Yazılar

Həqiqətin mənaları haqda

Çox olub, məndən “mənə həqiqəti de!” – deyə soruşublar. Xüsusən də həyatı – düşüncələri, inamları ilə bağlı ağır burulğan dönəmi yaşamaqda olan şəxslərdən bu sözü eşidəndə, ürəyimdə demişəm ki, kaş belə bir istəyi gerçəkləşdirə biləcək biri olardı, mən də ondan soruşardım. Əlbəttə, kimsə gəlib qarşımda durub səbəbsiz yerə məndən bu sualı soruşmayıb, müəyyən bir durumda – dərsdə, müzakirədə və s. bu kimi hallarda bu sərt “mənə həqiqəti de! Həqiqət nədir?” – sualına tuş gəlmişəm. Bu sualı belə sərt edən şəxsin durumunu izah etmək istəsəm, belə deyə bilərəm ki, bu halda şəxs hər şeyi sonlandıracaq bir şeyi, həyatında bütün problemlərdən qurtularaq ah çəkib rahatlayacaq bir şeyi istəyir.

Hərçənd, həqiqətin nə olduğunu insana bütövlüyü ilə çatdıra biləcək bir tərif yoxdur; məncə, bu heç mümkün də deyil. Amma anlaşıla bilən bir geniş mənada biz “həqiqət” deyəndə, aydın bir məna başa düşürük.

Həqiqət haqda danışmazdan öncə insan həqiqət münasibətində bir önfərzi vurğulamaq yerinə düşər. Belə ki, insan hər hansı düşüncəyə dair qaneedici bir bütövlük, bir son qənaət istədikdə həqiqət anlayışından istifadə edir. Başqa sözlə, həqiqət anlayışı yalnız qaneedici bir bütövlük, son qənaət önfərzi ilə anlam ifadə edir. Məsələn, Hadı ölümdən sonra həyata dair bir bütövlüyə çatmaq istədikdə, həqiqət anlayışından istifadə edir; “bunun həqiqəti nədir, mən bu məsələnin həqiqətini bilmək istəyirəm”, – deyir. Burada Hadının istədiyi, ölümdən sonra həyatın olub-olmamasına dair qaneedici bir cavab – bir bilikdir. Ola bilər, Hadı bir cavab tapıb qane olsun və beş il sonra eyni məsələyə dair daha da yeni suallarla üzləşsin. Bu zaman yenə də eyni vəziyyət yaranacaq; Hadı həqiqəti bilmək istəyəcək. Amma Hadının diqqətindən yayındığı yer, istifadə etdiyi həqiqətin nə mənada olduğunu və neçə mənadan ibarət ola biləcəyini bilməməsidir. Bu yazıda həqiqətin mənaları haqda danışacağam.

Məntiqi mənada həqiqət:

Həqiqətin ən asan anlaşılan mənası məntiqi mənada olan həqiqətdir.

– “Mən qarşımda bir kitab rəfi görürəm”.

Verilən bu cümlənin doğruluğunu bir inam olaraq dəyərləndirdikdə, əgər mənim bu sözümün doğruluğuna çatsaq, bu zaman “Hadı qarşısında bir kitab rəfi görür”, – inamının doğruluğunu “Hadının dediyi həqiqətdir”, – cümləsi şəklində dəyərləndirərək, burada həqiqətin doğruluq mənasında işlədildiyini – yəni məntiqi mənasını görmək olar.

Doğru – gerçəkliklə uyğun olan, onunla üst-üstə düşəndir. Buna görə də adətən sözügedən vəziyyət “Hadının dediyi həqiqətə uyğundur” kimi də dəyərləndirilə bilər. Burada “həqiqətə uyğundur” hissəsi (məntiqi dillə desək, predikatı) doğruluğu, yəni “(Hadının dediyi) həqiqətdir”i göstərir. Burada “həqiqətə uyğundur”dakı “həqiqət” isə gerçəklik mənasındadır.

Epistemoloji mənada həqiqət:

– “Mənim qarşımdakı nəsnənin (kitab) mahiyyəti (həqiqət) nədir?”

Verilən cümlənin niyə sual şəklində olmasını aydınlaşdırmaq üçün mahiyyət dedikdə iki mənanı – ümumi və xüsusi mənanı bir-birindən ayırmaq lazımdır. Bir nəsnə haqda “nədir?” – sualı o nəsnənin xüsusi mənada nəliyini/ mahiyyətini bəlli edir. Məsələn, hər hansı nəsnə ilə ilkin tanışlıqda “bu nədir?” – deyə sual edilirsə, verilən cavab o nəsnənin hər hansı bir tərifi, ümumi izahı ola bilər. Bu, xüsusi mənada mahiyyətdir və dilimizə nəlik kimi çevirilə bilər. Bir də var, bir nəsnə haqda “bu şeyin həqiqəti/ mahiyyəti nədir?” – sualı verilir. Bu sualın birinci sualdan fərqi ondadır ki, birinci sual, sual verən şəxsin tanıdığı nəsnələrə aid edilə bilməz. İnsan tanıdığı nəsnə haqda ilkin tanışlıq niyyəti ilə “bu nədir?” – deyə soruşa bilməz. Amma ikinci sual – hərçənd ki, adətən birinci sualdan sonra gəlir – nəsnə ilə həm tanış olmazdan öncə, həm də tanış olduqdan sonra gələ bilər. Çünki ikinci sualın formalaşmasının şərti nəsnə ilə tanışlıq deyil, nəsnənin özünə/ varlığına olunan işarədir. Başqa sözlə, nəsnəyə xüsusi olaraq edilən işarədir. Bu işarə səbəb olur ki, sual “bu nədir?” şəklindən çıxsın və “öz”, “həqiqət”, “mahiyyət” kimi sözlərlə ifadə edilsin. Məsələn, sual belə ifadə edilsin: “bu şeyin mahiyyəti nədir?” Bu, ümumi mənada mahiyyətdir və nəsnənin özü ilə bərabərdir; özü isə varlığı deməkdir. Bu məna həqiqətin epistemoloji mənasıdır. Bütün anlayışlara, bütün nəsnələrə dair bu mənada “həqiqət”i istifadə etmək olur. Dilimizdə işlədilən “mahiyyət” də bu mənadadır, xüsusi mənada olan mahiyyət isə fəlsəfədə dilimizə “nəlik” kimi çevirilir və həqiqətin mənası kimi rol oynaya bilməz. Yuxarıda da qeyd etdiyim kimi, həqiqət anlayışının formalaşması üçün ən əsas şərt bütövlük və ya son qənaət önfərzidir. Belə ki, ağıl bir nəsnənin bütövlüyünü, varlığını olduğu kimi bilmək istədikdə, bunu həqiqət anlayışı ilə fərqli-fərqli paradiqmalarda fərqli-fərqli mənalarla ifadə edir. Yaxud da bir cümlənin doğruluğu, yəni o cümləyə dair son qənaəti bilmək istədikdə, “bu cümlə həqiqətdirmi?” və ya “bu cümlə həqiqətdir”, – deyir.

Ontoloji mənada həqiqət:

Ontoloji mənada həqiqət gerçəklik deməkdir. Buna bir neçə örnək verim:

“Həqiqətdə belə bir şey var”.

– “Bu dediyim həqiqətə uyğundur”.

Verilən propozisiyalara[1] diqqət etdikdə, hər hansısa bir inamın doğruluğundan və ya hər hansı bir nəsnənin özündən söz getmədiyini görürük. Burada artıq müstəqil bir anlamla üz-üzəyik. Əlbəttə, müxtəlif fəlsəfi yanaşmalara görə, “gerçəklik” də fərqli izah oluna bilər. İstənilən hər bir halda həqiqətin gerçəklik kimi bir mənası da var.

Burada əsas nüans bundan ibarətdir ki, biz “gerçəkliyin həqiqəti nədir?” – deyə sual soruşa bilərik. Bu sual bir formada da “həqiqətin həqiqəti nədir?” deməkdir. Hər iki sualda “həqiqəti nədir?” hissəsindəki “həqiqət” epistemoloji (öz ilə eyni) mənada olan həqiqətdir, sual olunan nəsnə (məntiqi dillə desək, subyekt) isə ontoloji (gerçəklik ilə eyni) mənada olan həqiqətdir.

Bu kiçik yazının aydınlaşdırmaq istədiyi əsas məna və hər dəfəsində bizi də narahat edən “həqiqət nədir?” sualı, əslində, ontoloji mənada həqiqəti bilmək istəməkdir. Əgər sual “nədir bu həqiqət?” – şəklində olsa, artıq burada anlayış olaraq “həqiqət” anlayışının özü sual edilib və cavabı üçün həqiqətin mənalarını açıqlamaq kifayətdir. Amma yazının girişində qeyd olunan hal kimi bir vəziyyətdə “həqiqət nədir?” sualı ontoloji mənada həqiqəti, yəni “gerçəkliy”i bilmək istəməkdir.

Hadı Hadıyev

Aqora Fəlsəfə Akademiyasının üzvü


[1] Doğru və ya yanlış olmaqla səciyyələnə bilən fikir məzmunu və ya cümlə mənası

Contact Us