Yazılar

Molla Sədra: predikativ varlıq

1. Giriş

“Mən bilirəm” dedikdə başa düşürük ki, “mən”i məndən kənar ifadə edən bir şeydən danışırıq; hər hansı bir şeyi bildiyimizi, hər hansı bir informasiyaya sahib olduğumuzu ifadə edirik. Bir çox analitik və sintetik cümlələrdə[1]  bu şeyi müşahidə etmək olur: “mənim dərim sarıdır”, “mən müəlliməm”, “mən insanam” və s. və i. Lakin “varlıq” anlayışı ilə bağlı propozisiyalar[2] belə deyil. “Mən varam” kimi bir cümlədə “varam”ın nə ifadə etdiyini anlamaq, bildiyimiz qədər bəsit deyil. Beləcə, “varlığın” predikat olması ilə bağlı suallar ortaya çıxır. Bu zaman “varlığın” necə bir predikat olduğu və ya predikat olub-olmadığı bizi narahat etməyə başlayır.

Qərb fəlsəfəsində də, İslam fəlsəfəsində də sözügedən məsələ aktualdır. Bir çox analitik filosoflara görə, “varlıq” gerçək predikat deyil, bunun əksinə olaraq isə bir çox İslam filosoflarına görə, orijinal olan, həqiqi gerçək olan tək şey “varlıqdır”. İslam fəlsəfəsində bu görüşün ilk müəllifi, Molla Sədra kimi tanınan Sədrəddin Şirazidir (1572-1640).

2. Problemin izahı

Molla Sədranın formalaşdırdığı Mütəaliyə fəlsəfəsinə əsasən, “varlıq” predikatdır və gerçəkdir. Molla Sədra predikativ varlığı[3] yeganə gerçəklik hesab edir. Sədra bunu fəlsəfədə fərqli bir baxışla “varlığa” dair yeni bir paradiqma yaradaraq izah edir. Sədra fəlsəfəsinə görə, “varlıq” nəsnələrdən ayrı deyil, eyni zamanda nəsnələrin özü də deyil. “Varlıq” sadəcə yeganə gerçəklikdir, başqa sözlə, gerçək olan tək şey varlıqdır. Bu baxış Mütəaliyə fəlsəfəsində “varlığ”ın necə predikat olmasını və cümlələrdəki yerini bizə göstərir. Bu görüşə görə, “varlıq” “gerçəkliy”i izah edən yeganə anlayışdır, başqa sözlə desək, gerçəklik varlıqdan ibarətdir. Nəsnələrin “öz”lərini ifadə edən “nəliklər” isə sadəcə “varlığın” zehni yamsılamasıdır. Məsələn, “Hadı” adlı nəsnənin gerçəkliyi rəng, dərinlik, ölçü, qoxu, tələbə olmaq və s. nəliklər deyil, varlığıdır. Molla Sədraya görə, “nəliklər” zehni anlayışlardan başqa bir şey deyillər, gerçək olan tək şey var olmaqdır. Başqa sözlə, “varlıq” məndən asılı olmayan gerçəklikdir, nə olmaq isə sadəcə varlıqla təmasa girdiyim zaman ondan aldığım zehni uydurmalardır və gerçəklikdə “alma olmaq”, “Hadı olmaq”, “insan olmaq”, “rəngli olmaq” və s. bu kimi bütün nəliklərin rolu, kobud dildə desək, sadəcə “varlığ”a söykənməkdir. Gerçək olan tək həqiqət: heç bir şeylə qarışmayan, hər şeyin onun uydurması olan “varlıq”dır. Bu əsasla Kantın qəbul etdiyi gerçək predikat və gerçək olmayan predikat bölgüsündən baxası olasaq, Molla Sədra fəlsəfəsində tək gerçək predikat “varlıq”la bağlı olan propozisiyalarda mümkündür, başqa heç bir şey gerçək predikat ola bilməz. Belə bir paradiqmaya əsasən, biz “varlığın” predikat olmasını çox asanlıqla izah edə bilərik:

  • Hadı var.
  • Hadı varlıqdır.
  • Bu varlıq Hadıdır.

Yuxarıda verilən propozisiyalarda “varlığın” gerçək olduğunu və predikat olduğunu görmək elə də çətin deyil. Belə bir paradiqmanı daha aydın anlamaq üçün Molla Sədranın propozisiyalarda “varlığ”a necə yer verdiyinə diqqət etmək lazımdır. Molla Sədra ekzistensial propozisiyaları[4] “bir şeyin başqa bir şey üçün gerçək olması” kimi deyil, “bir şeyin gerçək olması” kimi izah edir. Sədraya görə, tək orijinal olan şey varlıqdır, buna görə də bir şey haqqında “vardır” dedikdə, biz o şeyə gerçəklikdə “varlığı” artırmırıq, biz elə bəri başdan bir “varlıq”dan danışırıq. Yuxarıda da vurğulandığı kimi, bu görüşə əsasən, “nəlik” orijinal olmadığına görə, zehnin uydurması olduğuna görə, bütün nəliklər, əslində, varlığın zehni yamsılamalarıdır. Buna görə də “Hadı var” kimi bir ekzistensial propozisiyada Hadı öz varlığından ayrı bir şey deyil ki, “varlığ”a nəyisə artırsın, Hadı sadəcə bir “nəlikdir”. Ortada olan isə bir şeydir və o da adını “Hadı”, “rəngli”, “üçölçülü”, və s. adlandırdığımız (predikativ) varlıqdır.

3. Arqument

Varlığın orijinal olmasını, yəni gerçəkliyi başdan-ayağa dolduran yeganə şey olmasını əsaslandırmaq üçün sonda sadəcə bir arqumentlə kifayətlənirik.[5] Hər hansı bir nəsnə nəzərə alındıqda, ilk olaraq o nəsnədən iki şey başa düşülür: o nəsnənin var olan gerçəkliyi və nə olması. Məsələn, kitabı nəzərə aldıqda, hər şeydən öncə ortada iki şeyin olduğunu anlayırıq:

  • Bir şey var (kitabın var olması).
  • Bu, (var olan bir şey) bir kitabdır (kitab anlayışı/ nəlik).

“Nəlik” özündə nə var olmanı, nə də yox olmanı ehtiva edir, yəni nəlik elə sadəcə özü özünün eynidir, sadəcə özüdür; nə vardır, nə də yoxdur, nə təkdir, nə də çoxdur, o sadəcə elə özüdür. Məsələn, alma bir nəlik kimi özündə nə varlığı, nə də yoxluğu ehtiva edir, yəni bir alma nəzərə alındıqda, buradan onun var olması və ya yox olması aydınlaşmır. Nəlik özündə varlığı ehtiva etsəydi, onda yox olmazdı, halbuki yox ola bilir; əgər özündə yoxluğu ehtiva etsəydi, onda var olmazdı, halbuki var ola bilir; əgər özündə təkliyi və ya çoxluğu ehtiva etsəydi, onda çox ola bilməzdi, halbuki çoxdur və ya tək ola bilməzdi, halbuki tək də ola bilir. Molla Sədra bu məqamda deyir ki, nəsnələrin gerçəklikləri özlərindən – nə olmalarından – əldə edilmir, deməli, var olmaları öz/ nə olmalarından əsas və orijinaldır. Bir nəsnə “var” olmayana qədər heç vaxt gerçək hesab oluna bilmir, sadəcə zehində bir ad (nəlik) olaraq qalır.

Hadı Hadıyev

Aqora Fəlsəfə Akademiyasının üzvü

Bu məqaləni daha yaxşı anlamaq üçün bu yazını oxumağınız tövsiyə olunur: Kant: Predikativ varlıq


[1] Analitik və sintetik cümlələrin nə olması ilə bağlı bax: Emin İmanlı, “Su nədir: xüsusiyyət, yoxsa zat?”

[2] Doğru və ya yanlış olmaqla səciyyələnə bilən fikir məzmunu və ya cümlə mənası

[3] Propozisiyanın predikatı (yəni xəbəri) “var” olduqda, buna predikativ varlıq deyilir. Məsələn, “İnsan var”, “Atom var” və s.  

[4] Mövcudluq bildirən propozisiyalar, məsələn, “İnsan var”, “Günəş var”, “Su var” və s.

[5] Müsəlman filosof Qulamrza Fəyyazinin “Sədra məktəbində varlıq və nəlik” kitabında bu iddia üçün düz 36 arqument qeyd edilib. Bax: səh. 85-182

Contact Us