Yazılar

Başqa zehinlər problemi

Bu yazıda fəlsəfənin əsas qollarından biri hesab olunan “zehin fəlsəfəsi”ndə müzakirə olunan “başqa zehinlər problemi”ni (the problem of other minds) izah etməyə çalışacağam.

Biz hamılıqla dünyada tənha olmadığımızı qəbul edirik; bizimlə birgə mövcud olan digər insanlar da var. Bu insanlar bizimlə birgə eyni dünyada yaşayırlar. Başqa insanların varlığını qəbul etsək də, haradan bilirik ki, bu insanların bizim kimi zehinləri var? İnsanın zehni ağac, stul, maşın, kitab və s. nəsnələr kimi müşahidə edilmir, yəni zehin gözlə görünən maddi bir şey deyil. Əgər insanın başını yarsaq, yalnız onun beynini müşahidə edəcəyik. Bu isə zehin demək deyil, zehin heç bir zaman hiss üzvləri vasitəsilə müşahidə edilə bilməz, zehin tamamilə abstrakt bir nəsnədir. Elə isə biz haradan bilirik ki, insanların bizim kimi zehinləri var? Başqa birinin zehnində nə baş verdiyindən nə qədər xəbərdarıq? Başqa sözlə, biz yalnız insanların bədənlərini müşahidə edə bilərik; onların etdiklərini görür, dediklərini və çıxardığı səslərini eşidir, ətraf mühitə necə reaksiya verdiklərini müşahidə edirik. Həmçinin onların dədənini yarıb daxilinəbaxa bilərik, onların anatomiyasını özümüzünkü ilə müqayisə edə bilərik. Ancaq bu deyilənlərin heç biri başqalarının zehninin var olduğuna əsla dəlil ola bilməz. Onların təcrübələrini, düşüncələrini və duyğularını heç zaman görə bilmərik. Ola bilər ki, başqa insanların zehni yoxdur və onların davranışları zombinin[1] və ya proqramlaşdırılmış bir maşının davranışı kimidir.

Zehin fəlsəfəsində yuxarıda qeyd etdiyimiz suala cavab olaraq çoxsaylı arqumentlərdən istifadə edilib. Biz bu yazıda onların ikisini araşdıracağıq. Arqumentləri izah etdikdən sonra onların nə qədər tutarlı olub-olmadığına da toxunacayıq.

1. “Analogiya” arqumenti

Başqa zehinlərin varlığını necə isbat etmək olar? Adətən ilk və standart cavab olaraq Con Stüart Millə nisbət verilən “analogiya arqumenti”nə (the argument from anology) müraciət edilir. Məşhur ingilis filosofu Bertran Rassel də bəzi kitablarında bu arqumentə istinad edib. Bu arqumentin məğzi ondan ibarətdir ki, mən insanları müşahidə edirəm; görürəm ki, onlar da mənim kimi bədən və davranışa malikdirlər, yəni onların bədən və davranışı mənim bədən və davranışıma oxşayır. Nəticədə mən anlayıram ki, onların da mənim kimi zehinləri var. Çünki onların bədənləri və davranışları mənim bədən və davranışlarıma oxşayırsa, deməli, onların da mənim kimi oxşar zehinləri var. Məsələn, əlim odda yanan zaman ağrıdan qışqırıram. Bu hal məndə birbaşa zehinlə əlaqəlidir, yəni mən “ağrı” adlı bir təcrübəni yaşayır və nəticədə “qışqırtı” adlı bir davranış sərgiləyirəm. Başqa biri də bunu edəndə, anlayıram ki, deməli, onun da oxşar davranışı birbaşa onun zehni ilə əlaqəlidir, yəni o da ağrını təcrübə edir ki, belə bir davranış sərgiləyir.

İlk baxışda bu arqument maraqlı olsa da, bir çox zehin filosofları bu arqumentin tutarlı olmadığı qənaətindədirlər. Başqalarının davranışlarını müşahidə etməklə onların zehinlərinin olduğunu nəticə çıxarmaq aşağıdakı iki problemə yol açır:

  1. İflic insanlar ağrı hiss etdikdə mənim kimi qışqırmırlar. Buna baxmayaraq, onlar ağrını təcrübə edirlər. Bu zaman oxşar davranışın olmadığına görə “iflic insanların zehni yoxdur; onlar ağrını hiss etmirlər” deyə bilərikmi? Görünür, kimsə belə bir nəticə ilə razılaşa bilməz, çünki intuitiv olaraq hamılıqla qəbul edirik ki, onların da əli odda yananda bizim kimi davranış sərgiləməsələr də, ağrı təcrübəsini yaşayırlar.  
  2. İnsanlardan başqa digər canlıların da zehninin var olduğunu qəbul ediriksə (ki, görünür, intuitiv olaraq qəbul edirik), onda analogiya arqumenti ilə bunu necə əsaslandıra bilərik? Məsələn, bir siçovul iki ayağı üstə durub yeri qazır ki, yemək əldə etsin. Təbii ki, o bunu şüurlu şəkildə edir, yəni robot kimi proqramlaşdırılmayıb. Belə olduğu halda, onda bunu necə əsaslandıra bilərik? Analogiya arqumenti bunun üçün yetərli deyil, çünki siçovulun bizim kimi anatomiyası və davranışı yoxdur.

Deməli, analogiya arqumenti başqalarının zehninin varlığını isbat etmək üçün yetərli deyil. Ümumiyyətlə, analogiyada hansısa oxşar bir cəhətə görə ümumi bir qanun çıxarmaq düzgün hesab olunmur. Belə bir misala baxaq: siz bir qara maşının yük yerində pul olduğunu görürsünüz və belə nəticə çıxarırsınız ki, bütün qara maşınların yük yerində pul var. Təbii ki, belə bir nəticə çıxarmaq yanlışdır. Gəlin bu misalı daha yaxşı başa düşmək üçün onu aşağıdakı məntiqi sillogizm formasında göstərək:

  1. Əhmədin maşını qaradır və o maşının yük yerində pul var.
  2. Zaur və Muradın maşını qaradır.
  3. Deməli, Zaur və Muradın maşınlarının yük yerində pul var.

Gördüyümüz kimi, belə bir arqumentasiya yanlışdır, yəni maşının qara olduğu təqdirdə hökmən onun yük yerində pulun olmasını nəticə çıxarmaq yanlışdır. Biz ancaq Əhmədin maşınının yük yerini müşahidə edib orada pulun olduğunu görmüşük, amma digər maşınların yük yerini müşahidə etməmişik. Sadəcə hansısa bir oxşarlığa görə ümumi nəticə çıxarmışıq. Lakin sillogizmi belə qursaq, onda aşağıdakı kimi nəticə çıxara bilərik:

  1.  Bizim ölkədə müşahidələrə əsasən, qara maşınların yük yerində həmişə pul olur.
  2.  Zaur və Əhmədin maşını qaradır.
  3.  Deməli, Zaur və Əhmədin maşınlarının yük yerində pul var.

Burada tək bir oxşarlığa görə nəticə çıxarılmır. Əksinə, ümumi bir qanundan belə bir nəticə alırıq. Başqasının zehninin var olduğunu yalnız belə bir arqumentasiya olduqda isbat etmək olar. Lakin məni başqa zehinlərin varlığına aparan yol yalnız oxşar cəhətlərdir, oxşar cəhətlərdəki problemin nə olduğunu isə bir az öncə yuxarıda qeyd etdik.

2. “Ən yaxşı izah” arqumenti

Çağdaş zehin fəlsəfəsində başqa zehinlərin varlığını əsaslandırmaq üçün istifadə olunan arqumentlərdən biri də “ən yaxşı izah əsasında nəticəçıxarma” (the inference to the best explanation) arqumentidir. Bu arqumenti qısaca belə ifadə edə bilərik: mən öz düşüncələrim və təcrübələrimin fərqindəyəm; öz zehnimin varlığına inanıram. Mən bəzi hadisələri, insanların və heyvanların zahirdəki davranışlarını diqqətlə nəzərdən keçirəndə, məsələn, görürəm ki, bir insan ah-nalə edir və yaxud əlindəki çəkiclə harasa mismar vurur. Bu zaman təbii olaraq məndə belə bir sual yaranacaq: nə üçün bu insan ah-nalə edir və yaxud nə üçün əlindəki çəkiclə mismar vurur? Mən onların davranışlarının səbəbini aydınlaşdırmaq istəyəcəyəm. Görünür, onların davranışlarının səbəbini ən yaxşı şəkildə onların zehinə malik olması ilə izah etmək olar. Yəni onların zehinə malik olduğuna inandığıma görə onların davranışlarının səbəbini aydınlaşdırmaq istəyirəm. Zehinlərin olduğuna inanmasaydım, onların davranışlarının səbəbini araşdırmazdım. Deməli, onların davranışlarını izah edən başqa səbəb və ya səbəblər olsa da, ən yaxşı izah onların zehinə malik olması izahıdır.  Təsəvvür edək ki, bir şəxs əlini kəsdiyinə görə ah-nalə edir. Mən həmin şəxsə işarə edib nə üçün ah-nalə etdiyini soruşduqda, mənə ən azı iki cür izah verə bilər:

  1. çünki o ağrıyır və ağrı ah-naləyə səbəb olur.
  2. çünki o, əslində, zombidir; zehinsizdir və zehinsiz bir zombi əli kəsiləndə ah-nalə edir.

Birinci izah ikinci izahla müqayisədə daha aydın görünür. Buna görə də birinci izahın ən yaxşı izah olması bizə ona inanmağa əsas verir, yəni ah-nalə davranışnı həmin insanın zehinə sahib olması ilə izah edirik; zehni var deyə, belə edir. Başqalarının davranışlarının zehinə sabib olması ilə izah edilməsi (mind-explanation) onların zombi olması izahından (zomby-explanation) daha məqbul və aydın izah kimi görünür. Əslində, burada heç bir şəkk-şübhədən söhbət gedə bilməz, çünki insan başqa zehinlərə inanır. İnanmasaydı, bu izahın ən yaxşı izah olmasını qəbul etməzdi. Şübhəli olan isə insanın zombi olub ah-nalə etməsidir. Zehin vasitəsilə izahın ən yaxşı izah olması onu göstərir ki, zahirdə müşahidə olunan davranış zehinsiz baş verə bilməz. Skeptiklərin irəli sürdüyü irad o zaman doğru hesab olunar ki, insan hər iki tərəfə – zehinsiz baş verən davranış və ya zehinlə baş verən davranış – şübhə etsin. Halbuki burada şübhəli olan yalnız bir tərəfdir. O da zehinsiz baş verən davranışdır. Bu davranışı zehin izahı olmadan əsla qəbul etmək olmaz. Başqa sözlə desək, isbata daha çox ehtiyac duyulan şey davranışın zehinlə baş verməsi deyil, zehinsiz baş verməsidir. Əslində, başqasının hər hansı bir davranışını zehinsiz izah etmək praktiki olaraq qeyri-mümkündür. Deməli, başqasının davranışını zehin olmadan qəbul edən insan özünü çətinliyə salır, çünki bu zaman qəbuledilməz və sübuta ehtiyac duyulan bir fikir səsləndirmiş olur.

“Ən yaxşı izah” arqumenti tutarlı bir arqumentdirmi? Bu arqumentdə analogiya izləri varmı? Varsa, eyni irada bu arqument də məruz qalırmı? – Bu sualları açıq saxlayıb oxuculara həvalə edirik.  

Elbrus Kərimov

Qonaq yazar


[1] “Zombi” termini fəlsəfədə fərqli bir mənada işlədilir: fiziki baxımdan mənim kimi olan və mənim kimi davranan – hətta başqa zehinlər haqda və mənin zehnimin olduğu haqda danışan – amma hər hansı bir daxili təcrübəyə sahib olmayan insan. Belə bir varlığı metafizik olaraq təsəvvür etmək mümkündür.

Contact Us