləliklə, misalımızda aşağıdakıların hamısı doğrudur: (i) (e) doğrudur, (ii) Smit (e)-nin doğru olduğuna inanır və (iii) Smit (e)-nin doğru olduğuna inanmaq üçün əsası vardır. Amma eyni dərəcədə aydındır ki, Smit (e)-nin doğru olduğunu bilmir; çünki (e) Smitin cibindəki sikkələrin sayı baxımından doğrudur, halbuki Smit öz cibində nə qədər sikkə olduğunu bilmir və (e) ilə bağlı inamını işə qəbul olunacağına yanlış olaraq inandığı Conzun cibindəki sikkələrin sayı üzərində qurur.

Nümunə 2:

Gəlin təsəvvür edək ki, Smitin aşağıdakı propozisiya üçün güclü dəlili vardır:

f) Conzun bir Ford maşını vardır.

Smitin dəlili belə ola bilər ki, Smitin xatırladığı qədər Conzun keçmişdə həmişə bir maşını olub və bu maşın da həmişə Ford olub, həmçinin bir az öncə Conz Fordu sürərkən ona maşına minməyi təklif edib. Gəlin indi təsəvvür edək ki, Smitin tamamilə harada olduğundan xəbərsiz olduğu Braun adında başqa bir dostu vardır. Smit tamamilə təsadüfi şəkildə üç yer adı seçərək aşağıdakı üç propozisiyanı qurur:

g) Ya Conzun bir Ford maşını vardır, ya da Braun Bostondadır.
h) Ya Conzun bir Ford maşını vardır, ya da Braun Barselonadadır.
i) Ya Conzun bir Ford maşını vardır, ya da Braun Brest-Litovskdadır.

Bu propozisiyaların hər biri (f)-in məntiqi nəticəsidir. Təsəvvür edin ki, Smit (f) vasitəsilə qurduğu bu üç propozisiyadan hər birinin nəticə olaraq çıxdığını başa düşür və (g), (h) və (i)-ni (f) əsasında qəbul edir. Smit (g), (h) və (i)-ni lehinə güclü dəlili olduğu propozisiyadan düzgün olaraq nəticə çıxardıb. Beləliklə, Smitin bu üç propozisiyadan hər birinə inanmaq üçün tamamilə əsası vardır. Əlbəttə, Smitin Braunun harada olduğu haqda heç bir fikri yoxdur.

Amma indi digər iki şərtin də olduğunu təsəvvür edin. Birincisi, Conzun bir Ford maşını yoxdur; o, hazırda kirayə maşın sürür. İkincisi, sırf təsadüf nəticəsində, Smitin özü heç bilmədən (h) propozisiyasında qeyd olunan yer, sən demə, elə Braunun olduğu yerdir. Əgər bu iki şərt ödənirsə, onda Smit (h)-nin doğru olduğunu bilmir, baxmayaraq ki:(i) (h) doğrudur(ii) Smit (h)-nin doğru olduğuna inanır və (iii) Smitin (h)-nin doğru olduğuna inanmaq üçün əsası vardır.

Bu iki misal göstərir ki, (a) tərifi kiminsə müəyyən bir propozisiyanı bilməsi üçün yetərli şərti ödəmir. Eyni nümunələr müvafiq dəyişikliklərlə həm (b) tərifinin, həm də (c) tərifinin belə bir şərti ödəmədiyini göstərmək üçün kifayət edir.

Edmund Qetier

Mənbə: Məqalənin orijinalını buradan oxuya bilərsiniz. (Məqalənin tərcüməsi ilk dəfə BAİ-da yayınlanıb.)

İngilis dilindən tərcümə: Emin İmanlı

Aqora Fəlsəfə Akademiyasının təsisçi və baş redaktoru


[1] Doğru və ya yanlış olmaqla səciyyələnə bilən fikir məzmunu və ya cümlə mənası – Tərc.

[2] Görünür, Platon belə bir tərifi “Theaetetus”da nəzərdən keçirib (səh. 201) və ola bilsin, “Meno”da onu qəbul edib (səh. 98).

[3] Roderick M. Chisholm, Perceiving: a philosophical Study, Cornell University Press (Ithaca, New York, 1957), səh. 16.

[4] A. J. Ayer, The Problem of Knowledge, Macmillan (London, 1956), p. 34.

Contact Us