Yazılar

Ruhun mücərrədliyi haqda

Hər insan özünü müşahidə edəndə intuitiv olaraq dərk edir ki, hiss və ya müəyyən bir əsaslandırma ilə bilinən bədən üzvlərinin, hissələrinin – məsələn, duyğu orqanları ilə qavranılan xarici üzvlərin, habelə hiss və təcrübə ilə bilinən daxili üzvlərin – ötəsində “mən” adlı bir nəsnə vardır. Bu bəzən “ruh”, bəzən “öz”, bəzən isə “nəfs” sözləri ilə ifadə olunur.

Əgər həmin həqiqət bədən, ya onun üzvlərindən və ya hissələrindən biri və yaxud onun xüsusiyyətlərindən biri olsaydı – nəzərə alanda ki, onların hamısı maddidir, maddənin də özəlliklərindən biri bölünmə və tədrici dəyişmədir – o, bölünə və dəyişə bilən maddi bir nəsnə olardı. Halbuki o belə deyil, çünki biz özümüzdən ayrılmayan bu intuitiv müşahidəyə müraciət edəndə – özümüzü ilk dəfə dərk edən andan etibarən bu intuitiv müşahidəni xatırlayırıq – zərrəcə belə dəyişmədən və çoxalmadan öz halında qalan eyni bir nəsnə ilə üzləşirik.

Bunun əksinə olaraq, bədənimizin, onun hissələrinin və xüsusiyyətlərinin öz maddə, şəkil, hal və formalarında hər bir cəhətdən dəyişdiyini görürük. Həmçinin biz bədən, onun hissələri və xüsusiyyətlərindən fərqli olaraq, həmin həqiqətin bölünməz bəsit bir nəsnə olduğunu görürük. Deməli, həmin həqiqət nə bədəndir, nə onun hissələrindən, nə də onun xüsusiyyətlərindən biridir.  

Materialistlər bu həqiqəti inkar edərək belə iddia edirlər: müşahidə etdiyimiz bu həqiqət idrakları ardıcıl, olduqca sürətli və vəhdət şəklində mərkəzi üzvə – beyinə ötürən əsəb sistemindən başqa bir şey deyil. Beyində isə eyni vəziyyətə malik birləşmiş bir toplu var, belə ki, hissələri nə bir-birindən seçilir, nə də bir-birini əvəzləyir. Əmələ gələn bu vahid nəsnə bizim müşahidə etdiyimiz və “mən” ilə ifadə etdiyimiz özümüzük. Dəyişməz olaraq gördüyümüz şey, əslində, idrakların ardıcıl və sürətlə axdığına görə müşahidəmizdə yanlış olaraq dəyişməz kimi görünür.  

Bəziləri bunu bir tərəfdən suyun daxil olduğu, digər tərəfdən isə eyni ölçüdə suyun çıxdığı həmişə dolu hovuza bənzədirlər. Hissimiz hovuzdakı suyu sabit və vahid olaraq müşahidə edir, əslində isə o, nə sabitdir, nə də vahid. Həmçinin hissimiz insan, ağac və s. nəsnələrin şəkilini hovuzda vahid və sabit olaraq müşahidə edir, halbuki o nə vahidir, nə də sabit, əksinə, həm çoxdur, həm də suyun hissələrinin tədrici olaraq dəyişdiyinə görə dəyişkəndir.

Özümüzdə müşahidə etdiyimiz sabitlik, vəhdət və eynilik də bu qəbildəndir. Düzdür, həmin həqiqət bizim bütün hissələrimizdən tamamilə fərqlidir, amma bu onun bədəndən və onun xüsusiyyətlərindən tamamilə fərqli olduğunu isbat etmir, əksinə, o, idrakların ardıcıllığı və axışı baxımından birləşmiş bir topludur; özündən xəbərsiz deyil, çünki özündən xəbərsizlik əsəb sisteminin öz funksiyasını dayandırması deməkdir, bu isə ölümdür.

Həmçinin materialistlər iddia edirlər ki, bədən xüsusiyyətlərindən hər birinin maddi səbəbini bilirik, amma bədəndə maddənin qanunlarına tabe olmayan ruhi (qeyri-maddi) bir iz tapa bilmirik ki, onun varlığını təsdiqləyək.

Bəzi müasir materialistlər isə iddia edirlər ki, anatomik və fizioloji məlumatlara əsasən, bioloji və psixoloji xüsusiyyətlər insan həyatında təməl hesab olunan canlı bakteriyalar və hüceyrələrə əsaslanır. “Ruh” onların hər birinə məxsus olan bir haldır; beləcə çoxsaylı “ruhlar” ortaya çıxır. İnsan üçün vəhdət şəklində müşahidə olunan həqiqət, əslində, kollektiv şəklində saysız-hesabsız “ruhlar”dan ibarət olan bir topludur. Ona görə də bu psixoloji xüsusiyyətlər hüceyrələrin ölməsi ilə yox olurlar. Deməli, bədən öldükdən sonra öz həyatını davam etdirən mücərrəd (qeyri-maddi) ruh anlayışı mənasızdır.

Bu, materialistlərin bədən üzvlərinin ötəsində heç bir nəsnənin olmadığına dair əsas arqumentidir. Burada digər mübahisəli arqumentlər də var ki, iddiaları cavablandırdıqda onlara toxunacağıq.

Birinci iddiaya cavab: əgər fərz olunan şey, əslində, heç bir vəhdətə malik olmayan çoxsaylı nəsnələrdirsə, həmin nəsnələrin ötəsində başqa bir nəsnə yoxdursa və “vahid mən” olaraq müşahidə edilən nəsnə eynilə bu çoxsaylı idraklardan ibarətdirsə, o zaman özündən başqasını müşahidə etməyən bu vahid nəsnənin gerçəkləşməsinə nə səbəb olur? Bu vəhdət haradan yaranıb?

Onların sualımıza cavab olaraq qeyd etdikləri “kollektiv vəhdət” tamamilə aidiyyətsizdir, çünki kollektiv baxımdan vahid hesab olunan nəsnə, əslində, çoxdur; öz-özlüyündə deyil, hissə və ya xəyal qüvvəmizə görə “vahid” hesab olunur. Halbuki fərzimizə görə, öz-özlüyündə çoxsaylı olan idraklar “mən” müstəvisində vahid bir dərkdən ibarətdir.

Kimsə: “Burada idrak edən elə beyindir”, – deyə iddia etsə, cavabında deyərik: fərzimizə görə, beyinin bu idrakların ötəsində başqa bir idrakı yoxdur ki, onlara aid olmuş olsun. Necə ki hissi idraklarımız öz xarici obyektlərinə aid olaraq çıxış edirlər, yəni duyğularımız həmin xarici obyektlərdən hissi obrazlar əldə edirlər.

Kimsə: “o çoxsaylı nəsnələr heç bir vəhdətə malik deyillər, sadəcə hiss və ya dərrakə qüvvəsi yanlışlığa yol verərək çox olanı vahid olan kimi dərk edir”, – deyə iddia etsə, cavabında deyərik: yanlışlıq nisbi anlayışlardan hesab olunur, belə ki, yanlışlıq hissin özündə olanı xaricdə müşahidə olunan gerçəkliklərlə müqayisə edəndə yaranır. Hissin özündə olan isə gerçək bir nəsnədir. Məsələn, böyük cismi uzaqdan kiçik qara bir nöqtə kimi müşahidə edirik. Hissin özündə olan şeydə – kiçik qara nöqtə – heç bir yanlışlıq yoxdur, yanlışlıq yalnız o zaman yaranır ki, biz hissin özündə olanı xaricdə müşahidə olunan gerçəkliklə müqayisə edək. Halbuki fərzimizə görə, çoxsaylı olan idrakların ötəsində başqa bir şey yoxdur ki, həmin şeydə olanı bu idraklarla müqayisə etməklə yanlışlığın baş verdiyini deyə bilək.

İkinci iddiaya cavab: ruhun varlığını qəbul edənlər bədən aktlarının bəzisini bədənə, bəzisini isə ruha isnad etmirlər ki, nəticədə birinci qrupa aid olan aktlar səbəbləri bəlli olan kateqoriyaya, ikinci qrupa aid olan aktlar isə səbəbləri məchul olan kateqoriyaya daxil olmuş olsun. Belə bir bölgü aparmadıqlarına görə ikinci iddiada səsləndirilən irad onlara aid olmur. Əksinə, onlar bütün aktları vasitəsiz olaraq bədənə, vasitəli olaraq isə həmin həqiqətə (ruha) isnad edirlər. Onlar sadəcə olaraq bədənə isnad edilməsi mümkün olmayan aktı ruha isnad edirlər. Bu isə, qeyd olunduğu kimi, insanda olan özünüdərk, özünümüşahidə aktıdır.

Üçüncü iddiaya cavab: birinci iddiaya verdiyimiz cavabdan əlavə, elmi tədqiqatlarla kəşf edilən maddi qanunlar əsasında maksimum bunu demək olar ki, təbii səbəblər ruhun varlığını isbat edə bilməz və onlardan ruhun varlığını nəticə çıxarmaq olmaz. Qədimdən bəri deyildiyi kimi: “nəyisə tapmamaq həmin şeyin var olmadığı demək deyil”. Beləliklə, aydın olur ki, “mən” kimi ifadə edilən həmin həqiqətin varlığı inkaredilməzdir.   

Məhəmmədsadiq Ruhani

Mənbə: “Cəbr və ixtiyar” kitabı, səh. 42-48

Ərəb dilindən tərcümə: Emin İmanlı

Aqora Fəlsəfə Akademiyasının təsisçi və baş redaktoru

Contact Us