Yazılar

Hafizə – bilik qaynağı kimi

Bizim bir çox inam və biliklərimiz hafizəmizdə[1] qorunub saxlanılan şeylərlə əlaqəlidir: şəxslərin, məkanların adları, başqalarının çöhrəsi, riyazi tənliklər, məntiqi qaydalar, yaxın və ya uzaq keçmişdə baş verən hadisələr, hətta həyatınımızın müəyyən bir dövründə yaşadığımız sevinc və ya kədərlərimiz, daxili hallarımız və s. Bütün bunlar bizim “hafizə”mizdə yerləşir. Beləcə, hafizəmizdə yerləşənlər bu qədər geniş və rəngarəngdir.

Əsas sual belədir: “Hafizə bilik qaynağıdır” dedikdə, hansı növ biliklər nəzərdə tutulur?

Təsəvvür edin ki, səhər yeməyində yumurta yemişəm. Deməli, hal-hazırda bilirəm ki, “səhər yeməyində yumurta yemişəm”. Bu biliyim hansı bilik qaynağından əldə edilir? – Hafizə! Çünki bu biliyimi nə duyğularımdan biri ilə əldə etmişəm, nə başqası bunu mənə deyib və ya hardasa oxumuşam, nə başqa bir mülahizədən nəticə çıxarmışam, nə də bunu daxili müşahidəmə – introspeksiyama istinadən bilirəm. Səhər yeməyində yumurta yediyimi bilirəm, çünki səhər yeməyində yumurta yediyimi “xatırlayıram”. Bilirəm, çünki xatırlayıram.

Başqa bir misala baxaq: təsəvvür edin ki, Aristotelin “Metafizika” kitabını hansı nəşriyyatdan aldığımı bilmirəm, çünki hansı nəşriyyatdan aldığımı xatırlamıram. Bu misalda hafizə bilik qaynağı kimi çıxış edir, çünki əgər mən “Metafizika” kitabını hansı nəşriyyatdan aldığımı xatırlasam, onda bunu bilərəm. Deməli, mənim “Metafizika kitabını filan nəşriyyatdan almışam” mülahizəsi ilə bağlı biliyim belə bir şeyin hafizəmdə olmasından asılıdır.    

Yenidən əsas sualımıza qayıdaq: Hansı xüsusiyyətlər memorial (hafizəyə əsaslanan) bilikləri[2] digər biliklərdən ayırır? Bu suala qısaca belə cavab vermək olar: memorial elə bir bilikdir ki, məzmunu yalnız hafizəyə istinad edir.

Sözügedən xüsusiyyətləri təyin etmək üçün hafizə ilə bağlı belə bir təsbiti nəzərdən keçirək: “Hafizə hissi idrak üzərində qurulub”. Yəni hafizəmizdə olanların (hamısını deyil) çoxunu əvvəlcədən beş duyğu orqanımızdan biri ilə dərk etmişik. “Əvvəlcədən” ifadəsi burada önəmli bir nüansa işarə edir: hissi idrak indiki zaman üçün keçərlidir, hafizə isə keçmiş zaman üçün. Əgər dünən metroda sinif yoldaşımı görmüş olsam, bu gün “onu görürəm” deyə bilmərəm. Əksinə, “keçmişdə idrak etdiyim şeyi, yəni onu gördüyümü xatırlayıram” deyə bilərəm, çünki hal-hazırda sinif yoldaşımı görmürəm, sadəcə onu gördüyümü xatırlayıram, bu hadisə isə onu xatırlamazdan əvvəl artıq keçmişdə baş verib. Başqa bir misal: əgər dünən yolda itlərin hücumuna məruz qaldığım üçün qorxmuş olsam, bu gün “qorxuram” deyə bilmərəm, çünki hal-hazırda belə bir qorxu yaşamıram, sadəcə olaraq belə bir psixoloji halı xatırlayıram. Deməli, bilirəm ki, “dünən metroda sinif yoldaşımı görmüşəm”, çünki bunu xatırlayıram. Bilirəm ki, “dünən yolda itlərin hücumundan dolayı qorxmuşam”, çünki bunu xatırlayıram.

Yuxarıda deyilənlərdən aydın olur ki, (i) nəsə hafizədə yadda saxlanılır, (ii) hafizədə yadda saxlanılan şey həmişə keşmişlə əlaqəli olur. Burada kimsə elə düşünə bilər ki, (iii) hafizədə yadda saxlanılan bilik memorial bilikdir, (iiii) keçmişlə əlaqəli olan bilik memorial bilikdir. Halbuki hər iki düşüncə də yanlışdır. Bunu daha aydın ifadə etsək, belə deyə bilərik:

A müddəası: İnsan memorial biliyə sahibdirsə, onda zəruri olaraq keçmişlə əlaqəli olan biliyə sahibdir. Əksi isə doğru deyil, yəni kimsə keçmişlə əlaqəli biliyə sahib olsa, bu o demək deyil ki, memorial biliyə də sahibdir.

B müddəası: İnsan memorial biliyə sahibdirsə, onda zəruri olaraq nəyisə yadda saxlamalıdır. Əksi isə doğru deyil, yəni kimsə nəyisə yadda saxladısa, bu o demək deyil ki, memorial biliyə də sahibdir.

Yuxarıdakı iki müddəanı daha yaxşı anlamaq üçün belə bir misala baxaq: Təsəvvür edin ki, Əli tanınmış tarix tədqiqatçısıdır, onun əsas tədqiqat istiqaməti səfəvilər dövrüdür. O, tarixi faktlar əsasında bu haqda çoxlu biliyə sahibdir. Əli tarix dərsində tələbələrinə səfəvilər dövrünün görkəmli filosofu Mir Damadın səfəvi şahları ilə yaxın münasibəti haqqında danışır. Müəllimin (Əli) dedikləri İlqar üçün yenidir, çünki o əvvəlcədən bu haqda nəsə bilmirdi. İlqar dünənki dərsdə bəzi tələbələrin müəllimə qarşı reaksiyasını və müəllimin dediklərini həmin gün dərsdə iştirak edə bilməyən Samirə izah edir.

Bu misalda Əlinin səfəvilərlə bağlı bildikləri keçmişlə əlaqəlidir, amma bunları hafizəsinə istinadən deyil, tarixi faktlara əsasən bilir, çünki Əli səfəvilər dövründə yaşamayıb ki, bununla bağlı nələrisə hafizəsində yadda saxlamış olsun. Deməli, Əlinin bilikləri keçmişlə əlaqəli olsa da, memorial bilik hesab olunmur.

İlqar müəllimin dediklərini yadında saxlayıb, hal-hazırda mövzu ilə bağlı bildikləri keçmişlə əlaqəli olsa da, memorial bilik hesab olunmur, çünki bunları müəllimindən eşidib, deməli, bunları dolayısı ilə bilir, amma bununla belə, İlqar sinifdə olanları da yadında saxlayıb. Əgər İlqar sinifdəki tələbələrin müəllimə qarşı reaksiyalarını, məsələn, etinasızlıqlarını xatırlasa, onda “İlqar memorial biliyə sahibdir” deyə bilərik.

İlqar dünənki dərsdə olanların hamısını həmin gün dərsdə iştirak edə bilməyən Samirə izah edir. Bu misalda Samirin keçmişlə əlaqəli iki növ biliyi var ki, heç biri də memorial bilik hesab olunmur: (i) İlqar, müəllimin dərsdə dediklərinin hamısını Samirə deyir və Samir də bunları eşidərək keçmişlə əlaqəli biliyə sahib olur, amma buna baxmayaraq, onun bu biliyi memorial hesab olunmur, çünki bunu İlqardan eşidib. (ii) İlqar sinifdə bəzi tələbələrin müəllimə qarşı reaksiyasını Samirə deyir və Samir də bunları eşidərək keçmişlə əlaqəli biliyə sahib olur, amma buna baxmayaraq, yenə də bu bilik memorial hesab olunmur.

Yuxarıda təsbit edilən iki xüsusiyyətdən əlavə, üçüncü bir xüsusiyyət də var. Bu xüsusiyyəti isə belə ifadə edə bilərik:

C müddəası: Hər bir memorial bilik zəruri olaraq keçmişlə “kauzal əlaqə”yə[3] sahib olmalıdır. Əksi isə doğru deyil, yəni bu o demək deyil ki, keçmişlə kauzal əlaqəyə sahib olan hər bir bilik hökmən memorial bilik olmalıdır.

Hafizədə olan hər bir şey keçmişlə kauzal əlaqəyə sahib olmalı deyil. Hafizəmizdə o qədər şeylər saxlanılır ki, onları “xatırlasaq” da, onların heç biri keçmişlə əlaqəli deyil, hətta kauzal əlaqəyə belə sahib deyil. Riyazi və məntiqi qaydalar, qrammatik qaydalar və s. bu qəbildəndir. Düzdür, bunları keçmişdə öyrənə bilərik, amma bu bizim onların hafizəyə istinad etdiyini iddia etməyimizə səbəb olmur. Deməli, bunlar memorial bilik hesab olunmur.

“Kauzal əlaqə” dedikdə nə nəzərdə tutulur? – Şəxs elə bir şeyi xatırlayır ki, həmin şeyin özü özünün hafizədə saxlanılmasına səbəb olub. Məsələn, əgər xatırlayırsınızsa ki, keçən il Eyfel qülləsini ziyarət etmisiniz, deməli, memorial biliyə sahibsiniz ki, “keçən il Eyfel qülləsini ziyarət etmisiniz”. Bu bilik memorialdır, çünki bu hadisə – Eyfel qülləsinin ziyarəti – və onun hafizədə yerləşməsi sizin indiki biliyinizin gerçəkləşməsinə səbəb olub, yəni sizin indiki biliyiniz hekmişdəki hədisə ilə kazual əlaqəyə sahibdir.

Kauzal əlaqəni daha yaxşı anlamaq üçün belə bir misala baxaq: məsələn, bilirəm ki, “Bakı Şollar su kəmərini Hacı Zeynalabdin Tağıyev çəkib”. Bu biliyim memorial hesab olunmur. Çünki bu hadisənin özü özünün keçmişdə mənim hafizəmdə qorunub saxlanmasına səbəb olmayıb ki, mən bunu xatırlamaqla memorial şəkildə “Bakı Şollar su kəmərini Hacı Zeynalabdin Tağıyev çəkib” mülahizəsini bilim. Hərçənd keçmişdəki bu hadisə mənim bu mülahizəni bilməyimə səbəb olub, yəni əgər bu hadisə keçmişdə baş verməsəydi, nəsə olmayacaqdı ki, mən onu bilim. Deməli, keçmişdə belə bir hadisə baş verib; kimlərsə onu görüb, daha sonra qəzetlərdə və ya kitablarda qeyd olunub, kitabxanalarda və ya arxivdə saxlanılaraq bu günə qədər gəlib çatıb və mən bunu oxuyaraq bilmişəm ki, “Bakı Şollar su kəmərini Hacı Zeynalabdin Tağıyev çəkib”. Beləliklə, mənim bu mülahizəni bilməyim “şahid ifadəsi”nə – taxirçilərin şahidliyinə əsaslanır, hərçənd bu şahidlik davamlı bir silsilə boyunca sonda Şollar su kəmərinin çəkildiyi vaxtda bu hadisəyə şahid olan kəslərin hissi idrakına gedib söykənir.

Beləliklə, aydın olur ki, memorial bilik: (i) keçmişlə əlaqəli olmalı, (ii) hafizədə qorunub saxlanılmalı, (iii) keçmişdəki hadisə ilə kazual əlaqəyə sahib olmalıdır. Bu üç şərtlə yanaşı belə bir bilik başqa bilik qaynağına deyil, yalnız “hafizə”yə istinad etməlidir.

Emin İmanlı

Aqora Fəlsəfə Akademiyasının təsisçi və baş redaktoru


[1] Memory

[2] Memorial knowledge

[3] Səbəb-nəticə əlaqəsi

Contact Us