Yazılar

Səfsətə nədir və neçə növdür?

Məntiq elminin əsas hədəfi düşünərkən zehni yanlış düşünməkdən qorumaqdır. İnsan potensial olaraq məntiqli düşünmək və qərar vermək qabiliyyətinə malik olsa da, düşünərkən müxtəlif xətalara yol verə bilir. Təfəkkür prosesində ortaya çıxan xətalara “məntiqi xətalar” deyilir. Bəzən insan bu xətalardan xəbərsiz olduğu üçün yanlış nəticə çıxarır. Deməli, məntiqi xətaların qurbanı olmamaq üçün məntiq elmində bu mövzunu araşdırmaq lazımdır. Bu yazımda məntiq elminin mühüm mövzularından olan “səfsətə” (məntiqi xəta) və onun geniş yayılmış beş növündən söz açacağam. 

Səfsətə nədir?

Gəlin ilk olaraq səfsətənin tərifi ilə başlayaq. Məntiq elmində səfsətənin tərifi ilə bağlı deyilənləri qısa şəkildə belə ifadə edə bilərik: səfsətə – ilk baxışda doğru və məntiqi qaydalara uyğun olub, əslində isə doğru olmayan məntiqi xətaya deyilir.

Səfsətə bəzən məqsədyönlü şəkildə qarşı tərəfi aldatmaq üçün həyata keçirilə bilər və bəzən də insanın özünün fərqində olmasa belə, qurbanı olduğu bir məntiqi gedişat ola bilər. Deməli, səfsətənin qurbanı təkcə başqaları deyil, insanın özü də ola bilər, yəni insan özü də bilmədən səfsətə edə və özünü öz toruna sala bilər.

Səfsətələri bir baxışda iki yerə bölə bilərik: bəsit və mürəkkəb səfsətələr. Bəsit səfsətə odur ki, üzərində bir az düşünməklə yanlış olduğunu anlamaq olur, amma mürəkkəb səfsətə belə deyil; insan o qədər diqqətli olmalıdır ki, onu üzə çıxara bilsin, çünki səfsətə ilk baxışda “qaneedici” bir arqument kimi görünür, yanlız diqqətlə düşündükdən sonra onun saxta və puç olduğunu anlamaq mümkün olur. 

Səfsətənin geniş yayılmış beş növü

İndi isə gəlin insanlar arasında geniş yayılmış beş səfsətəni nəzərdən keçirək:  

1. Adam qaralama səfsətəsi[1]

Bu səfsətə növündə müəyyən bir şəxsin və ya bir qrupun iddiasına deyil, həmin şəxsin və ya qrupun özünə qarşı tənqid səsləndirilir. Qarşı tərəfi gözdən salmaqla onun iddiasının da əsassız olduğu göstərilməyə çalışılır. Başqa sözlə desək, məsələn, Samirin “x” xüsusiyyəti varsa, deməli, onun dedikləri də doğru ola bilməz. Bu səfsətənin məntiqi formulunu aşağıdakı kimi verə bilərik:

1. “A” şəxsi “X” iddiası ilə çıxış edir.
2. “B” şəxsi “A”-nın xüsusiyyətlərini tənqid edir.
3. Deməli, “A”-nın iddiası yanlışdır.

Aşağıda bu formula uyğun bir neçə nümunəyə baxaq:
1-ci nümunə: Fikrində haqlı ola bilərsən, amma müsəlman olmadığın üçün fikrini qəbul edə bilmərəm. Deməli, müsəlman olmadığın üçün fikrin yanlışdır.

2-ci nümunə: Fərz edək Samir belə deyir: “Dini biliklərlə din iki fərqli şeydir. Deməli, dini bilikləri tənqid etmək dini tənqid etmək anlamına gəlmir”. Elvin isə onun bu fikrinə belə münasibət bildirir: “Sənin bu fikrini qəbul etmək olmaz, çünki sən ilahiyyatçı deyilsən”.

Yuxarıda qeyd olunan nümunələrə diqqətlə nəzər etsək, görərik ki, qarşı tərəf gətirilən arqumentin əleyhinə çıxış etmək əvəzinə arqument sahibinin aiddiyyatsız xüsusiyyətlərini tənqid etməklə onun iddiasının əsassız olduğunu sübut etməyə çalışır. Nə müsəlman olmaq bir fikrin yanlış olması üçün əsas ola bilər, nə də ilahiyyatçı olmamaq din haqda fikir bildirməmək üçün yetərli səbəb ola bilər.

2. Ümumi praktikaya müraciət səfsətəsi[2]

Bu kimi səfsətələrdə qarşı tərəf öz iddiasını qəbul etdirmək üçün böyük əksəriyyətin ümumi rəyini, davranışı əsas kimi gətirərək iddiasının doğru olduğunu sübut etməyə çalışır. Bu qəbildən olan səfsətələrin məntiqi formulu belədir:
1. “X” fikri və ya davranışı böyük əksəriyyətin qəbul etdiyi fikir və ya davranışdır.
2. Deməli, “X” doğru fikir və ya düzgün davranışdır.

Bu formulla bağlı bir neçə nümunəyə baxaq:

1-ci nümunə: İnsanların çoxu öz mənfəətlərinə görə hiyləyə əl atır. Deməli, bu əməl düzgündür, mən də onu edə bilərəm.

2-ci nümunə: Fərz edək ki, bir tələbə imtahanda saxtakarlıq edərək köçürür. Siz ona bunun doğru olmadığını söylədikdə isə sizə “zatən sinifdə olan bütün tələbələr köçürür və mən də hamının etdiyini edirəm”, – deyərək öz iddiasını əsaslandırmağa və etdiyinin düzgün bir əməl olduğunu sübut etməyə çalışır.

Nümunələrdən də göründüyü kimi, qarşı tərəf öz iddiasını əsaslandırmaq üçün məntiqli arqument gətirmək əvəzinə çoxluğu, kütləni əsas gətirərək bu işin düzgün olduğunu sübut etməyə çalışır. Halbuki çoxluğun nəyisə etməsi və ya nəyisə doğru sayması heç də onun düzgün və ya doğru olması üçün dəlil ola bilməz.

3. Yanlış dilemma səfsətəsi[3]

İnsanlar arasında geniş yayılmış səfsətələrdən, başqa sözlə, məntiqi xətalardan biri də yanlış dilemma səfsətəsidir. Bu səfsətədə başqa mümkün seçimlər və alternativlər olduğu halda, seçim etmək üçün yalnız iki yolun olduğu iddia edilir. Bu qəbildən olan səfsətələri aşağıdakı şəkildə formulə edə bilərik:

1. Ya “X” doğrudur, ya da “Y”.                          
2. “Y” yanlışdır.
3. Deməli, “X” doğrudur.

Bu məntiqi formanın səfsətə olması ona görədir ki, məqsədyönlü şəkildə ortada yanlız iki alternativin olduğu iddia edilir, halbuki hər iki alternativ də yanlış ola və ya üçüncü bir alternativ mümkün ola bilər. Bu iki vəziyyətdə birinin yanlış olmasından çıxış edib o birinin doğru olması nəticəsini əldə edə bilmərik. Bir neçə nümunəni gözdən keçirək:

1-ci nümunə:

– Ya müsəlmansan, ya da dinsiz.
– Müsəlman deyilsən.
– Deməli, dinsizsən.

2-ci nümunə:

– Ya kommunistsən, ya da faşist.
– Kommunist deyilsən.
– Deməli, faşistsən.

3-cü nümunə:

– Ya bizimləsən, ya da bizə qarşısan.

– Bizimlə deyilsən.

– Deməli, bizə qarşısan.

Qeyd olunan bu nümunələri nəzərdən keçirəndə aşkarca görmək olur ki, qarşı tərəf bizi iki çıxılmaz vəziyyət, yəni dilemma qarşısında qoymağa çalışır, halbuki bu iki dilemmanın (seçimin) hər ikisi yanlış ola və ya üçüncü bir alternativ mümkün ola bilər. Birinci nümunədə insan müsəlman deyil, məsələn, xristian ola bilər. İkinci nümunədə insan nə kommunist, nə də faşist olmaya bilər, məsələn, kapitalist ola bilər. Üçüncü nümunədə isə insan tamamilə tərəfsiz biri ola bilər.

4. “Sən də” səfsətəsi[4]

Səfsətənin bu növü də insanlar arasında geniş yayılıb, bu səfsətə əsasən sözlə əməl arasındakı ziddiyyətdən qaynaqlanır. Belə ki, bir şəxsin dedikləri ilə əməli arasında ziddiyyət olur, nəticədə həmin şəxsin iddiası rədd edilir. Bu kimi səfsətələrin məntiqi formasını aşağıdakı kimi verə bilərik:

1. “A” şəxsi hər hansı bir iddia ilə çıxış edir.
2. “B” şəxsi “A”-nın iddiasının doğruluğunun onun davranışı ilə ziddiyyətli olduğunu deyir.
3. Deməli, “A”-nın iddiası yanlışdır.

Belə bir nümunəyə baxaq: Arif həkimə müraciət edir və həkim ona siqaret çəkməyin onun sağlamlığı üçün zərərli olduğunu, siqareti tərgitməli olduğunu deyir. Xəstəxanadan çıxan Arif xəstəxananın həyətində siqareti ona qadağan edən həkimin siqaret çəkdiyini görür. Bu zaman belə bir qənaətə gəlir ki, əgər siqaret sağlamlığa ziyan olsaydı, onda həkim özü çəkməzdi. Həkim çəkirsə, deməli, mənə dedikləri yanlışdır.

Nümunədən göründüyü kimi, həkimin özü siqaret çəksə də, onun iddiası öz doğruluğunda qalır; Siqaret çəkmək Arif üçün zərərlidir.

5. Ümumiləşdirmə səfsətəsi[5]

İnsanlar arasında çox vaxt rastlaşdığımız səfsətələrdən biri də ümumiləşdirmə səfsətəsidir. Demək olar ki, bu növ səfsətə məişət həyatından əlavə, elm sahəsində də çox yayğın bir səfsətədir. Bu qəbildən olan səfsətələrdə çox az bir nümunəyə istinad edilərək ümumi bir qayda çıxarılır. Belə səfsətələrin məntiqi formulu aşağıdakı kimidir:

1. “S” nümunəsi “P” toplumundan alınıb.
2. “S” nümunəsi “P” toplumunun kiçik bir hissəsidir.
3. Deməli, “P”-nin hamısı “S” kimidir.

Bu məntiqi formaya uyğun belə bir səfsətə nümunəsinə baxaq: Təsəvvür edin ki, hansısa bir ölkəni ziyarət edirsiniz, hava limanında qarşılaşdığınız ilk insan sizə qarşı kobudluq edir, daha sonra taksiyə minəndə sürücü tərəfindən eyni davranışa məruz qalırsınız və bədbəxtlikdən restoranda da ofisiant tərəfindən oxşar davranışa tuş gəlirsiniz. Nəticədə siz belə bir qənaətə gəlirsiniz ki, bu ölkənin bütün vətəndaşları onun kimi kobuddur. Bu nümunədə, göründüyü kimi, bir qrup insanın davranışları əsasında ümumi bir qayda çıxarılaraq hamıya, yəni həmin ölkənin bütün vətəndaşlarına şamil edilir. Cəmiyyətimizdə bu səfsətənin bir nümunəsi də bir dindardan pis bir davranış gördükdə, onu ümumiləşdirərək bütün dindarlara aid etməkdir. 

Elgün Rəhimli

Aqora Fəlsəfə Akademiyasının üzvü


[1] Ad hominem fallacy

[2] Appeal to common practice fallacy

[3] False dilemma fallacy

[4] Ad hominem tu quoque fallacy

[5] Hasty Generalization fallacy

Contact Us