Yazılar

Dekart: “Düşünürəm, deməli, varam”.

Dekart rasional filosofların əsas fiqurlarından və Avropada fəlsəfi inqilabın qurucularından biri olub. O öz fəlsəfəsinə dağıdıcı, fırtınalı şəkk ilə başladı, çünki düşüncələr daim bir-birilə toqquşurlar, odur ki yanlışlığa məruz qala bilərlər. Duyğular çox vaxt aldadıcıdırlar. Deməli, onlar da etibarsızdır. Beləcə şəkk qasırğası əsərək həm maddi, həm də qeyri-maddi dünyanı kökündən qoparır; nə qədər ki o iki dünyaya gedən yol düşüncə və duyğudan keçir.

Dekart bu qlobal şəkkin zəruriliyini vurğulayaraq onun məntiqli olduğunu belə əsaslandırır ki, insan onun varlıq və ağlına hakim kəsilən, onu aldatmağa, azdırmağa çalışan bir qüvvənin təsiri altında ola bilər; həmin qüvvə ona gerçəkliklə bağlı tam tərsinə düşüncələr və yanlış idraklar təlqin edə bilər. Bu düşüncə və idraklar nə qədər aydın olsa da, bizi skeptisizmi yayğın bir yanaşma kimi qəbul etməyə sövq edən bu fərzi kənara qoya bilmərik.     

Amma Dekart bu qasırğanın qarşısında müqavimət göstərən və şəkk dalğalarının yerindən tərpədə bilmədiyi bir həqiqəti istisna edir. Bu onun “düşüncə”sidir; düşüncə heç bir şəkkə məruz qalmayan real bir həqiqətdir, şəkk isə sadəcə onun səbatlığını və aydınlığını artıra bilər, çünki şəkk düşüncənin növlərindən biridir. Hətta həmin aldadıcı qüvvə mövcud olsa belə, o bizi bu düşüncəyə inanmağımızda aldada bilməz, ona görə ki, o bizə yanlış düşüncə təlqin etməklə bizi aldada bilər. Bu isə o deməkdir ki, düşünmək hər bir halda sabit olan bir həqiqətdir; insan düşüncəsi problemi istər aldatma və azdırma şəklində ortaya qoyulsun, istərsə də anlama və araşdırma şəklində.

Dekart fəlsəfəsindəki bu həqiqət insanı təsəvvürdən varlığa, subyektivlikdən obyektivliyə doğru çıxaran fəlsəfi yəqinin təməl daşını, çıxış nöqtəsini formalaşdırır. Dekart həmin həqiqətin köməyi ilə həm subyekti, həm də obyekti isbat etməyə çalışdı. O ilk olaraq özündən başlayıb həmin həqiqətlə öz varlığını əsaslandıraraq belə dedi: “Düşünürəm, deməli, varam”.

Dekartın bu əsaslandırmasına belə bir irad edilə bilər ki, bu əsaslandırma – qeyri-şüurlu şəkildə – onun qənaətincə, hələ də şəkkə məruz qalan həqiqətlərə inamı özündə ehtiva edir. Çünki bu əsaslandırma Aristotel məntiqindəki sillogizmin birinci fiqurunun qeyri-texniki ifadəsidir. Onun texniki ifadəsi isə belədir:

  • Düşünürəm.
  • Hər bir düşünən var.
  • Deməli, varam.

Dekarta görə belə bir əsaslandırmanın doğru ola bilməsi üçün o həm məntiqə, həm sillogizmin birinci fiqurunun nəticəçıxarmasına, həm də bu nəticəçıxarmanın düzgün olmasına inanmalıdır. Halbuki Dekart hələ də ilk pillədədir, şəkk məntiq və onun qanunları da daxil olmaqla bütün bilik və həqiqətlər müstəvisində onun ağlına hələ də hakimdir.

Amma qeyd etməliyik ki, Dekart “Düşünürəm, deməli, varam”, – deyə düşünərək əsaslandırma mərhələsinə başladığı zaman məntiqdəki sillogizm fiqurlarına inanmağa ehtiyac duymurdu. Əksinə, o, hesab edirdi ki, öz varlığını öz düşüncəsi vasitəsi ilə bilməsi sillogizm qurub onun kiçik və böyük müqəddimələrini təsdiqləməyə ehtiyac duymayan aksiom bir məsələdir.

Bu hökm şəkk edilə bilməyəcək şəkildə aksiom olduğuna görə doğru olduğundan belə bir aksiomluq dərəcəsində olan hər bir hökm də doğru olacaq. Beləcə, başqa bir hökmü birinci aksiom hökmə əlavə edərək onun da həqiqət olduğunu qəbul etdi: “Varlıq yoxluqdan yarana bilməz”.

O, subyektivliyə inanandan sonra obyektiv gerçəkliyi isbat etməyə başladı və insanın düşüncələrini üç qrupda təsnifləşdirdi:

1. Fitri düşüncələr; insandakı apaydın nəzərə çarpan təbii düşüncələrdən ibarətdir: “Tanrı”, “hərəkət”, “ölçü” və “nəfs” kimi.

2. Kənardan duyğulara müdaxilə edən hərəkətlər sayəsində zehində yaranan mürəkkən düşüncələr; onlar öncədən insan zehnində mövcud olmayan düşüncələrdir.

3. Uydurma düşüncələr; insanın özünün uydurduğu və digər düşüncələrindən alaraq sintez etdiyi düşüncələrdir: “iki başlı insan” təsviri kimi.

Dekart hər şeydən əvvəl birinci qrupdan olan “Tanrı” düşüncəsi ilə başlayaraq onun obyektiv həqiqətə malik olan bir düşüncə kimi dəyərləndirdi, çünki “Tanrı” düşüncəsi öz obyektiv həqiqətində düşünən insanın və onun düşüncələrinin fövqündədir, ona görə ki, insan naqis və məhduddur, “Tanrı” düşüncəsi isə heç bir sonu olmayan “mütləq kamil” düşüncəsidir. Dekart öncədən varlığın yoxluqdan yarana bilməyəcəyinə inandığı üçün bildi ki, bu fitri formanın onun düşüncəsində bir səbəbi var və onun özü bunun səbəbi ola bilməz, çünki Tanrı düşüncəsi ondan daha böyük və daha kamildir və nəticə isə öz səbəbindən daha böyük ola bilməz. Əks halda, nəticədəki artıqlıq yoxluqdan yaranmış olacaq. Deməli, Tanrı düşüncəsi onunla kamal və əzəmət baxımından eyni səviyyədə olan sonsuz varlıqdan qaynaqlanmalıdır. Həmin varlıq Dekart fəlsəfəsinin qəbul etdiyi ilk xarici obyektiv həqiqətdir – Tanrı.

O bu mütləq kamil olan varlıqla isbat etdi ki, insan təbiətindəki hər bir fitri düşüncə obyektiv həqiqəti özündə ehtiva edən doğru bir düşüncədir. Çünki rasional düşüncələr – birinci qrup – Tanrıdan qaynaqlanır. Əgər onlar doğru olmasa, o zaman Tanrının insanı onlarla təczih etməsi aldatma hesab olunardı, bunun mütləq kamildən baş verməsi isə qeyri-mümkündür. Buna görə də Dekart insanın fitri – rasional – biliyinin olduğuna və onun doğru bir bilik olduğuna inandı və xarici səbəblərdən qaynaqlanan digər qeyri-fitri düşüncələrə isə inanmadı. Nəticədə maddi nəsnələrlə bağlı düşüncələri iki qismə ayırdı:

Birincisi, fitri düşüncələr: “ölçü” kimi;

İkincisi, xarici təsirlərlə insan üçün hasil olan xüsusi təsirlənmələri əks etdirən törəmə düşüncələr: “səs”, “qoxu”, “işıq”, “dad”, “istilik” və “rəng” düşüncəsi kimi.

Birinci qrup gerçək birinci dərəcəli keyfiyyətlərdir, ikinci qrup isə obyektiv həqiqətləri əks etdirməyən ikinci dərəcəli keyfiyyətlərdir; onlar sadəcə subyektiv təsirlənmələrdə üzə çıxırlar, onlar xarici cisimlərin təsiri ilə zehin dünyasında bir-birlərini izləyib təzahür edən mental (zehni) formalardır və həmin cisimlərdən heç biri onlara oxşamır.

Bu, Dekartın idrak nəzəriyyəsinin olduqca qısa təqdimatı idi.

Hər bir şeydən əvvəl bilməliyik ki, Dekartın öz yanaşmasını və fəlsəfi yəqinini üzərində qurduğu əsas təməl – “Düşünürəm, deməli, varam” – ondan əsrlər öncə İslam fəlsəfəsində dağıdılıb. İbn Sina bu təməli irəli sürərək tənqid edib: bu təməl düşünən insanın özünün varlığı üçün fəlsəfi arqument hesab oluna bilməz; insan öz varlığını öz düşüncəsi ilə isbat edə bilməz, çünki o: “Düşünürəm, deməli, varam” deyərkən sadəcə öz “xüsusi düşüncə”si ilə öz varlığını isbat etmək istəsə, bu zaman öz xüsusi varlığını əvvəlcədən isbat etmiş olacaq və elə həmin birinci cümlədə öz varlığını etiraf etmiş olacaq. Yox, əgər “mütləq düşüncə” ilə öz varlığını isbat etmək istəsə, bu yanlışdır, çünki mütləq düşüncə xüsusi düşünəni yox, mütləq düşünən birinin varlığını şərtləndirir. Deməli, hər bir düşünənin xüsusi varlığı – bütün mülahizələri, o cümlədən şəkk və düşüncəni nəzərə almadan – ilkin (aksiom) olaraq onun özü üçün bilinməlidir.

Daha sonra görürük ki, Dekart bütün varlıq sarayını bir nöqtənin üzərində qurur: Tanrının insanda yaratdığı düşüncələr obyektiv həqiqətləri bildirir; əgər onlar doğru olmasalar, onda Tanrı aldadıcı olacaq, aldatmanın isə Ondan baş verməsi qeyri-mümkündür.

Biz asanlıqla Dekartın sübutundakı nəzəri biliklə əməli biliyin bir-birilə səhv salındığını görə bilərik, çünki “aldatma qeyri-mümkündür”, – hökmü “aldatma pisdir”, – hökmünün qeyri-dəqiq tərcüməsidir. Bu hökm fəlsəfi hökm deyil, o sadəcə əməli bir düşüncədir. Necə oldu ki, Dekart hər bir şeydə şəkk etdi, amma nəzəri fəlsəfi biliyin təməli olaraq qəbul etdiyi bu əməli bilikdə şəkk etmədi?!

Bundan əlavə, Dekartın yanaşmasında bilik silsiləsi özündə açıq-aşkar qapalı dairə problemini ehtiva edir, çünki o, Tanrının varlığına inananda bu öz inamını öncədən doğruluğunu fərz etdiyi bir hökm üzərində qurdu: “Varlıq yoxluqdan yarana bilməz”. Bu hökm isə öz növbəsində doğruluğunun təzmin olunması üçün Tanrının varlığının isbat edilməsinə ehtiyac duyur. Nə qədər ki insanın aldatmayan hikmət sahibi bir qüvvənin nəzarəti altında olması sübuta yetirilməyib, Dekart bu hökmə əmin olub insan düşüncəsinin aldadıcı qüvvənin təsiri altında olması ilə bağlı şəkkini aradan qaldıra bilməz.

Sonda onu da qeyd etmək lazımdır ki, Dekart “Tanrı düşüncəsi” ilə “həmin düşüncənin bildirdiyi obyektiv həqiqət”i bir-birilə qarışdırıb, belə ki, o bu düşüncənin insandan qaynaqlanmasının qeyri-mümkünlüyünə inanmışdı, ona görə ki, bu düşüncə insandan daha böyükdür. Halbuki bu düşüncə insanın düşüncəsindən artıq (daha böyük) deyil, insan üçün qeyri-mümkün olan şey bu düşüncənin obyektiv həqiqətini yaratmasıdır.             

Məhəmmədbaqir Sədr

Mənbə: “Fəlsəfəmiz” kitabı, səh. 130-134

Ərəb dilindən tərcümə: Emin İmanlı

Aqora Fəlsəfə Akademiyasının təsisçi və baş redaktoru

Contact Us