Yazılar

Radikal şəkkin müdafiəsi

1. İllüziya yaradan maddələrin istifadəsi təcrübəsi göstərir ki, insan istifadə etdiyi maddənin növünə uyğun illüziyaya məruz qalır. Belə ki, bəzi maddələr zaman axışının təbii sürətini dəyişir, bəziləri əşyaların miqdar və ölçülərini dəyişir, bəziləri isə, yəni ən şiddətliləri insan üçün büsbütün fərqli bir təcrübənı, hətta bütöv bir həyatı əvəz edə biləcək yeni və yaradıcı təcrübələr doğurur. Belə bir vəziyyətdə gerçəkliklə illüziya arasında hər hansı bir sərhəd olmur. Maraqlısı odur ki, illüziya yaradan hər hansı bir maddənin ortaq şəkildə istifadəsi hallarında istehlakın növ və miqdarı ilə mütənasib olan ortaq təcrübələrın olduğu dəfələrlə bildirilmişdir. Yəni illüziya yaradan eyni bir maddədən istifadə etmiş insanlar bəzən eyni təcrübələr yaşamış və ya ən azı, bir-birlərinin təcrübələrini daha asan şəkildə dərk edə bilmişlər.

Əsas sual belədir: iddia etmək olarmı ki, dünyadakı ən böyük və ən yayğın illüziya yaradan maddə “hava”dır? Biz hamılıqla illüziya yaradan bu qazı istifadə etdiyimizdən dolayı elə bir kollektiv illüziyaya məruz qalmamışıqmı ki, öz illüziyalarımızı gerçək sanır və onları xarici dünyaya aid edirik? Biz həyatımızın bütün anlarında – hətta yuxuda ikən, hətta nəfəsimizi sinəmizdə həbs edərkən, hətta ən elmi sınaqları həyata keçirərkən, hətta zahirdə qəti görünən riyazi bir tənlik həll edərkən belə, bu qazı istifadə edirik. İllüziyamız kəsintiyə uğramasın deyə hətta bu qazı özümüzlə birlikdə dənizlərin altına, yerin dərinliklərinə və ya fəzanın ucqar nöqtələrinə və digər planetlərə aparırıq. Bildiklərimiz, gördüklərimiz və etdiklərimiz illüziya yaradan bu güclü maddənin təsiri altında deyilmi?

2. Əgər yuxarıdakı mətn diqqətimizi özünə çəkirsə və bizə məntiqli görünürsə, onda nə etməliyik? Bu baxışın nəticəsi nədir? Hər şey kollektiv illüziyanın hasilidirmi? Heç bir həqiqət yoxdurmu? Bu, skeptik və sofistlərin dəyirmanına su tökməyəcəkmi?

Zahirdə skeptik görünən təhlili bir addım da irəli aparmaq olar. Ümumiyyətlə, həqiqətin özü nədir? Məgər həqiqət təsəvvürünün özü belə, illüziya yaradan həmin qazın istifadəsindən irəli gəlmirmi? “Həqiqət nədir”, – sualının özü illüziyalı bir sual deyilmi? Ümumiyyətlə, bu zaman nəsə qalırmı ki, skeptik biri hətta ona şəkk edə bilsin?

3. Maraqlısı odur ki, əgər bu radikal tənqidi davam etdirsək, bu zaman hətta skeptikləri belə özündə qərq edəcəkdir. Başqa sözlə, həqiqətin şəkkli və dərkedilməz olması, hətta təcrübələrimizin illüziya olması ilə bağlı bütün iddialar – bütün bunlar bu və ya digər şəkildə həqiqəti önfərz olaraq qəbul edir və nəticədə elə əvvəlcədən ziddiyyətə yuvarlanırlar. Skeptisizmin bütün tarixi bu ziddiyyətə məruz qalır. Skeptik insan radikal tənqid jestini alır, ancaq cəsarət göstərib onu sonadək, özünə qədər davam etdirmir. Deməli, əgər radikal tənqidi bir neçə addım irəliyə aparsaq, o zaman skeptisizm mərhələsindən də ötüb keçəcəyik.

4. Növbəti addım isə ən əsas addımdır: illüziyanın mümkün, hissi-idraki vasitələrimizin məhdud olduğunu fərz etməklə həqiqət barədə yeni bir təfsirə nail olmaq. Yuxarıdakı təmsildə “hava” bu deyilənlərin metaforu idi. Bu elə Kantdan Hegelədək alman idealizmini zəruri qılan layihədir.  

Ölməli olan istər-istəməz öləcək. Əski həqiqət (realizm) bütün mifləri ilə birgə – onun ən böyüyü “gerçəkliklə uyğunluq üzərində qurulan həqiqət” anlayışıdır – çökəcək. Amma təbliğatçılarının təbliğatının əksinə olaraq, belə bir çöküş ilə üzləşmək sadəcə skeptisizmə gətirib çıxarmayacaq. Əzqəza, idealizmin ilk hədəfi də elə realizm/ skeptisizm ikiliyinin yalan olmasını göstərib, onun qarşısında real bir alternativ təqdim etməkdir. Bu kiçik yazının hədəfi yuxarıdakı suallara müsbət bir cavab vermək deyil, əksinə, Kant və Hegeli oxuma zərurətini açıqlamaqdır. Şəkk son deyil, başlanğıcdır. Bura – şəkkin zirvəsi fəlsəfənin sonu deyil, əksinə, yeni bir həqiqət formalaşdırıb dünya və özümüzlə yeni bir üzləşmədir. Bura həmin o yerdir ki, Kantın deyimi ilə desək, biz öz doqmatizm yuxumuzdan təzə-təzə ayılırıq. Kantla başlayıb Hegellə öz zirvəsinə yüksələn bu yol hələ də davam edir.

Məhəmmədmehdi Ərdəbili

Mənbə: Müəllifin rəsmi telegram səhifəsindən

Radikal şəkkin tənqidi

Yazının müəllifi M. Ərdəbili skeptik bir senari (“illüziya yaradan hava” adlı düşüncə eksperimenti) iləri sürdükdən sonra ilk olaraq alman idealizminin hədəfini realizm/ skeptisizm ikiliyinin yalan olmasını göstərmək kimi dəyərləndirib onu (idealizmi) bu ikiliyin qarşısında real bir alternativ hesab edir. O belə yazır:

“Ölməli olan istər-istəməz öləcək. Əski həqiqət (realizm) bütün mifləri ilə birgə – onun ən böyüyü “gerçəkliklə uyğunluq üzərində qurulan həqiqət” anlayışıdır – çökəcək. Amma təbliğatçılarının təbliğatının əksinə olaraq, belə bir çöküş ilə üzləşmək sadəcə skeptisizmə gətirib çıxarmayacaq. Əzqəza, idealizmin ilk hədəfi də elə realizm/ skeptisizm ikiliyinin yalan olmasını göstərib, onun qarşısında real bir alternativ təqdim etməkdir”.

M. Ərdəbilinin aşağıdakı suallara cavab verməsini istərdim:

1. Realizmin çöküş səbəbi nədir? M. Ərdəbili fərqindədir ki, filosofun işi öngörmə deyil, fəlsəfi müddəaların lehinə və ya əleyhinə dəqiq arqument gətirməkdir. Görəsən, M. Ərdəbilinin dəlili elə “illüziya yaradan hava” düşüncə eksperimentidir? Onun özü yazıda üstüörtülü şəkildə bu düşüncə eksperimentinin özünüinkarla nəticələndiyini hesab edir. Realizmin inkarı ilə bağlı skeptiklərin dəlillərindən başqa digər dəlil və ya dəlilləri varmı? O dəlil və ya dəlillər nədir?

2. M. Ərdəbili “skeptisizm mərhələsindən ötüb keçmək” dedikdə nəyi nəzərdə tutur? Bu onun skeptisizmə cavab verə bilməməsi deməkdir? Onda nə üçün skeptisizmi inkar edib? Yoxsa başqa bir məna nəzərdə tutur? Elədirsə, o məna hansıdır?

3. “Bir problemi ötüb keçmək” ifadəsi bəzən o zaman irəli sürülür ki, filosof həmin problemin cavabının olmadığını göstərə bilsin (necə ki bəzi epistemoloqlar biliyin tərifi ilə bağlı Qetierin iradlarına belə bir reaksiya veriblər). M. Ərdəbilidən aşağıdakıları göstərməsini istərdim:

Birincisi, indiyədək skeptisizmə verilən cavablara (məsələn, Vitqenştaynın “şəxsi dil” arqumenti) iradı nədir? İkincisi, ümumiyyətlə, skeptisizmə cavab verilməsinin mümkün olmadığını göstərsin və beləcə bununla bağlı bütün gələcək cəhdləri də uğursun hesab edə bilsin. M. Ərdəbilinin deyimi ilə desək, “əski həqiqətin (realizm) bütün mifləri ilə birgə çöküşü”nü göstərmək üçün onun qarşısında bundan başqa bir yol yoxdur.

4. M. Ərdəbilinin hazırkı yazısı həqiqətin bir nümunəsidir, ya yox? Əgər cavab mənfidirsə, onda nə üçün onu qəbul etməliyik? Əgər müsbətdirsə, onda həqiqətin hansı mənası ilə onu qəbul etməliyik? – Gerçəkliklə uyğunluq mənası ilə? (Əlbəttə, o bu mənanı, öz deyimilə desək, “mif”i qəbul etmir, çünki onun çöküşünə inanır.) Yoxsa başqa bir məna ilə? Həqiqətin o başqa mənası hansıdır və onun lehinə nə kimi bir dəlili var?

5. M. Ərdəbilinin idealizmin lehinə müsbət dəlili nədir?          

Əbdürrəsul Kəşfi

Mənbə: Müəllifin rəsmi telegram səhifəsindən

Fars dilindən tərcümə: Emin İmanlı

Aqora Fəlsəfə Akademiyasının təsisçi və baş redaktoru

   

Contact Us