Yazılar

Davamlı yuxu və gerçəklik

Bu yazıda fəlsəfədə müzakirə edilən maraqlı bir skeptik fərziyyədən – davamlı yuxu fərziyyəsindən söz açacağam. İlk öncə gəlin skeptisizim və skeptik fərziyyənin nə olduğuna baxaq, çünki yuxu fərziyyəsini anlamaq üçün buna gərək var.

Skeptisizm nədir?

Skeptisizmə qısa və konkret şəkildə tərif vermək istəsək, belə deyə bilərik: skeptisizm bilə bilməmək deməkdir, yəni istənilən növ biliyə – əsaslandırılmış doğru inama – şübhə ilə yanaşmaq deməkdir. Bu yanaşmaya əsasən, insanın bilik əldə etməsi qeyri-mümkündür, yəni insan heç bir zaman bilə bilməz ki, onun inamı doğrudur, ya yox.  

Skeptiklər öz hədəflərinə – “heç nə bilə bilmərik” – necə nail olurlar? Onlar buna “skeptik fərziyyə” dedikləri şeylə nail olurlar. Bu kimi fərziyyələr qurmaqla “bilik” adlanan nəsnəni şübhə altına alırlar. Bunu anlamaq üçün skeptik fərziyyələrin iki əsas özəlliyini nəzərdən keçirməliyik:

a. Skeptik fərziyyə elə bir senariyə deyilir ki, insan o senarinin içində olanda xarici aləmlə bağlı radikal bir dərəcədə aldadılır, yəni belə bir aldadılmaya məruz qalmadığı təqdirdəki idraki təcrübəsi ilə aldadılmağa məruz qaldığı təqdirdəki idraki təcrübə eyni görünür. Məsələn, tutalım ki, sizin qarşısınızda bir ağac var və ona baxırsınız; ona baxdıqda necə bir idraki təcrübə əldə edirsiniz? – O ağac özünü sizə müəyyən bir şəkildə aşkar etdiyindən həmin ağacın varlığından agah olursunuz, belə bir ağacın olduğunu bilirsiniz. Eyni qaydada, skeptik bir fərziyyənin qurduğu senarinin içərisində olanda da eyni şəkildə – nə az, nə də çox – o ağacı idrak edirsiniz; qarşısınızda bir ağac var və ona baxırsınız. İdraki təcrübə hər iki halda da eynidir və zərrə qədər belə bir-birindən fərqlənmir; ağacla bağlı idraki təcrübəmiz skeptik senaridən qabaq necədirsə, skeptik senaridən sonra da elədir. Çox güman ki, Matriks filmini izləmisiniz. O filmdə Neo belə bir senariyə məruz qalır; o elə sanır ki, real və xarici dünya ilə təmasdadır, halbuki o öz yerindən heç yerə tərpənmədən ona xarici aləmlə bağlı real görünən təcrübələr ötürülür. Deməli, skeptik fərziyyə bizim üçün elə bir senari qurur ki, onun yalan olduğunu bilə bilmirik, yəni Neon kimi skeptik bir fərziyyənin qurbanı olmadığımızı bilə bilmirik, çünki gerçəkliklə illüziya arasında idraki təcrübənin necəliyi baxımından heç bir fərq qalmır, ikisi də eyni cürdür.

b. Əgər biz skeptik fərziyyələrin yalan olduğunu bilməsək, deməli, elə də çox şey bilə bilmərik. Məsələn, mən hal-hazırda masa arxasında oturub bu məqaləni yazdığımı düşünürəm. Amma fərz etsək ki, hər hansı bir skeptik fərziyyənin qurbanı olmadığımı bilmirəm, habelə fərz etsək ki, əgər skeptik fərziyyənin qurbanı olsaydım belə, yenə də vəziyyət mənə eyni şəkildə görünəcəkdi: “hal-hazırda masa arxasında oturub bu məqaləni yazıram”. Canalıcı sual belədir: hardan bilə bilərəm ki, “hal-hazırda masa arxasında oturub bu məqaləni yazıram?” Birdən Neo kimi mən də, sən demə, Matriksin içərisindəyəm; nəinki real dünyada öz evimdə masa arxasında oturub bu məqaləmi yazıram. Beləliklə, mən Matriksdə olmadığımı bilmirəm. Əgər mən Matriksdəyəmsə, onda böyük bir ehtimalla mən hal-hazırda masa arxasında oturub bu məqaləni yazmıram. Deməli, əgər mən Matriksdə olmadığımı bilmirəmsə, onda hal-hazırda masa arxasında oturub bu məqaləni yazdığımı da bilmirəm. Eyni qaydada bu, xarici aləmlə bağlı bildiyimi düşündüyüm hər bir şey haqda da keçərlidir.

Davamlı yuxu fərziyyəsi nədir?

Davamlı yuxu fərziyyəsi də skepktik fərziyyələrdən biridir. Bu fərziyyəni qabardan fransız filosof Rene Dekart olub. O özünün “Meditasiyalar” əsərində davamlı yuxu fərziyyəsinə toxunub. Biz hardan bilirik ki, hal-hazırda davamlı bir yuxuda deyilik? Qayıdaq yuxarıdakı misalımıza: tutaq ki, hal-hazırda masa arxasında oturub bu məqaləni yazıram, birdən yuxudan oyanıb bunun bir yuxu olduğunu görürəm. Halbuki bu yuxunu gördüyüm vaxt bunun gerçək olduğunu düşünürdüm. Mən yuxuda ikən masa arxasında oturub bu məqaləni yazdığımı düşünəndə, sən demə, öz yatağımda uzanıb yatırdım. Oyaqlıqdakı idraki təcrübəm necədirsə, yuxudakı idraki təcrübəm də elədir; bu iki idraki təcrübə hər iki halda da eyni şəkildə görünür və bu ikisini bir-birindən ayırd etmək üçün obyektiv bir meyar yoxdur. Elə isə hal-hazırda davamlı bir yuxunun içində olmadığımı necə bilə bilərəm? Davamlı yuxu fərziyyəsi də digər hər bir skeptik fərziyyə kimi iki özəlliyə malikdir:

a. Biz davamlı yuxuda olmadığımızı bilə bilmərik, çünki oyaqlıq halı ilə yuxu halı arasında idraki təcrübənin necəliyi baxımından, görünür, heç bir fərq yoxdur. Oyaq ikən alma yeyəndə necə bir idraki təcrübə keçiririksə, yuxuda da olanda alma yedikdə eyni cür idraki təcrübə keçirik. Hər iki təcrübə də bir-birinə oxşayır.

b. Nə qədər ki biz davamlı yuxuda olmadığımızı bilmirik, deməli, biz elə də çox şey bilə bilmərik. Məsələn, hal-hazırda masa arxasında oturub bu məqaləni yazdığımı bilə bilmirəm. Davamlı bir yuxunun içərisində olsam, onda necə? Yenə də öz evimdə masa arxasında oturub bu məqaləni yazacaqdım? Aydındır ki, xeyr, indi öz yatağımda uzanıb yatmaqda olacaqdım. Beləliklə, hal-hazırda masa arxasında oturub bu məqaləni yazdığımı bilmirəm. Əgər mən davamlı bir yuxudayamsa, onda böyük bir ehtimalla mən hal-hazırda masa arxasında oturub bu məqaləni yazmıram. Deməli, əgər mən davamlı bir yuxuda olmadığımı bilmirəmsə, onda hal-hazırda masa arxasında oturub bu məqaləni yazdığımı da bilmirəm. Eyni qaydada bu, xarici aləmlə bağlı bildiyimi düşündüyüm hər bir şey haqda da keçərlidir.

Mülahizələr

Davamlı yuxu fərziyyəsi biliklərimiz üçün nə qədər təhlükə hesab olunur? Tutaq ki, biz hal-hazırda davamlı bir yuxunun içindəyik. Bu zaman biz nəyisə bilə bilmərikmi? Heç bir inamımızın doğru olduğunu deyə bilmərikmi? Aydındır ki, bu skeptik fərziyyənin gücü o qədər deyil ki, bizim bütün biliklərimizi sual altına apara bilsin. Bir az düşünsəniz, təsdiqləyərsiniz ki, davamlı yuxu fərziyyəsi bizim sadəcə hissi biliklərimizi sual altına apara bilər, əlbəttə, əgər apara bilsə! Davamlı yuxu fərziyyəsi bizim görmə, eşitmə, iybilmə, qoxubilmə və toxunma vasitəsilə əldə etdiyimiz bilikləri hədəfə alır. Amma, görəsən, “2+2=4” kimi bir biliyimizi də hədəfə ala bilirmi? “Hər hansı bir şey eyni zamanda həm var, həm də yox ola bilməz” və ya “Mən varam” biliyini necə? Cavab birmənalı olaraq mənfidir; davamlı yuxu fərziyyəsinin buna gücü çatmır. Deməli, davamlı yuxu fərziyyəsi əqli biliklər üçün deyil, uzaqbaşı, hissi biliklər üçün təhlükəli hesab oluna bilər. Amma göstərəcəyimiz kimi, davamlı yuxu senarisi doğru olsa belə, heç bu da təhlükəli hesab olunmur.    

İndi isə gəlin bu fərziyyənin nə qədər məntiqli olub-olmadığına baxaq. Filosoflar davamlı yuxu fərziyyəsi ilə bağlı bir çox iradlar səsləndiriblər. Mən burada bir neçə iradı qeyd etməklə kifayətlənəcəyəm:

1. Davamlı yuxu dedikdə nə nəzərdə tutulur? Aydındır ki, bu, mütləq yuxu ola bilməz, çünki oyaqlıq adlı heç bir gerçəkliyin olmadığı bir yuxu – yəni “mütləq yuxu” – anlayışı ziddiyyətli anlayışdır; oyaqlıq var deyə yuxu anlam ifadə edir, çünki oyaqlıq gerçəyi olmalıdır ki, onun əksi olan yuxu da olsun, yəni yuxudan qabaq hökmən oyaqlıq halı olmalıdır ki, ondan sonra yuxu baş verə bilsin. Əgər belə bir oyaqlıq halı yoxdursa, onda bu yuxu nəyin yuxusu olacaq? Dediyimiz kimi, yuxu oyaqlıq gerçəyinin yuxusudur. Özü özünün yuxusu nə anlam ifadə edə bilər ki? Deməli, davamlı yuxu fərziyyəsində mütləq yuxudan yox, nisbi yuxudan söhbət gedir.

2. Nə üçün yuxuda olarkən kimsə yuxuda olduğunu, real dünyada olmadığını düşünmür? Hamımız bir nəfər kimi real dünyada olduğumuzu sanırıq. Bu o deməkdir ki, oyaq olduğumuz zaman əşyalar bizə necə görsənirdisə, yuxuda olduğumuz zaman da eyni şəkildə bizə görsənir, yəni hər iki konteksdə də – oyaqlıq və yuxu – əşyalarla bağlı idraki təcrübəmiz eyni şəkildə nəzərə çarpır. Bəs onda reallığı necə ayırd edirik? Hardan bilirik ki, hansı biri real, hansı biri isə qeyri-realdır? Bəzi filosofların haqlı olaraq qeyd etdiyi kimi, bunu ayırd etməyin yeganə yolu kontekstləri bir-birilə müqayisə etməkdir. Yəni bir konteksi başqa bir kontekstlə müqayisə edəndə, birini real, o birini isə qeyri-real olaraq dəyərləndiririk. Amma nə qədər ki müqayisə aparmamışıq, içində olduğumuz kontekst bizə real olaraq görsənəcəkdir və görsənir də. Biz oyaqlığı yuxu ilə müqayisə edirik deyə, birincini real, ikincini isə qeyri-real hesab edirik. Amma belə bir müqayisə aparmadığımız təqdirdə, yəni, məsələn, yuxu kontekstində olduğumuz təqdirdə, elə yuxu dünyasını real olaraq qəbul edirik. Kimsə etiraz olaraq desə ki, axı bu, yuxudur, real deyil, necə onu real sana bilərik? Bu etirazı edən bir az öncə qeyd olunan qaydanı unudur, çünki bu etirazı edən şəxs yuxu kontekstini oyaqlıq konteksti ilə müqayisə edərək ikincini real, birincini isə qeyri-real hesab edir deyə, yuxunu real olaraq qəbul edə bilmir. Hətta kimsə bu deyilən yanaşmanı “gerçəkliyi nisbi həqiqət olaraq qələmə verir” deyə tənqid edə bilməz, çünki gerçəkliyin nisbi olması üçün, mütləq, müqayisə aparmalıyıq. Halbuki fərzimizə görə, bir konteksti o biri kontekstlə müqayisə etmirik. (Bax: E. İmanlı, “Epiqram”, səh. 134-135)

3. Lap tutaq ki, biz hal-hazırda davamlı bir yuxunun içərisindəyik. Bu zaman nə dəyişəcək? Yediyimiz almanın dadı ilə bağlı idraki təcrübəmizmi dəyişəcək, məgər oyaq olanda yediyimiz almanın dadı ilə bağlı idraki təcrübəmiz fərqli idi ki? Xeyr, fərzimizə görə, hər iki idraki təcrübə bizim üçün eyni dərəcədə aşkarlanır; oyaq ikən necə dad alırdıqsa, yuxuda ikən də eyni dadı alırıq. Yaxşı, onda bəs problem hardadır? Görünür, heç bir şey dəyişməyəcək, yəni hissi biliklərimiz yenə də öz qüvvəsində qalacaq; yenə də mən hal-hazırda öz evimdə oturub masa arxasında bu məqaləni yazıram və mənim bu haqdakı inamım da doğrudur. Masam yenə də masadır, evim yenə də evdir, yediyim almanın dadı yenə eyni daddır və s. Bəs dəyişən nədir? – Avstriyalı zehin filosofu Deyvid Çalmerzin dili ilə desək, metafizikamızın növü dəyişir. Sadə dildə desək, gerçəkliyin növü dəyişir, amma gerçəklik yenə də gerçəklik olaraq öz yerində qalır.   

Elgün Rəhimli

Aqora Fəlsəfə Akademiyasının üzvü

Contact Us