Yazılar

Qetier problemi nədir?

Edmund Qetier 1963-ci il 2,5 səhifəlik bir məqalə yazmaqla çağdaş epistemologiyada dönüş nöqtəsi yaradır; “Əsaslandırılmış doğru inam bilikdirmi?” (Is justified true belief knowledge?) Qetier bu məqalədə göstərməyə çalışır ki, Platondan bu günə qədər yekdil şəkildə biliyə verilən ənənəvi tərif uğursuzdur, yəni biliyə “əsaslandırılmış doğru inam” kimi tərif vermək olmaz.

İnsan “P-ni bilirəm” deyə bilməsi üçün ilk növbədə P-yə inanmalı, bu inamı doğru olmalı və bu inamın doğru olduğunu əsaslandırmalıdır.[1] Bu üç komponentdən biri olmazsa, “bilik” əsla gerçəkləşməz. Ənənəvi yanaşmaya görə, əsaslandırılmış doğru inam bilik, bilik də əsaslandırılmış doğru inam deməkdir; “əsaslandırılmış doğru inam=bilik”, “bilik=əsaslandırılmış doğru inam”. Yəni mümkün deyil ki, insan nəyəsə əsaslandırılmış doğru inamı olsun, amma eyni zamanda bu, bilik hesab olunmasın və ya əksinə; nəyisə bilsin, amma ona əsaslandırılmış doğru inamı olmasın. Bu o deməkdir ki, “əsaslandırılmış doğru inam” biliyin gerçəkləşməsi üçün həm gərəkli, həm də yetərli şərtdir. Amma Qetier iki “əks örnək”lə yuxarıda qeyd olunan “əsaslandırılmış doğru inam” ilə “bilik” arasındakı bərabərliyin olmadığını göstərməyə çalışır, yəni insan nəyəsə əsaslandırılmış doğru inamı olsa da, eyni zamanda onu bilməyə bilər. Bu o deməkdir ki, biliyin gerçəkləşməsi üçün əsaslandırılmış doğru inam gərəkli şərt olsa da, yetərli şərt deyildir. Deməli, biliyə “əsaslandırılmış doğru inam” kimi tərif vermək yanlışdır.

Qetierin öz məqaləsində qeyd etdiyi iki əks örnəyinə bənzər belə bir sadə örnəyə baxaq:

Təsəvvür edin ki, Esmira bu gün axşamçağı atası Əjdərə “özünə bir mobil telefon aldığını” deyir. Ata qızına güvəndiyindən qızının onu aldada və ya ona yalan deyə biləcəyini əsla güman etmir. Esmiranın sözünə güvənərək:

a. Əjdər inanır ki, “qızım mobil telefon alıb”.

Deməli,

b. Əjdər “a”-dan nəticə çıxarır ki, “ailə üzvlərimdən biri mobil telefon alıb”.

Buna görə də həyətdə Əjdərlə qarşılaşan qapı qonşusu ondan “Eşitmişəm ki, ailə üzvlərinizdən biri mobil telefon alıb”, – deyə soruşanda, o da əminliklə cavab verir: bəli, bilirəm ki, “ailə üzvlərimdən biri mobil telefon alıb”.

Bütün bunlara baxmayaraq, Əjdər iki məsələdən xəbərsizdir:

1. Esmira onun gözləntisinin əksinə olaraq, onu aldadıb və ona yalan deyib.

2. Əjdərin həyat yoldaşı bu gün onun xəbəri olmadan özünə mobil telefon alıb.

Bu misaldan belə görünür ki, biliyin ənənəvi tərifinin şərtləri – inam, doğruluq və əsaslandırma – tamamilə ödənilir: 1. Əjdər inanır ki, “ailə üzvlərimdən biri mobil telefon alıb”; 2. Əjdərin: “ailə üzvlərimdən biri mobil telefon alıb”, – cümləsi doğrudur, çünki gerçəkliyə – həyat yoldaşının özünə bir mobil telefon aldığı faktına – uyğun gəlir; 3. Əjdər bu inamının doğru olduğunu əsaslandırır, çünki Esmiranın sözünə güvənir. Beləliklə, deyə bilərik: Əjdər bilir ki, “ailə üzvlərimdən biri mobil telefon alıb”. 

Amma intuitiv olaraq burada hər kəs anlayır ki, Əjdərin ailə üzvlərindən birinin mobil telefon almasına əsaslandırılmış doğru inamı olsa da, o bunu bilmir. Deməli, biliyin hər üç şərti burada ödənsə də, “Əjdər bilir ki…” deyə bilmirik. Çünki Əjdərin inamı təsadüfən və ya şans nəticəsində doğru çıxıb, baxmayaraq ki, o öz inamını əsaslandırır.

63-cü ildən bəri Qetier tərəfindən biliyin tərifinə edilən irad hələ də epistemologiyada müzakirə olunur. Kimisi bu kimi iradların doğru olmadığını deyir, kimisi həmin iradların doğru olduğunu deyib tərifə düzəliş edir, kimisi də düzəlişin mümkün olmadığını deyib mövcud tərifdən büsbütün imtina edir.     

 Emin İmanlı

Aqora Fəlsəfə Akademiyasının təsisçi və baş redaktoru


[1] “P” simvolu burada, sadə dillə desək, hər hansı bir fikri və ya nəqli bir cümləni nəzərdə tutur. Məsələn, bilirik ki, “Platon Aristotelin müəllimi olub” və ya bilirik ki, “Yer Günəş ətrafında hərəkət edir” və s.

Contact Us