Yazılar

Azad iradə lehində yeni bir arqument

Bir bölgüdə fəlsəfi sualları iki qrupa ayırmaq olar: təxirəsalınmaz suallar və təxirəsalınan suallar. Təxirəsalınmaz suallar bilavasitə insanın həyat tərzi ilə əlaqəlidir; o suala veriləcək cavabdan asılı olaraq, insanın həyat tərzi köklü şəkildə dəyişir. Amma təxirəsalınan suallar isə belə deyil. Misal üçün zamanın və ya məkanın həqiqətinin nədən ibarət olduğunu bilmədən də, yaşamağa davam etmək və istənilən həyat tərzini sürdürmək olar. İnsan həyatındakı təxirəsalınmaz suallardan biri “azad iradə varmı?” – sualıdır. “Əxlaqi və ya hüquqi məsuliyyət” adlandırdığımız şeyin taleyini məhz bu suala verilən cavab təyin edir; sözügedən suala müsbət cavab veriləndə məsuliyyət anlam ifadə edir, mənfi cavab veriləndə isə heç bir anlam ifadə etmir. Azad iradəsi olmayan birinin əxlaqi və ya hüquqi baxımdan məsuliyyət daşıması nə məna ifadə edə bilər ki?! – Heç nə! Məsuliyyət azad iradənin varlığından asılıdır; varsa, var, yoxdursa, yoxdur.   

Azad iradə problemindən bu gün fəlsəfənin “zehin fəlsəfəsi” adlanan qolunda bəhs olunur; kimisi onun lehinə, kimisi də əleyhinə arqument gətirir. Mən bu qısa yazıda yeni bir arqumentlə – mən şərti olaraq onu “epistemoloji arqument” adlandırıram – azad iradəni müdafiə etməyə çalışacağam. Gəlin ilk öncə arqumentimizi nəzərdən keçirək:

  • Əgər azad iradə yoxdursa, onda heç bir fikrimizin doğru olduğunu əsaslandıra bilmərik.
  • Halbuki biz öz fikirlərimizin doğru olduğunu əsaslandıra bilirik.
  • Deməli, azad iradə var. 

İstənilən bir arqumenti qəbul edə bilmək üçün onun forması – nəticə çıxarmaq üçün sıralanması – etibarlı, məzmunu – müqəddimələri – isə tutarlı, yəni doğru olmalıdır. Arqumentimizin formasına gəlincə, ona məntiq elmində “inkaredici modus” deyilir və bu, aksiom moduslardan biridir, yəni istənilən müqəddimələri bu formaya salsaq, mütləq, nəticə verəcəkdir, yəni bu məntiqi forma müqəddimələrlə nəticə arasındakı keçidi təmin edəcəkdir. Məsələn:

  • Əgər Günəş çıxmayıbsa, onda hava işıqlı deyil.
  • Halbuki hava işıqlıdır.
  • Deməli, Günəş çıxıb.  

Gördüyünüz kimi, arqumentin forması birinci və ikinci müqəddimə ilə nəticə – “Günəş çıxıb” – arasındakı keçidi təmin edir, yəni birinci və ikinci müqəddiməni bir-birinin yanına qoyanda, nəticə öz-özünə hasil olur.

İndi isə gəlin arqumentimizin məzmununa, yəni birinci və ikinci müqəddiməsinə baxaq. Əvvəlcə birinci müqəddiməni şərh edək: azad iradənin olmaması ilə heç bir fikrin əsaslandırıla bilməməsi arasında nə kimi bir bağlılıq var? Bu bağlılığı belə izah edə bilərik: əgər azad iradə yoxdursa, onda heç bir fikrin doğru olduğunu əsaslandırmaq olmaz, hətta “azad iradə yoxdur” fikrini belə. Tutaq ki, Əjdər azad iradəni qəbul edir, İlqar isə qəbul etmir. İlqara görə, Əjdər azad iradəyə sahib deyilsə, onda nə üçün Əjdərin iddiası yanlış, İlqarınkı isə doğru olmalıdır?! Halbuki hər ikisi də üçüncü şəxs perspektivindən azad iradəyə sahib deyil; necə olur ki, üçüncü şəxs perspektivindən azad iradəyə sahib olmayan iki şəxsdən – Əjdər və İlqar – birinin iddiası yanlış, o birininki isə doğru olur?! Bir iddianı yanlış, o biri iddianı isə doğru edən şey nədir? Başqa sözlə, insanda azad iradə aktı olmadan gerçəkliyin necə olduğunu haradan bilə bilər? Deməli, azad iradə yoxdursa, onda azad iradənin olub-olmamasına inam mütləq yox, nisbi olacaq, bu zaman isə nə “doğru fikir”, nə də “yanlış fikir” bir anlam ifadə edəcəkdir.

İkinci müqəddiməyə gəlincə, bu, hər birimizin intuitiv şəkildə dərk etdiyi bir müqəddimədir, yəni hər bir insan öz fikirlərininin doğru olduğunu əsaslandıra bildiyini apaydın olaraq sezir, yəni bunu intuisiya edir. Maraqlısı odur ki, səsləndirilən bu fikirlə, yəni “hər bir insan öz fikirlərininin doğru olduğunu əsaslandıra bildiyini apaydın olaraq sezir”, – fikri ilə razılaşmayan biri, əslində, özü də bilmədən öz fikrinin doğru olduğunu əsaslandıra bildiyini sezir, əks halda sözügedən fikirlə razılaşmaması anlam ifadə etməzdi. Başqa sözlə desək, “hər bir insan öz fikirlərininin doğru olduğunu əsaslandıra bildiyini apaydın olaraq sezir”, – cümləsi bizim qəbul etdiyimiz ən fundamental intuisiyalardan (sezgilərdən) biridir və bu intuisiyamızı çürüdə biləcək eyni gücdə başqa bir intuisiyamız isə yoxdur. Nə qədər ki belə bir intuisiyamız yoxdur, deməli, sözügedən intuisiyamız doğrudur.     

Beləliklə, yuxarıda izah etdiyimiz birinci və ikinci müqəddimə doğrudursa, onda “azad iradə var”, – fikri də doğrudur.     

 Emin İmanlı

Aqora Fəlsəfə Akademiyasının təsisçi və baş redaktoru

Contact Us