Yazılar

Tanrının varlığı haqda ontoloji arqument

1. Tanrının böyüklüyü

İbrahimi dinlər kontekstində Tanrı kamil bir varlıq kimi başa düşülür. Yəni o, hər şeyə qadir olan, hər şeyi bilən, tamamilə xeyirxah, kainatın yaradıcısı və özü-özlüyündə var olandır. O həmçinin onu sadəcə kamil deyil, həm də mövcud olan və ya ola biləcək ən kamil varlıq edən başqa xüsusiyyətlərə malikdir.

Teist olmayanlar deyirlər: “Bütün bunlar yaxşı və gözəldir, ancaq hamısı varlığını təsdiq etmədiyimiz bir varlığın təsviridir”. Buna baxmayaraq, Tanrının varlığı haqda “Ontoloji arqument” kimi tanınan məşhur və güclü bir dəlilə əsasən, Tanrının mümkün olan ən kamil varlıq olması onun mövcudluğunu göstərə bilər, yəni Tanrının sadəcə tərifi onun varlığını isbat edir.

2. Anselmin ontoloji arqumenti

Ontoloji arqumentin fərqli versiyaları olsa da, burada ən erkənlərindən birinə, yəni Anselm tərəfindən irəli sürülən versiyaya fokuslanacağam.[1]

Daha əvvəl də qeyd etdiyimiz kimi, Tanrı – özündən daha böyüyü təsəvvür edilə bilməyən varlıqdır. Bu, Anselmin ÖDBTEBV olaraq qısaldacağım bir qədər yöndəmsiz Tanrı təsviridir. Tərifə görə, ÖDBTEBV təsəvvür edilə bilən ən böyük varlıqdır. Əgər Tanrını təsəvvür edə biləcəyinizi düşünürsünüzsə və daha böyük bir varlığı da təsəvvür etmək mümkündürsə, onda ilk olarq təsəvvür etdiyiniz, sən demə, elə Tanrının təsviri deyilmiş. Bu qədər sadə!

Şübhəsiz ki, siz Tanrını təsəvvür edə bilərsiniz. Bir şeyi təsəvvür etmək sadəcə onun haqqında açıq və aydın düşünməkdir; siz elə bu yazının əvvəlindən bunu edirsiniz. Beləliklə, biz, ən azı, Tanrının düşüncədə mövcud ola biləcəyini, yəni təsəvvür edilə biləcəyini bilirik. Hətta ateist də bunu qəbul etməlidir. Ateistin inkar etdiyi və aqnostikin təsdiq və ya inkar etməkdən imtina etdiyi şey, Tanrının həqiqətən var olmasıdır. Beləliklə, yalnız düşüncədə var olan bir şey ilə gerçəklikdə var olan bir şeyi bir-birindən intuitiv olarq fərqləndiririk.

Bu arqumentin əsas mahiyyəti belədir: fərz edək ki, ateistlər, Tanrının əslində var olmayıb, yalnız düşüncədə mövcud olması iddialarında haqlıdırlar. Ancaq o zaman yalnız düşüncədə mövcud olmayan, həm də gerçəklikdə mövcud olan və ÖDBTEBV-dən daha böyük olan bir Tanrı olacaq.[2] Yəni özündən daha böyüyü təsəvvür edilə bilməyən varlıqdan daha böyük bir varlıq olacaq. Ancaq heç bir varlıq özündən daha böyüyü təsəvvür edilə bilməyən varlıqdan daha böyük ola bilməz. Bu, açıq-aşkar ziddiyyətdir! Beləliklə, Tanrının gerçəkdə var olmaması, sadəcə düşüncədə var olması ilə bağlı ilk fərzimiz səhv olmalıdır, çünki ziddiyyətə yol açan hər hansı bir fərz yanlış olmalıdır. Buna görə də Tanrı həm düşüncədə, həm də gerçəklikdə mövcud olmalıdır. Deməli, Tanrı mövcuddur.[3]

Ontoloji arqument diqqətəlayiqdir, çünki yalnız tərifləri və məntiqi qanunları ehtiva edən müqəddimələrdən və ola bilsin, mövcud olan ən önəmli fəlsəfi nəticədən çıxış edərək mühakimə yürüdür. Yalnız Tanrı anlayışı üzərində düşünməklə Tanrının mövcud olduğunu bilə bilərik.

Ancaq bir çox insan, hər şeyə qadir Yaradanın varlığını bu qədər sadə bir şəkildə sübut edə biləcəyimiz iddiasından narahatdır. Bir çox teist və teist olmayan tənqidçilər ontoloji arqumenti müxtəlif cəhətlərdən tənqid etmişlər. Burada ən təsirli tənqidçilərdən yalnız ikisini nəzərdən keçirəcəyəm: Marmutirli Qanilo və İmmanuel Kant.

3. Qanilonun tənqidi

Qanilo rahib və Anselmin müasiri idi. Qanilo “Axmağın adından cavab”[4] yazısında bizdən həqiqətən möhtəşəm bir şeyi təsəvvür etməyimizi xahiş edir: özündən daha böyük bir adanın təsəvvür edilə bilməyəcəyi bir ada – buna ÖDBTEBA deyək. Bu ada düşünə biləcəyiniz bütün heyrətamiz xüsusiyyətlərə malikdir: uzanmaq üçün ağ qumdan təmiz çimərliklər, üzmək üçün isti su və ətrafda turistlərin olmaması. Lakin belə bir adanın yalnız düşüncədə mövcud olması ziddiyyətə səbəb olacaq, çünki o zaman ÖDBTEBA-dan daha böyük mümkün bir şey ola biləcək, yəni mövcud ÖDBTEBA. Deməli, ÖDBTEBA mövcuddur. Adanı özbaşına seçdiyimizə görə hər hansı bir obyekt üçün də eyni arqumenti irəli sürə bilərik: bina, siçan tələsi, at və istədiyiniz hər bir şey.[5]

Qanilonun göstərdiyi budur ki, Anselmin arqumentasiya tərzindən istifadə edərək, açıq-aşkar mövcud olmayan hər cür qəribə nəsnənin varlığını sübut edə bilərik. Bu əsasla Qanilo belə bir nəticəyə gəlir: Anselmin arqumentasiyasında ciddi bir səhv olmalıdır.[6]

4. Kantın tənqidi

Hansına üstünlük verirsiniz – qəhvəyə, yoxsa mövcud qəhvə? Diqqət edin ki, bu ümumiyyətlə qəhvəyə üstünlük verib-verməməyiniz sualından fərqlidir. Qəhvə olmayan qəhvə deyil, amma həm qəhvə, həm də mövcud qəhvə eyni qəhvədirlər. Bu bizi Luis Karul üslubunda mənasız söhbətlərə apardığını düşünürsünüzsə, haqlısınız və bu elə Kantın ontoloji arqumentlə bağlı tənqididir.

Kantın “Saf ağlın tənqidi”ndə yazdığına görə, Anselmin arqumentində səhv olan şey, yalnız düşüncədə olan ilə düşüncədə olduğu kimi gerçəklikdə də olan şey arasındakı fərqdədir. Anselmə görə, iki növ şey var: yalnız düşüncədə var olan şeylər və düşüncədə olduğu kimi, gerçəklikdə də var olan şeylər. Ancaq mövcud bir şey və onun mövcud olmayan qarşılığı iki fərqli şey deyil, belə ki, biri sadəcə mövcuddur, o biri isə mövcud deyil. Bəzi şeylərin mövcud olduğu, digərlərinin isə olmadığı tamamilə doğru olsa da, varlıq heç bir şeyi mövcud olmayan qarşılığından fərqli bir şey halına gətirmir.

Nəticədə Kant deyir ki, varlıq, Anselmin irəli sürdüyü arqument tipinə uyğun gəlməyən olduqca spesifik xüsusiyyət növüdür. Tanrı ilə mövcud olan nəsnələr ilə Tanrı sinifinə daxil olan nəsnələr qrupu arasında heç bir fərq olmadığı üçün, mövcud olan Tanrı sırf bir Tanrıdan daha yaxşı və daha pis ola bilməz. Mövcud olan Tanrı ilə mövcud olmayan Tanrı arasında növ baxımından əhəmiyyətli bir fərq yoxdur.

5. Nəticə

Şübhəsiz, Qanilo və Kant bu mübahisədə son sözü deməyiblər. Qanilo və Kantın ontoloji arqumentlə bağlı tənqidlərinə cavab olaraq güclü arqumentlər irəli sürülüb. Bundan əlavə, ontoloji arqumentin getdikcə daha mürəkkəb versiyaları hazırlanıb və müzakirə edilib. Bir şey dəqiqdir ki, ontoloji arqument – istər ağlabatan olsun, istərsə də olmasın – Tanrının varlığının sübutu olaraq təsiredici və güclü bir cəhddir.

Endrü Çepmen

Mənbə: Məqalənin orijinalını buradan oxuya bilərsiniz.

İngilis dilindən tərcümə: Əlirza Əqdəmibahir


[1] Bu arqumentin digər iki məşhur formulu bunlardır: Dekartın mükəmməllik olaraq varlıq anlayışına əsaslanan formulu (Bax: Mark Bobro, Dekartın meditasiyaları, 4-6) və Alvin Plantinqanın modal ontoloji arqument adlandırılan formulu.

[2] Hansı daha böyükdür; yalnız düşüncədə mövcud olan Tanrı, yoxsa həm düşüncədə, həm də gerçəklikdə mövcud olan Tanrı? Həm gerçəklikdə, həm də düşüncədə mövcud olan bir Tanrının edə biləcəyi və yalnız düşüncədə mövcud olan bir Tanrının edə bilməyəcəyi hər şeyi düşünün: O, dünyalar yarada bilər; duaları dinləyə bilər; yaxşılığın son mənbəyi və ideal forması ola bilər; O, yaxşıları mükafatlandırıb pisləri isə cəzalandıra bilər… Bütün bunlar böyük şeylərdir və yalnız düşüncədə mövcud olan bir Tanrı bunların heç birini edə bilməz.

[3] Siz həndəsə dərslərindən bilavasitə sübut adlandırılan bu cür arqumentləri və ya sübutları xatırlaya bilərsiniz. Filosoflar və ya məntiqçilər bunu “reductio ad absurdum” və ya “absurdluğa müncər olma” adlandırırlar. Gördüyünüz kimi, bu strategiyada sübut etməyə çalışdığınızın əksi fərz edilir, bu fərzin ziddiyyətli olduğu, ya da bir növ məntiqsizliyi göstərilir və buna asasən, ilkin fərzdən imtina edilir.

[4] “Axmaq ürəyində “Allah yoxdur” deyir”. (Məzmur 14: 1)

[5] Qeyd etmək lazımdır ki, biz həqiqətən mövcud olan ən böyük adadan, siçan tələsindən, atdan deyil, mümkün olan ən böyük adadan, siçan tələsindən və ya atdan bəhs edirik. Mövcud hər hansı bir obyekt üçün mövcud olanlardan birinin ən yaxşısı olması inandırıcıdır (bu kimi bir şeyin hər hansı bir amilin vasitəsilə yaxşı bir şey halına gətirilməsi baxımdan). Ancaq mümkün olan və ya təsəvvür edilə bilən ən böyük obyekt haqqında danışmaq tamamilə başqa bir şeydir.

[6] Qanilonun arqumentinin də “reductio ad absurdum” olduğuna diqqət edin: Anselmin arqumentinin etibarlı olduğunu və məntiqsiz nəticələrə yol açdığını fərz edin. Deməli, Anselmin arqumentasiyası qüsurlu olmalıdır.

Contact Us