Yazılar

Filosofla müzakirəm: azad iradə varmı?

Qarşınızdakı bu kiçik dialoq mənim bir müddət öncə analitik fəlsəfə ənənəsinə mənsub olan bir filosofa “azad iradə” mövzusunda ünvanladığım fəlsəfi suallarımdır. Bu sual-cavabı olduğu kimi tərcümə edib, sizə təqdim edirəm:   

Mən: Azad iradə ilə bağlı şəxsi görüşünüz mənim üçün maraqlıdır. Bilmək istərdim ki, siz azad iradənin varlığını qəbul edirsinizmi? Öz arqumentinizi qısaca mənim üçün izah edə bilərsiniz?

Filosof: Çətin bir sual soruşmusunuz! Qeyd etməliyəm ki, illərdir zehnimi məşğul edən bu sualınız üçün hələlik bir cavabım yoxdur. Əlbəttə, onu da deyim ki, “azad iradə”ni bəzilərinin düşündüyü kimi ziddiyyətli anlayış hesab etmirəm, indiyədək belə bir nəticəyə çatmamışam. Amma etiraf etməliyəm ki, bu sual üçün bir cavabım yoxdur.

Azad iradə problemi, Şopenhaverin təsvir etdiyi kimi, belədir: Görəsən, hər hansı xüsusi bir aktı həyata keçirməyi iradə etmək özü başqa bir iradədən asılıdır, ya yox? Əgər asılı deyilsə, onda həmin akt iradi deyil, determinikdir (cəbri). Yox, əgər asılıdırsa, onda iradələrin sonsuz silsiləsi problemi qarşıya gəlir ki, bu da qeyri-mümkündür.  

Mən: Belə bir əsaslandırma var ki, biz introspeksiya (daxili müşahidə) ilə bunun fərqinə varırıq ki, öz şəxsi aktlarımızı həyata keçirən elə özümüzük, başqası deyil; kənardan bizə keç bir müdaxilə olunmur.

Filosof: Azad iradə problemi bu deyil. Aydındır ki, bizim iradi aktlarımız var və bu aktlar kənardan bizə yüklənmir; biz apaydın şəkildə bunun fərqindəyik. Buradakı problem bu aktlardan öncə gələn iradənin özüdür. Bu iradənin özü necə yaranır? Bu iradənin özü bizdə öncəki iradə olmadan yaranır, yoxsa iradə ilə yaranır? Əgər öncəki iradə olmadan yaranırsa, onda determinizmlə (cəbrilik) üzləşirik. Yox, əgər başqa bir iradə həmin iradəni yaradırsa, onda da “sonsuz silsilə” problemi ilə üzləşirik.

Mən: İradənin özü eynilə Tanrının iradəsi kimi zati ola bilməzmi? Zati olanda, aydın olur ki, zati olan nəsnə səbəbə ehtiyac duymur. Görünür, “Bu iradənin özü bizdə öncəki iradə olmadan yaranır”, – cümləsini iki cür anlamaq olar: 1) zati şəkildə, yəni iradənin özü, əslində, zəruri varlıq kimi öz iradi olmasında səbəbə ehtiyac duymur. İradənin özü başqa şeydən deyil, elə özündən qaynaqlanır. 2) qeyri-zati şəkildə, yəni iradə öz iradi olmasını özündən deyil, başqasından əldə edir. Determinizm fərzi birinci yox, ikinci versiyada qarşıya gəlir.

Filosof: Əgər iradə nəfsin (“mən”in) zati xassəsi olsa, onda bu yenə də determinizmlə nəticələnəcək. Mən bu aktı həyata keçirirəm, çünki bunu iradə etmək mənim zati xassəmdir və mən bundan yayına bilmərəm.

Diqqət edin, problem universal iradəni nəfsin zati xassəsi olduğunu hesab etməkdə deyil. Problem partikular (fərdi) iradələrlə bağlıdır. Məsələn, mənim hal-hazırda yazmağımı iradə etməyim kimi. Əgər bu iradə zati bir xassə olsa, onda bu aktdan yayınmaq mümkün olmayacaq.

Mən: Tanrı iradə edəndə, onun bu iradəsi kənardan ona yüklənir, yoxsa onun öz zatından qaynaqlanır? Yəni öz zatından qaynaqlanmaq həmişə determinizmi şərtləndirir? Ümumiyyətlə, azad iradə metafizik mümkünlük baxımından təsəvvür edilə biləndir, ya yox? Əgər təsəvvür edilə biləndirsə, onda nə üçün belə bir mümkünlüyü gerçəkləşmiş fərz etməyək? Demək istəyirəm ki, ola bilsin, iradənin zati xassə olması ilə bağlı elə bir təsvir var ki, həmin təsvir iradənin azadlığını təmin edə bilir. Bizim belə bir təsviri təsəvvür edə bilməməyimiz o demək deyil ki, belə bir təsvir yoxdur. Ola bilsin, var, amma bizim xəbərimiz yoxdur.

Filosof: Mən sadəcə problemin qoyuluş tərini izah edirəm. Qeyd etdiyim kimi, bu məsələ mənim üçün indiyədək həlledilməz olaraq qalıb. Sual elə budur: əgər (universal deyil,) partikular iradənin zati xassə olması ilə bağlı başqa bir təsvir varsa, o təsvir nədir?

Mən: Sizcə, bu hal qeyri-mümkündür ki, belə bir təsvir var, amma bizim ondan xəbərimiz yoxdur?

Filosof: Xeyr, qeyri-mümkün deyil. Sual odur ki, bu təsvir hansı təsvirdir? Mən indiyədək bunun üçün qaneedici bir cavab tapmamışam.

Mən: “Universal iradə” dedikdə, nəyi nəzərdə tutursunuz? Nə üçün azad iradə probleminin qoyuluşunda partikular iradə vurğulanır?

Filosof: Çünki determinizm və sonsuz silsilə problemi partikular iradədə özünü daha yaxşı göstərir, halbuki iradə etmənin özündə (universal iradə) özünü aydın şəkildə göstərmir. Bu deyimi çox eşitmisiniz: “biz azad iradə sahibi olmaqda məcburuq”. Bu deyim universal iradə (iradə etmənin özü) ilə bağlıdır. Əgər sizə belə deyilsə ki, siz hal-hazırda yazmağınızı iradə etməyinizdə məcbursunuz, onda bunun determinizmdən başqa bir mənası olmayacaq. Əlbəttə, mən hesab edirəm ki, nəticə etibarilə universal iradə də partikular iradə problemi ilə üzləşir.  

Mən: Mən sizin dediklərinizdən iradənin zati xassə olmasını belə anladım: mənim öz var olmağımda heç bir azadlığım olmadığı kimi, öz partikular iradələrimdə də heç bir azadlığım yoxdur. Sanki iradə də varlıq kimi determinik olaraq gerçəkləşməlidir, yəni gerçəklik bir gerçəklik kimi (mütləq gerçəklik) mövcud olmaya bilməz, mövcud olmalıdır və mövcud olub-olmamaqda heç bir azadlığa sahib deyil. Eyni qaydada, iradə də gerçəkləşməlidir və iradi olub-olmamasında heç bir azadlığa malik deyil.

Filosof: Bəli, eynilə belədir.  

Mən: Bu dediklərinizdən çıxış edərək, sizin azad iradə ilə bağlı mövqeyiniz nədir? Skeptikdir, yoxsa aqnostik? Zənnimcə, skeptikdir. Doğrudurmu? Mənim üçün daha önəmli sual budur: azad iradə olmadıqda (istər azad iradəni inkar edək, istər ona qarşı skeptik yanaşaq, istərsə də aqnostik) birincisi, əxlaq və hüququn taleyi necə olacaq? İkincisi – bu, mənə görə, daha önəmlidir – bizim həqiqəti tapmaq (doğru fikirlərə çatmaq) məqsədi ilə həyata keçirdiyimiz fəlsəfələməyimizin taleyi necə olacaq? Həqiqətən də, qəribədir ki, bizim hər birimiz fəlsəfələyərkən determinik olaraq bir sıra fikirlərə inanırıq. Daha maraqlısı odur ki, azad iradənin lehinə və ya əleyhinə arqument gətirən şəxslər də bunu determinik şəkildə həyata keçirirlər. Daha məzəlisi isə odur ki, bizim bayaqdan etdiyimiz bu müzakirə də determinik şəkildə həyata keçir. Sizcə, bu zaman bizim fəlsəfələməyimizin və gəldiyimiz qənaətlərimizin epistemik dəyəri olacaqmı?

Filosof: Mənim mövqeyim aqnostik deyil. Mən sadəcə şəkk və tərəddüd içindəyəm. Mənim problemim situasiyanın fövqəladə dərəcədə mürəkkəb olmasıdır.

Bəli, əgər insan aktlarını determinik şəkildə həyata keçirərsə, bu zaman əxlaq və hüquq üçün problem yaranacaq. Bu məsələni cavablandırmağa çalışan şəxslərin fəlsəfələməsi üçün isə heç bir problem qarşıya gəlmir. İnam iradi bir akt deyil ki, determinizm və azad iradənin təsirinə məruz qalmış olsun.

Mən: Deməli, sizə görə, azad iradə fəlsəfələməyin önşərti deyil; determinizmlə də uzlaşa bilər. Doğrudur?

Filosof: Bəli, əgər inam iradi olsaydı, o zaman problem yaranardı. Determinizmin biliyin gerçəkləşib-gerçəkləşməməsi ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.        

Emin İmanlı

Aqora Fəlsəfə Akademiyasının təsisçi və baş redaktoru

Contact Us