Yazılar

Ruhun varlığının isbatı

Ruhla bağlı bir çox ziddiyyətli fikirlərin meydana çıxmasının əsas səbəbi maddi və mürəkkəb aləm ilə mücərrəd ruh anlayışının bir araya sığa bilməməsidir. Ruh haqqında fikirlərdən biri də belədir: ruh beyindəki neyronların məhsuludur; onların fiziki-kimyəvi birləşməsindən yaranır. Yəni neyronlarda ayrı-ayrılıqda zehni bir xüsusiyyət yoxdur, lakin aralarında əlaqə qurulan zaman “zehin” adlı bir nəsnə formalaşır ki, buna da “ruh” deyilir.

Daha dəqiq desək, bu yanaşmaya görə, ruh deyilən şey, əslində, elə neyronların bir-birləri ilə əlaqəyə girdiyi zaman yaranan o prosesin adıdır. Bu isə “ruh” adlı müstəqil bir varlığın olmadığı deməkdir. Bu yanaşmanı diqqətlə nəzərdən keçirəndə, bu fikrin altında belə bir iddianın dayandığını deyə bilərik: “ayrı-ayrılıqda özündə bir xüsüsiyyəti daşımayan nəsnələr əlaqəyə girdikləri zaman yeni bir xüsusiyyəti özlərində formalaşdırır”.

Belə bir iddia nə qədər əsaslıdır? Ruh adlı nəsnəni neyronlar arasındakı əlaqə səviyyəsinə endirmək olarmı? Qənaətimizcə, bu iddia ciddi bir sübuta əsaslanmır, sadəcə müşahidə əsasında irəli sürülmüş bir fikirdir. Bu yanaşmada fiziki aləmdə iki nəsnənin birləşərək fərqli bir nəsnə ortaya çıxarmasından ilham alınaraq belə bir halın da mümkünlüyü irəli sürülür. Məsələn, hidrogen ilə oksigen birəşib su əmələ gətirir. Diqqət etsək, əvvəlcədən hidrogen ilə oksigenin təklikdə özlərində belə bir xüsusiyyət yox idi, birləşdikdən sonra su xüsusiyyəti yarandı. Bu hala fiziki aləmdə saysız-hesabsız nümunələr göstərmək olar. Yəni iddia olunur ki, prosesləri tək-tək deyil, bütünlüklə ələ almaq lazımdır. Bu o deməkdir ki, nəsnələri tək-tək nəzərdən keçirdikdə, onların arasında keçid olmadığı üçün bütünlüklə prosesi qəbul edirik. Misal üçün, “qum yığını” paradoksunu nəzərdən keçirək. Bir qum yığınından bir qum dənəsi götürsək, o yenə də qum yığını olaraq qalır, lakin bu prosesi bir ədəd qum dənəsi qalana qədər davam etdirsək, bu zaman o, qum yığını olmaqdan çıxıb bir qum dənəsinə çevriləcək. Burada problem ondan ibarətdir ki, bu proses zamanı qum yığınının hansı həddən sonra qum yığını olmaqdan çıxdığını bilmək mümkün deyildir. Belə bir keçid yoxdur, amma qum yığını bir zaman sonra qum dənəsinə çevrilir. Buna görə də proses bütövlüklə götürülən zaman paradoks olmaqdan çıxdığı zənn edilir. Belə bir hadisənin paradoks olmasının səbəbi elə budur ki, “A”-nın “B”-yə çevrildiyini biz görürük, lakin “A”-dan “B”-yə keçidin mümkün olmadığını bilirik. O zaman bu prosesi bütünlüklə ələ almaq özü-özünü təkzib etmək deməkdir. Bu sadəcə müşahidəyə dayanan bir iddiadır. Elə irəli sürülən dəlil də müşahidənin bir illüziya olduğunu göstərir. Keçid olmadığı təqdirdə hadisəni (prosesi) bütünlüklə ələ ala bilmərik. 

Bu məqalədə mürəkkəb bir proses baş verərkən T1  zamanında iki neyron arasında əlaqə olmadığını iddia etdikdən sonra T2 zamanında da hər hansı bir əlaqənin qurulmasının qeyri-mümkünlüyünü izah edəcəyik. İnsanın mücərrəd tərəfinin olmasını isbat etməklə onun maddi bədəndən ibarət ola bilməyəcəyini göstərəcəyik. Biz “Nə üçün idrak beyində baş vermir?” adlı məqaləmizdə idrakın maddədə baş verməsinin mümkünsüzlüyünə toxunmuşduq. İndi isə həmin dəlili daha da sadələşdirməyə çalışıb insanın mücərrəd tərəfinin olmasını, onun maddədən ibarət olmadığını, başqa sözlə, ruhunun varlığını göstərməyə çalışacağıq.

Bildiyimiz kimi, insan idrak edən varlıqdır. İnsanın idrak edən olması, idrakın isə mürəkkəb deyil, bəsit olması insanın mücərrəd tərəfinin göstəricisidir. “İdrak nədir?” “Niyə idrak mücərrəddir?” “Bir şeyin başqasını idrak etməsi nə deməkdir?” kimi sullarının cavabını sona saxlayırıq. Öncə maddə ilə idrakın bir yerə sığa bilməyəcəyini, onların bir-birinə zidd olmasını göstərmək lazımdır.

Mürəkkəb olan nəsnəni diqqətlə nəzərdən keçirəndə mürəkkəbliyin vahidliklə (təklik) bir araya gələ bilmədiyinə, elə bu səbəbdən də mürəkkəb olanın ayrı-ayrı hissələr olması və həmişə də ayrı qalmalı olduğuna diqqət etsək, məsələ öz həllini tapar. Aydın olduğu kimi, mürəkkəb nəsnə ayrı-ayrı hissələrdən ibarətdir, ayrıdırsa, deməli, heç bir əlaqəli sistem yoxdur. Çünki “əlaqə” və “ayrı olmaq” bir birinə ziddir. Bu səbəbdən “filan nəsnə mürəkkəbdir, amma eyni zamanda həm də vahiddir”, – cümləsi, əslində, ziddiyyətlidir. Daha sonra göstərəcəyimiz kimi, sonradan iki cisim birləşib hər hansı bir əlaqə qura bilməz. Maddi cisimdə idrakın olduğunu deyərkən bu anlaşılır ki, iki cisim arasında T1 zamanında heç bir əlaqə yox idi, daha sonra T2 zamanında fiziki-kimyəvi proseslər baş verdikdən sonra əlaqə quruldu və idrak aktı baş verdi. Göstərmək isdədiyimiz problem də elə buradadır. Şübhəsiz, hər kəs qəbul edir ki, T1 zamanında iki neyron arasında əlaqə yoxdursa, T2 zamanında da bu əlaqə qurulmursa, deməli, orada idrak baş verə bilməz. İddiamız da elə bundan ibarətdir ki, T1 zamanındakı idraksızlıq anında əlaqə yox idisə, T2 zamanında da heç vaxt əlaqə qurula bilməz və beləcə, idrak aktı həyata keçməyəcək. İki ayrı nəsnə birləşib vahid nəsnə halını ala bilməz.

Mürəkkəb quruluşda nə üçün əlaqədən söz gedə bilməyəcəyini “Nə üçün idrak beyində baş vermir?” adlı məqaləmizdə ətraflı izah etmişdik. Burada bir daha qısa şəkildə həmin dəlilin izahını verməklə kifayətlənirik. Fərz edin ki, “A” ilə “B” arasında əlaqə qurulur. “A” da “B”-dən ayrı bir nəsnədir. Əgər “A” “B”-yə hər hansı bir əlaqə ilə bağlansa, burada iki hal baş verəcək: ya onlar birləşib vahid bir nəsnə olmalı, ya da “A” və “B” ayrı olduqları halda üçüncü bir əlaqə ilə birləşən bir sistem halında olmalıdır. Məlumdur ki, birinci hal baş verə bilməz. İki ayrı nəsnə birləşib vahid şey olursa, onda onlar maddi – yəni mürəkkəb deyil, mücərrəd – yəni bəsit olmalıdır. Yox, əgər ikinci hal baş verərsə, yuxarıda dediyimiz kimi, burada T1 zamanındakı hal ilə T2 zamanındakı hal arasında heç bir fərq yoxdur. Çünki onlar ayrı nəsnə olub əlaqə yaradırlarsa, o zaman bu əlaqədə üçüncü bir ayrı nəsnə olmalıdır. Bu üçüncü nəsnə isə bu ikisini birləşdirmək üçün öncə özü “A” və “B”-yə bağlanmalıdır. Bunun üçün də üçüncü nəsnənin başqa bir nəsnəyə ehtiyacı vardır və bu silsilə sonsuza qədər davam edəcək, nəticədə heç bir əlaqə, vahidlik yaranmayacaq. Beləliklə, yuxarıda dediyimiz kimi, ayrı ikən idrak yox idisə, zahirdə aralarında əlaqə qurulduğunu zənn etdiyimiz nəsnələr yenə də bir-birindən ayrıdır. Deməli, idrak mürəkkəb quruluşda baş vermir. Buna görə də idrak mücərrəd bir aktdır. İnsanın idrak etməsi isə onun ruhunun var olduğunu göstərir, yəni mürəkkəb maddədə idrak aktının baş verməsinin mümkünsüzlüyü insanın maddi bədəndən ibarət ola bilməyəcəyinə aydın və qəti bir dəlildir.

İndi isə idrakın nə olduğuna, onun mücərrəd akt olduğunu dedikdə nəyin nəzərdə tutulduğuna baxaq. Mücərrədlik idrak etmənin gərəkli şərtidir. İdrak – nəsnənin özü-özündə olması deməkdir. Sadə dildə desək, əgər bir nəsnə cisim kimi uzunluq, dərinlik və en kimi ölçülərə sahib deyilsə və onun hər bir yanı özündədirsə, bu, mücərrədlik deməkdir və mücərrədliyin zatından doğan “özündə olma” idrak etmək deməkdir. Bir nəsnənin digərini idrak etməsi isə iki şey arasında fasiləsiz bağlılığın olmasıdır. Bu da bir mücərrədin başqa mücərrədə varlıq müstəvisində birləşməsidir. Burada birləşib vəhdət (təklik) halını almağı cisimlərdəki kimi iki ayrı şeyin birləşib vahid şey olması kimi anlamaq olmaz. Çünki mücərrəd nəsnə ədədlə sayılmır. Onunla bağlı işlətdiyimiz vahid (tək) sözü məcazi məna ifadə edir; bu, riyaziyyatdakı “bir” rəqəmindən tamamilə fərqlidir. Bunu daha yaxşı başa düşmək üçün “ağlıq” anlayışına nəzər salaq. İkinci bir ağlıq yoxdur; onunla bağlı hər hansı bir ədəd işlətmək olmaz. Çünki onun ikincisi təsəvvür edilməzdir. Onunla bağlı işlədilən ədəd riyaziyyatdakı ədədlər kimi olsaydı, o zaman cisimlərdə olan problem burada da ortaya çıxmış olardı. Riyaziyyatda “bir” rəqəmini müstəqil təsəvvür etmək mümkün deyildir. “Bir” təsəvvür edildiyi zaman mütləq “iki”, “üç”, və s. bu kimi ədədlərin də varlığı qaçılmaz olur. Ona görə də bəsit varlığa fərqli prizmadan baxmaq lazımdır.

Camal Dadaşov

Aqora Fəlsəfə Akademiyasının üzvü

Contact Us