Yazılar

Okkam ülgücü haqqında

“Okkam ülgücü”nə çox vaxt bir arqument kimi istinad edilir və Okkamlı Vilyama nisbət verilir. Okkam ülgücü adətən belə ifadə olunur: “zərurət olmadıqca varlıqların sayı artırılmamalıdır”. Okkam ülgücü bəzən belə şərh olunur ki, əgər iki nəzəriyyə arasında seçim etməli olsaq, o zaman daha az varlığı (və ya bəzən daha az fərqli varlıq növlərini) istifadə edən nəzəriyyəni seçməliyik. Bəzən də belə şərh olunur ki, əgər müəyyən bir varlıq heç bir şeyi izah etmək üçün zəruri deyilsə, o zaman onun varlığını inkar etməliyik. Bu deyilənlərə rəğmən, bu məşhur konsepsiya bir neçə cəhətdən yanlış anlaşılır.

Birincisi, Okkam bu sözləri heç vaxt deməyib – “Okkam ülgücü” ifadəsi 1852-ci ildə ixtira edilib və Okkama aid edilən bu sözlər onun bilinən əsərlərinin heç birində gözə dəymir (yuxarıdakı iki cümlə Okamın gerçək mövqeyini əks etdirir). İkincisi, bu fikri – “yaxşı bir dəlil olmadan nəsnələrın varlığına inanmamalıyıq” – ilk dəfə Okkam irəli sürməyib və ya ona xas bir fikir deyil. Üçüncüsü, Okkam ülgücü, əslində, arqument deyil, əksinə, müəyyən formalı bir arqument qurmaq üçün işlədilən müqəddimə və ya prinsipdir. Nəhayət, Okkamın özü, əslində, hər bir mümkün varlığın mövcudluğunu inkar etmək üçün deyil, yalnız onların mövcudluğunda şəkk etmək üçün bu arqumentdən istifadə edib.

Okkam biliyin üç qaynağını (aksiom, təcrübi dəlil və ilahi vəhy) qəbul edərək hesab edib ki, əgər bu üç qaynaqdan biri ilə hər hansı bir nəsnənin var olduğunu bilə bilməsək, o zaman həmin nəsnənin var olduğuna inanmamalıyıq (əlbəttə, bu hökmən o demək deyil ki, biz onun var olmadığına inanmalıyıq – həmin nəsnə ilə bağlı müsbət dəlil olmadan biz onun varlığına nisbətdə sadəcə olaraq tərəfsiz qalmalıyıq).    

Çoxluq zərurət olmadıqca fərz edilməməlidir. (Piter Lombardın sözlərinin təfsiri, 1-ci hissə, 1-ci bənd, 1-ci və 2-ci sual)

Müəyyən bir dəlil olmadan – varlığı öz-özünə bilinmədən və ya təcrübə vasitəsilə qavranılmadan və ya müqəddəs kitabın avtoritetliyi ilə isbat edilmədən heç bir nəsnənin var olması fərz edilməməlidir. (Piter Lombardın sözlərinin təfsiri, 1-ci hissə, 30-cu bənd, 1-ci sual)      

“Okkam ülgücü” adətən belə işlədilir:

1-ci müqəddimə: İki nəzəriyyə – N 1N 2 – müşahidə olunan faktları bərabər şəkildə yaxşıca izah edir (və bunu bütün rəqib nəzəriyyələrdən daha yaxşı həyata keçirirlər) və digər tərəfdən, N 1 N 2 ilə müqayisədə daha çox varlığın mövcudluğunu fərz etməyimizi tələb edir.

2-ci müqəddimə: “Okkam ülgücü”: əgər iki nəzəriyyə müşahidə olunan faktları bərabər şəkildə yaxşıca izah edirsə (və bunu bütün rəqib nəzəriyyələrdən daha yaxşı həyata keçirirlərsə), onda rəqib nəzəriyyə ilə müqayisədə izahedici gücünü itirmədən daha az varlığı fərz edən nəzəriyyəyə inanmalıyıq.

Nəticə: N 2-yə inanmalı və N 1-ə inanmamalıyıq.

Yaxud belə işlədilir:

1-ci müqəddimə: İzah etməyə çalışdığımız hər hansı bir fenomeni izah etmək üçün X nəsnəsinin varlığını fərz etməyə ehtiyac duymuruq.

2-ci müqəddimə: “Okkam ülgücü”: əgər izah etməyə çalışdığımız hər hansı bir fenomeni izah etmək üçün hər hansı bir xüsusi nəsnənin varlığını fərz etməyə ehtiyac duymuruqsa, o zaman həmin fenomeni izah etmək üçün ehtiyac duyulmayan hər hansı bir xüsusi nəsnənin varlığına inanmamalıyıq.

Nəticə: X nəsnəsinin varlığına inanmamalıyıq.

Okkam ülgücü – Okkamın özünün işlətdiyi kimi:

1-ci müqəddimə: X nəsnəsinin varlığı nə aksiomdur, nə onun varlığı ilə bağlı təcrübi dəlilə sahibik, nə də müqəddəs kitab tərəfindən təsdiqlənir.  

2-ci müqəddimə: “Okkam ülgücü”: əgər X nəsnəsinin varlığı nə aksiomdursa, nə onun varlığı ilə bağlı təcrübi dəlilə sahibiksə, nə də müqəddəs kitab tərəfindən təsdiqlənirsə, o zaman X nəsnəsinin varlığına inanmamalıyıq.

Nəticə: (X-in var olması mümkün olsa belə) X nəsnəsinin varlığına inanmamalıyıq.   

Qrant Sterlinq

Mənbə: Just The Arguments, Ockham’s Razor (səh. 57-58)

İngilis dilindən tərcümə: Emin İmanlı

Aqora Fəlsəfə Akademiyasının təsisçi və baş redaktoru

Contact Us