Yazılar

Nə üçün yoxluq əvəzinə varlıq var?

Fəlsəfə tarixində Laybnits tərəfindən irəli sürülmüş möhtəşəm bir sual var: “Nə üçün yoxluq əvəzinə varlıq var?” Bu sual insanı düşündürən ən fundamental sualdır: varlıq əvəzinə yoxluq ola bilərdimi? Niyə mütləq yoxluq hökm sürmək əvəzinə məhz elə varlıq hökm sürür? Əgər yoxluq olsaydı, onda hal-hazırda bizdən və ətrafımızdakılardan heç bir əsər-əlamət olmazdı, lakin biz varıq, ətrafımızdakılar da var.

Bu beyin yandıran suala cavab verə bilmək üçün biz ilk olaraq yoxluq və varlığın nə olduğunu yaxşıca bilməliyik. Bu sualın yaranmasına və bizim yanılmağımıza səbəb olan şey zehnimizdir, daha doğrusu, zehnin varlıq və yoxluqla bağlı xam nümunələr ilə ünsiyyəti nəticəsində bu sual zehnimizdə yaranır. İnsan zaman boyunca bəzi şeylərin dəyişdiyini, surətlərinin yoxa çıxdığını, yaxud əşyaların aşındığını görür; zamanda geriyə baxdıqca illər əvvəl var olmadığı təqdirdə sonradan doğulduğunu və beləcə, saysız-hesabsız həyat nümunələrini hər gün müşahidə etdiyi üçün onda yoxluq haqqında fikir formalaşıb. İnsan elə güman edir ki, var olanlar bir zaman olmayıb, sonra yoxluqdan var olublar. Bu, zehnin bizi yanıltmasıdır. Elə problem də məhz buradan qaynaqlanır; insan yoxluğun varlığa çevrilə bilməsi yanılmasına məruz qalır. Məsələnin həlli üçün “mütləq varlıq”, “nisbi varlıq”, “mütləq yoxluq”, “nisbi yoxluq” kimi anlayışlarının hər birini aydınlaşdırmalıyıq. Bunu etdikdə, o möhtəşəm sualın öz gücünü itirdiyini və onun, əslində, zehnin bizi yanıltması ilə ortaya çıxdığını görəcəyik.

Mütləq yoxluq nədir?

Mütləq yoxluğun obyektiv reallığı yoxdur. Onu heç bir vaxt insan dərk edə bilməz. Onunla xəyalən belə heç bir əlaqə qurmaq mümkün deyil. Ən iti təsəvvürlərdə belə düşünüb haqqında bir məlumat almaq mümkün deyil, çünki o, bir şey deyildir. Yalnız və yalnız xalis yoxluqdur, necə deyərlər, adı var, amma özü yoxdur. Yuxarıda yazdığımız “Yoxluq nədir?” – cümləsi də tamamilə yanlışdır, çünki “nə” olmaq yoxluğa xas deyil. Hətta dərindən baxdıqda, onun haqqında “o yoxluqdur” demək belə, düzgün deyil. Mütləq yoxluq sadəcə şərti bir addır. Bu ad ona varlığın müqabilində verilir. Mütləq yoxluq öz-özlüyündə bir şey olmadığı üçün bir ada da sahib ola bilməz.

Elə isə gəlin görək “yoxluq” anlayışı necə ortaya çıxır. Zehində varlığın ziddi, yəni yoxluq şərti olaraq ortaya çıxır. Zehnimizdə dağ, dərə, bitki, heyvan, insan və s. anlayışlar vardır. “Bitki insan deyil”, “insan heyvan deyil” kimi cümlələrdə hər nəsnə öz yoxluq tərəfi ilə (“… deyil” – burada yoxluğu ifadə edir, məsələn, “bitki” insanın varlıq mərtəbəsində yoxdur, o öz varlıq mərtəbəsindədir) birgə zehində ortaya çıxdığı üçün “yoxluq” anlayışı insan zehində yaranır. İstənilən nəsnə var olmaq üçün öz yoxluq tərəfi ilə birgə zehində var olmaq məcburiyyətindədir, yəni “A” adlı nəsnə varsa, onda “A” “B” adlı və ya “C” adlı nəsnə deyil” analizindən yoxluq anlayışı yaranır. Bitki insan deyil; heyvan deyil; dağ deyil və s. Beləcə hər bir nəsnə var olduğu təqdirdə, özündə “n” qədər yoxluq tərəfi mövcuddur. Bu isə şərti yoxluqdur. Deməli, iki növ yoxluğu bir-birindən ayırd etmək lazımdır: mütləq yoxluq və şərti yoxluq. Bir az öncə qeyd etdiyimiz kimi, mütləq yoxluq deyə bir şey yoxdur, sadəcə zehində şərti yoxluq anlayışı mövcud olduğu üçün insan yanlışlıqla mütləq yoxluğun da olduğu güman edir. Bu güman isə mütləq varlığın müqabilində yaranır. Yəni zehində nəsnələrin yoxluğunun təsəvvürü mümkün olduğu üçün “mütləq varlığın yoxluğu” anlayışı da ortaya çıxır. Halbuki bu fikrin heç bir obyektiv reallığı yoxdur; yalnız və yalnız vəhm müstəvisində[1] ortaya çıxan bir fikirdir. Zehnin, yoxluğunu düşünə bildiyi varlıq həqiqi varlığın özü deyil, onun hər hansı bir təzahürüdür. Çünki zehində olan – obyektiv varlığın özü deyildir, zehindəki varlıqdan alınan şərti mahiyyətdir, onun təzahürüdür. Mütləq varlıq anlayışını izah edəndə, onun yoxluğunun nə üçün təsəvvür oluna bilməyəcəyi və beləcə mütləq yoxluğun nə üçün olmayacağı daha da aydınlaşacaq.

Deməli, bura qədər aydın oldu ki, yoxluq anlayışı varlıq anlayışından alınan, varlığın zehindəki təzahürlərdən birinin digərindən fərqlənməsindən ortaya çıxan şərti bir anlayışdır. Amma varlıq anlayışı haqqında belə bir şərtiliyi düşünmək mümkün deyil, çünki varlıq da şərti olsaydı, onda ən azı, hazırda nə mən bu sətirləri yaza, nə də siz bunu oxuya bilərdiniz.

Mütləq varlıq nədir?

Varlıq dedikdə, obyektiv reallıq nəzərdə tutulur. Onun zatı zəruridir. Ziddi olmayan və olmadığı hal təsəvvür belə edilməyən şeydir. Artıq bundan sonra varlığı anlamaq üçün zehninizdəki aləmi kənara qoyub yeni bir sistemə yönəlmək lazımdır. Əgər bir kəs varlığı inkar etməyə çalışsa və onu ortadan qaldırmağa qalxsa, o şəxs yenə də varlığı təsdiq və qəbul etmiş olacaqdır. Bu qaçılmazdır. Azərbaycanlı filosof Məhəmmədhüseyn Təbatəbainin dili ilə desək, hər bir şüurlu varlıq bu reallığı təsdiq edir. Hətta sofist birisi nəsnələri xəyal olaraq görərsə və ya onların reallığında şəkk edərsə, deməli, həmin nəsnələr onun üçün gerçəkdən xəyaldır və ya gerçəkdən şəklidir. Biz nəyinsə xəyalən yoxluğunu düşünsək, bu onun xəyalda yoxluğunun gerçəkləşməsidir. Deməli, reallıqdan heç bir zaman qaçmaq mümkün deyil. Varlığı inkar etmək özü belə varlığı yenidən təsdiq etməkdir. Yəni bir şeyi inkar etdikdə, bu inkarın özü gerçəkdən bir inkardır. Varlığı inkar etmənin bütün yolları bağlıdır. Bu isə o deməkdir ki, varlıq zat baxımından zəruridir və daima olmalıdır. Varlığı izah edərkən cümlələrin təkrar görünməsi belə, onun isbatsız olmasından, aksiom biliklər kimi olduğundan irəli gəlir. Varlıq elə bir həqiqətdir ki, ona nə tərif vermək, nə də onu isbat etmək mümkündür. Ondan daha aydın bir şey olmadığı üçün onun tərifi də mümkün deyildir. İsbat edilməsinin qeyri-mümkünlüyünün səbəbi isə, yuxarıda dediyimiz kimi, ondan daha aydın bir şeyin və daha irəli bir nəsnənin olmamasıdır. Çünki ondan irəli şey olsaydı, onda o şeyin özü belə varlıq olacaqdı, çünki ya varlıq var, ya da yoxluq. Yoxluq puçluq və heç bir obyektiv gerçəkliyi olmadığından yerdə yalnız varlıq qalır. Varlıqdan daha əvvələ getsək, yenə varlıqla qarşılaşacağıq.

Gördüyünüz kimi, biz varlığın özü ilə var olan nəsnələri bir-birindən ayırırıq. Məsələn, bitki və heyvan kimi saysız-hesabsız nəsnələr var və onlar yoxluq tərəflərinin olması ilə ortaya çıxırlar. Varlıq və onun özü ilə var olan nəsnələr və şərti yoxluq üçün belə bir misal çəkə bilərik. Bu, “plastilin və ondan hazırlanmış fiqurlar”dır. Burada plastilinin özünü varlıq, ondan hazırlanmış fiqurlar isə şərti varlıqlar kimi düşünülə bilər. Plastilindən hazırlanmış “A” adlı fiqur “B” deyilsə, burada “B” fiquru “A”-nın yoxluğudur. Biz varlığın təzahürü dedikdə, plastilindən hazırlanmış “A” və “B” adlı fiqurları nəzərdə tuturuq. Plastilinin özü isə bunların hər iksinin ortaq var olma səbəbidir. Bu zaman şərti yoxluq plastilinin də yoxluğunun var olması anlamına gəlmir, bu ondan əmələ gəlmiş bitki və heyvan fiqurları üçün keçərlidir. Varlıq ilə nisbi varlıq anlayışlarının nisbəti də belədir. İnsan öz zehində varlıq haqqında yoxluq fikirləşə bilər, lakin bu fikirləşdiyi həqiqi varlıq deyildir. Bütün problem də elə buradan qaynaqlanır.

Bura qədər dediklərimizi qısaca belə ifadə edə bilərik:  Mütləq varlıq – ziddi olmayan və daim var olan gerçəklikdir. Nisbi yoxluq və nisbi varlıq isə zehində ortaya çıxır və elə bu səbəbdən zehində nisbi varlığın yoxluğu təsəvvür edilə bildiyindən insan vəhmdə yanlışlıqla mütləq varlığın da yoxluğu anlayışını yaradır. Sonda isə belə bir sualın ortaya çıxmasına səbəb olur: “Nə üçün yoxluq əvəzinə varlıq var?”

Varlıq və yoxluq anlayışları aydın olduqca, göründüyü kimi, sual öz möhtəşəmliyini və baş gicəlləndirici təsirini itirmiş olur. Varlıq və yoxluğun nə olduğunu bilinəndən sonra bu sualın artıq düzgün sual olmadığı aydınlaşır. Yoxluq daim hökm sürə bilməz. Varlıq daim gerçək olan və aradan qaldırılması mümkün olmayan əzəli və əbədi bir zəruri gerçəklikdir, yoxluq isə adı olub özü olmayan şərti bir nəsnədir. Yoxluq haqqında iki hal təsəvvür oluna bilər: yoxluq ya vardır, ya da yoxdur. Hər iki halda da varlıq əldə etmiş oluruq.

Əgər “yoxluq vardır” desək, bu o deməkdir ki, varlığı təsdiq etmiş oluruq. Demək, varlıq vardır. Yox, əgər “yoxluq yoxdur” desək, yenə varlıq əldə etmiş oluruq, çünki yoxluğun yoxluğu varlığın var olmasının təsdiq edilməsidir. Deməli, varlıq hər iki halda da qaçılmazdır; ondan qaçmaq, onu inkar etmək mümkün deyildir. Elə buna görə də filosoflar varlığı “yoxluğun yoxluğu” da adlandırırlar. Varlığı tanıdığımız zaman onun haqqında yoxluğun təsəvvür oluna bilməsinin mümkünsüzlüyünü də anlamış oluruq. Sözügedən o möhtəşəm sualın altında yatan məna isə, əslində, budur: “Yoxluğu mümkün olmayan və daim var olan şey nə üçün var?” Göründüyü kimi, sual öz mənasını itirir. Lakin varlığı tanımadığımız zaman mənalı sual kimi görünür.

Camal Dadaşov

Aqora Fəlsəfə Akademiyasının üzvü


[1] Vəhm müstəvisində insan zehni nəyisə nəyəsə isnad edir, birincini ikincinin yerinə qoyaraq “o”nu “bu” hesab edir.

Contact Us