Yazılar

“Havada asılı insan” eksperimenti

Müsəlman filosof İbn Sinanın fəlsəfədə irəli sürdüyü ən ciddi fəlsəfi görüşlərindən biri “havada asılı insan” adlı ilə tanınan görüşüdür. İbn Sina müxtəlif kitablarında insanın “ruh” deyilən qeyri-maddi bir həqiqətinin olduğunundan, insanın özünü vasitəsiz şəkildə idrak etməsindən danışarkən “havada asılı insan” arqumenti ilə çıxış edib. Maraqlısı odur ki, İbn Sina incə və dəqiq düşünə bilməyən insanların bu arqumenti anlaya bilməyəcəyini vurğulayır. Bu da İbn Sinanın sözügedən arqumentin incəliklərinin fərqində olduğundan xəbər verir.


“Havada asılı insan” arqumentinə görə, bir insan sağlam halı ilə heç bir bədən üzvlərini hiss etməyəcəyi bir vakuum şəraitində olduqda, öz varlığından başqa heç bir şeyi dərk etmir. Başqa sözlə desək, əgər bir insan beş duyğu vasitəsinin işləməyəcəyi – eşitməyəcəyi, görməyəcəyi, dadmayacağı, toxunmayacağı, qoxlamayacağı bir vəziyyətdə yer alarsa, o insanda heç bir təsəvvür, heç bir xəyal, heç bir zehin aktı baş verməyəcək; yalnız öz varlığını idrak etməsindən savayı. İbni Sinanın bu arqumenti bir çox müstəvidə dəyərləndirilə bilər, amma bu yazıda “havada asılı insan” arqumentini bir düşüncə eksperimenti kimi nəzərdən keçirəcəyik.

Düşüncə eksperimenti

Düşüncə eksperimentinə fəlsəfə tarixində keçmişdən bəri rast gəlinsə də, bir metod kimi daha çox fəlsəfəyə son iki əsrdə daxil olub. Bu metoddan daha çox analitik fəlsəfə ənənəsində istifadə olunur. Filosof düşüncə eksperimenti aparmaqla öz fikrini, öz görüşünü örnəklərlə əsaslandırmağa çalışır. Qısaca, düşüncə eksperimentinin nə olduğunu qısaca demək istəsək, belə ifadə edə bilərik: düşüncə eksperimenti filosofun bir fikrin vəziyyətini aydınlaşdırmaq üçün onun lehinə və ya əleyhinə yazdığı bir senaridir. Bu senari filosofun fikri ilə uyğun və ya uyğunsuz ola bilər. Belə ki, uyğun olduqda onun doğru, uyğunsuz olduqda isə onun yanlış olduğunu göstərə bilər. Fəlsəfədəki düşüncə eksperimentinin mahiyyətini daha yaxşı anlamaq üçün aşağıdakı üç nüansa toxunmaq gərəkdir:

a. Fəlsəfi düşüncə eksperimentləri bir təcrübə kimi gerçəkləşmə baxımından neçə cür təsəvvür oluna bilir: bəzi düşüncə eksperimentləri rahatlıqla təcrübə oluna bilər, bəziləri çətin təcrübə oluna bilər, bəziləri isə qətiyyən təcrübə oluna bilməz. Xəyali eksperimentlər bu sonuncu qismə daxildir.

b. Fəlsəfi düşüncə eksperimentlərini hər hansı bir təcrübi ekspetimentlə qarışdırmamaq gərəkdir. Məsələn, fəlsəfədə “davamlı yuxu” adlı bir düşüncə eksperimenti var. Bu eksperimentdə elmi baxımdan yuxunun necə baş verməsi və ya yuxuda olarkən beyinin hansı prossesləri keçdiyi müzakirə mövzusu deyil, əksinə, insanın davamlı bir yuxunun içində olarkən bunu oyaqlıqdan – gerçəklikdən ayırd edə bilməməsi və buradan da yaranan “bəlkə, biz davamlı bir yuxunun içindəyik?” – şübhəsi müzakirə mövzusudur. Qısaca, fəlsəfədə düşüncə eksperimentlərinin hədəfi bir fəlsəfi fikrə örnək olmaqdır. Belə ki, bəzən fəlsəfədə bir fikri aydınlaşdırmaq – təsdiq və ya inkar etmək – üçün o fəlsəfi fikrin əsaslandığı prinsiplərlə əlaqəsiz olmayan və uyğun olan senari – təsdiqləyici və ya inkaredici senari ortaya qoyan bir düşüncə analizi aparılır.

c. Fəlsəfi düşüncə eksperimentlərinin uğurlu-uğursuz, doğru-yanlış olub-olmamasının meyarı elmi hədəf və prinsiplərə deyil, məhz fəlsəfi hədəf və prinsiplərə əsaslanır. Əks təqdirdə, yəni meyar elmi hədəf və prinsiplər olsaydı, onda bu, fəlsəfi eksperiment deyil, elmi eksperiment olardı və bu zaman biz empirik elmlərdən danışmalı olardıq. Çünki fəlsəfədə müzakirə olunan hər bir düşüncə eksperimenti, əslində, fəlsəfi fikrə örnəkdir.
Düşüncə eksperimentinin mahiyyəti ilə tanış olduqdan sonra, indi də gəlin “havada asılı insan” arqumentini düşüncə eksperimenti olaraq necə dəyərləndirə biləcəyimizə baxaq.

1. Məst və ya bayğın insan

Havada asılı insan arqumenti məst və ya bayğın insan kimi dəyərləndirilə bilməz. Belə ki, məst və bayğın halda iki şey bu halı “havada asılı insan” arqumenti kimi başa düşməmizə mane olur. Birincisi, məst və ya bayğın halda olan insan güclü xəyal pozuntusu yaşaya və hallüsinasiya görə bilər. Bu da zehni pozuntunun məlum arqumentə mane olması deməkdir. İkincisi, məst və bayğın halda beyin zehnin xaricdən gələn bir çox təsirə qarşı cavab verə biləcəyi qədər sağlam və işlək olur. Belə ki, məst və ya bayğın insan yüksək səs eşidib sayılaraq buna reaksiya verə bilər və ya ona şillə vurulduqda, soyuq yerdə olduqda, üstünə su töküldükdə, elektroşok verildikdə və s. bu kimi bir çox hallarda bədəni zehnin cavabı olaraq fərqli reaksiyalar verəcəkdir.

2. Yuxu halı

Havada asılı insan arqumentinin yuxu kimi dəyərləndirilməsi də yanlışdır. Başqa dillə, yuxu kimi dəyərləndirilməsi mümkün deyil. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, arqumentə əsasən insanın heç bir duyğu vasitəsi arada olmamalı, xəyal və təsəvvür kimi heç bir zehni akt həyata keçməməlidir. İnsan yuxuda olarkən bütün duyğu vasitələri işlək olur. Beləcə, müxtəlif qoxuları hiss edir, səsləri eşidir, zehin aktları yaşayır; yuxu görür, hətta, insan yatarkən duyduğu qoxunun, səsin belə onun yuxusuna birbaşa təsiri olur. Bu gerçəkliklər apaydın şəkildə “havada asılı insan” arqumenti ilə yuxu halın arasındakı böyük fərqləri göstərir.

3. Koma halı

“Havada asılı insan” arqumentini koma halı kimi də dəyərələndirə bilmərik. Belə ki, komada olan insanın beyini zəif, zədəli də olsa, işləkdir. İşlək olduğu üçün insanın normal həyata qayıtması mümkündür. Komada beyinin tamamilə sıradan çıxması beyin ölümüdür və bu artıq ölüm kimi dəyərləndirilir.
Komada beyinin qismən də olsa, işlək olması komada olan insanda bəzi zehin aktlarının gerçəkləşməsinə, yuxu və xəyal belə görməsinə səbəb ola bilər. Buna görə də koma və ya nəbati həyatı da İbn Sinanın “havada asılı insan” arqumenti kimi dəyərləndirə bilmərik. Çünki “havada asılı insan” arqumenti heç bir vasitənin arada ola bilməyəcəyi bir situasiyanı əsas şərt kimi qəbul edir.

4. Hisslərdən məhrum olma halı

Günümüzdə insanı beş duyğu vasitələrindən məhrum edəcək su tankları (sensory deprivation) mövcuddur. Müxtəlif müalicələrdə istifadə olunur. Bu su tankları insanın beş duyğu vasitəsinin heç bir şeylə əlaqə qura bilməyəcəyi şəraitinə sahibdir. İnsan bu su tanklarında olduğu müddətcə səs eşitmir, toxunma hiss etmir, görmür, dadmır, qoxlamır. Bu su tanklarında aparılan çoxlu təcrübələrdən məlum olduğu kimi, insan su tanklarında olarkən heç nə hiss etməsə də, xəyal və təsəvvürləri işlək olur, yaradıcılığı, xəyal qüvvəsi sürətlənir və müxtəlif hallüsinasiyalar görməyə başlaya bilir. Bəzən bu testlərə girib çıxmış insanlarda zehni, xəyali pozuntu müşahidə olunur. Bütün bunlar da su tankında olan insanların belə – İbn Sinanın dediyi mənada – özləri ilə üz-üzə qala bilmədiklərini, hallüsinasiya kimi bir çox zehni aktların buna maneə olduğunu göstərir. Bütün bunlara baxmayaraq, bir çox araşdırmalarda bu testlərin İbn Sinanın “havada asılı insan” arqumentini təsdiqlədiyini iddia edirlər. Bu iddia ilə bir mənada barışmaq olar, biz İbn Sinanın irəli sürdüyü bu arqumentinin çağdaş texnoloji imkanlar ilə yetərli təcrübə oluna bilmədiyi qənaətinə gələk. Belə bir qənaətdən əldə olunan nəticə isə bundan ibarətdir ki, günümüzdəki texnoloji imkanlarla insanı hisslərdən məhrum etdikdə, o yenə də özünü dərk edir və üstəlik, bu halda hallüsinasiyaya belə məruz qala bilir.

5. Ölüm halı

Buraya qədər deyilənlərdən belə bir təsəvvür də yarana bilər ki, İbn Sinanın bu arqumenti elə ölüm deməkdir və bu da məsələni absurdlaşdırır. Lakin diqqət etməli olduğumuz məqam budur ki, İbn Sina bu düşüncə eksperimenti ilə ruhun varlığını, qeyri-maddi olduğunu və vasitəsiz olaraq – bütün çılpaqlığı ilə dərk olunan yeganə nəsnə olduğunu iddia edir. Belə bir halda, “bu arqument ölmək deməkdir” kimi bir irad heç bir anlam ifadə etmir. Çünki ruhun olması ölümdən sonra da yaşamaq, başqa sözlə, ölüm anlayışının öz mahiyyətini dəyişməsi deməkdir. Yəni artıq ölüm qorxunc yox olma kimi deyil, paltarını soyunma, haradansa keçib getmə kimi təsəvvür olunacaq.
Son olaraq deyə bilərik ki, “havada asılı insan” arqumenti bir neçə fəlsəfi görüşü açıqlamaq üçün örnək olaraq irəli sürülmüş bir senaridir və İbn Sinanın bu eksperimenti aparmaqda əsas məqsədi haqlı olaraq bəzi yerlərdə ruhun varlığını, bəzi yerlərdə ruhun qeyri-maddi olmasını, bəzi yerlərdə isə insandakı özünüdərkin vasitəsiz idrak olduğunu isbat etməkdir.

Nəticə

Havada asılı insan arqumenti insana heç bir duyğu vasitələrinin işləməyəcəyi bir vakuumda özünü təsəvvür etdirərək insanın diqqətini “mən”, “öz” qavramları ilə dərk etdiyi vasitəsiz idrak halına, kobud dillə desək, ən çılpaq idrak halına yönəldir. Belə ki, insan “mən varam”, “mən özümü idrak edirəm” dedikdə, ortada bir şey təsəvvür olunarsa, bu çılpaq idrak halı təsəvvür oluna bilən o nəsnəyə qarşı yenə də “mən” üzərindən çıxış edəcəkdir. Əks təqdirdə, gərək araya girəcək olan o nəsnə məcbur “mən” olsun – “mən” kimi dərk olunsun. Belə olanda isə araya girəcək bir nəsnə anlam ifadə etməyəcək, çünki “mən” idrakı “mən”dən başqa bir şey deyil.
Yuxarıda qeyd olunan eksperimentin bayğınlıq, yuxu, koma və s. kənar ünsürlərlə izah edilməsinin qeyri-mümkünlüyü “mən”nin, “nəfs”in mücərrəd olduğunu gərəkli qılır. Bu da elə İbn Sinanın demək istədiyi şeydir. Qısaca, İbn Sina bəri başdan, hələ insanın havada – bir idrak vakuumunda, başqa sözlə, həqiqətinin vasitəsiz olaraq dərk olunduğu bir mücərrədlikdə olduğunu deyir. Bu da “mən”dən başqalarının (maddə və ya hər bir “başqa”sının ) var olub-olmadığı və ya nə olduğu sual altına gedir – deməkdir. “Mən” idrak müstəvisində həmişə vasitəsiz, yəni öz çılpaqlığı ilə təzahür edir.

Hadı Hadıyev

Aqora Fəlsəfə Akademiyasının üzvü

Contact Us