Yazılar

Tusi: Zəruri varlığın isbatı

Bu kiçik yazımda zəruri varlığı isbat edən arqumentlərdən birini şərh etməyə çalışacağam. İslam fəlsəfəsində zəruri varlığı isbat etmək üçün çoxsaylı fəlsəfi arqumentlərdən söz açılıb. Hər bir arqumentin özünəxas xüsusiyyətləri vardır. Həmin xüsusiyyətlərə görə də arqumentlərin dəyəri dəyişə bilir. Bu zəmində ən maraqlı, qısa və aksiom arqumentlərdən biri – Məhəmməd Curcaninin “Şərhul-məvaqif” kitabında qeyd etdiyi kimi – Xacə Nəsirəddin Tusiyə aid edilən arqumentdir.

Mən bu yazımda ilk olaraq “Şərhul-məvaqif” kitabında qeyd olunan arqumenti tərcümə edəcək və daha sonra həmin arqumenti məntiqi müqəddimələr formasına salıb hər bir müqəddiməni izah edəcəyəm. Arqumenti izah etməzdən öncə qeyd etmək yerinə düşər ki, Tusi arqumentini digər arqumentlərdən fərqləndirən onda olan spesifik bir xüsusiyyətdir. Bu da Tusi arqumentinin yalnız bir anlayışa – mümkün varlığın nə demək olmasına və onun iki əsas özəlliyinin izah edilməsinə ehtiyac duymasıdır. N. Tusi ilk olaraq mümkün varlığa tərif verir və daha sonra mümkün varlığın iki əsas özəlliyinin olduğunu göstərir və beləcə, zəruri varlığın isbat edilməsi üçün avtomatik olaraq zəmin yaratmış olur. Gəlin, birinci, arqumentin tərcüməsini nəzərdən keçirək:

“Mümkün varlıq nə öz var olmasında öz-özlüyündə müstəqildir – bu aydındır, nə də başqasını yaratmasında, çünki yaratmaq mərtəbəsi var olmaq mərtəbəsindən sonra gəlir; ona görə ki, bir şey var olmadığı müddətcə nəsə yarada bilməz. Elə isə əgər bütün varlıqlar mümkün varlıqla məhdudlaşsaydı, onda heç bir şey var olmamalı idi, çünki mükün varlıqlar sayca çox olsa da, nə var olmaqda, nə də yaratmaqda müstəqildir. Deməli, ortada var olmaq və yaratmaq olmadığına görə nə öz-özlüyündə mövcud olan, nə də başqası sayəsində mövcud olan varlıq vardır”.[1]   

Arqumentin tərcüməsi ilə tanış olduqdan sonra gəlin indi də arqumentin müqəddimələrini bir-bir nəzərdən keçirib doğruluğunu yoxlayaq:

1. “Mümkün varlıq” elə bir nəsnəyə deyilir ki, həm varlığa, həm də yoxluğa nisbəti barabərdir, yəni nə varlığı zəruridir, nə də yoxluğu. Deməli, əgər varlığı zəruri olsaydı, onda “zəruri varlıq” olardı. Yox, əgər yoxluğu zəruri olsaydı, onda da “mümkünsüz varlıq” olardı.

İzah: Bu müqəddimədə göründüyü kimi, mümkün varlığa sadəcə tərif verilir. Mümkün varlıq nədir? Mümkün varlıq – həm var olmağa, həm də yox olmağa nisbəti bərabər olandır. Bu o deməkdir ki, mümkün varlıq həm var ola bilər, həm də yox ola bilər. Yəni nə varlıq onun üçün zəruridir, nə də yoxluq. Əks halda, yəni bu nisbət bərabərlik halından çıxdıqda, daha mümkün varlıq mümkün varlıq ola bilmir; ya zəruri varlıq olur – var olmaq onun üçün zəruri olduqda; ya da mümkünsüz varlıq olur – yox olmaq onun üçün zəruri olduqda. 

2. “Mümkün varlıq” nə özünü var edə, nə də başqasını yarada bilər. Özünü var edə bilməz, ona görə ki, fərzimizə görə, onun həm varlığa, həm də yoxluğa nisbəti bərabərdir. Belə olan halda, necə özünü var edə bilər ki? Var ola bilmək üçün, mütləq, kənar bir səbəb onu var etməlidir. Başqasını da yarada bilməz, ona görə ki, nəyisə yarada bilməsi üçün ilk öncə var olmalıdır. Deməli, var olmayanacan, başqasını da yarada bilməz.

İzah: Bu müqəddimədə mümkün varlığın iki əsas özəlliyi qeyd olunur; varlıq və yoxluğa nisbəti bərabər olan bir varlıq, yəni mümkün varlıq nə özü özünü var edə, nə də başqasını yarada bilər. Birinci özəllik mümkün varlığın özü ilə bağlıdır, yəni mümkün varlıq özü özünü var edə bilməz. Nə üçün? Çünki mümkün varlıq mövcud ola bilmək üçün səbəbə ehtiyac duyur. Bu ilkin aksiomdur, yəni “mümkün varlıq mövcud ola bilmək üçün səbəbə ehtiyac duyur”, – cümləsini təsdiqləmək üçün sadəcə bu cümlənin tərkibindəki anlayışları düzgün təsəvvür etmək bəs edir: mümkün varlığın öz-özlüyündə mövcudluğu yoxdur; əgər səbəb olmadan mövcud olarsa, onda bu o deməkdir ki, onun öz-özlüyündə mövcudluğu var, bu isə ziddiyyətə gitirib çıxarır, yəni “öz-özlüyündə mövcudluğu olmayanın öz-özlüyündə mövcudluğu var”. Deməli, mümkün varlığın mövcudluğu üçün bir səbəb olmalıdır.

Mümkün varlığın ikinci özəlliyi isə başqası ilə bağlıdır, yəni mümkün varlıq özünü var edə bilmədiyi kimi, başqa bir mümkün varlığı da var edə bilmir. Nə üçün? Çünki başqasını var edə bilməsi üçün ilk öncə özü var olmalıdır. Fərzə görə isə mümkün varlıq özü özünü var edə bilmir. Belə olan halda, başqasını yaradırsa, bu o deməkdir ki, mümkün varlıq eyni anda həm var, həm də yoxdur. Vardır, ona görə ki, başqasını yaradır. Yoxdur, öna görə ki, özü özünü var edə bilmir. Bu isə ziddiyyət deməkdir.  

3. Əgər bütün var olanlar “mümkün varlıq”la məhdudlaşsaydı, onda heç bir şey var olmamalı idi, çünki “mümkün varlıq”lar çoxsaylı olasalar da, nə özlərini var edə, nə də başqasını yarada bilərdilər.   

İzah: Bu müqəddimədə fərz olunur ki, var olanların heç biri zəruri varlıq deyil, yəni var olanlardan nə – ən azı – biri, nə də – ən çoxu – hamısı zəruri varlıqdır. Bu o deməkdir ki, var olanların hamısı mümkün varlıqdır. Belə bir hal – yəni bütün var olanların mümkün varlıqla məhdudlaşması təsəvvür oluna bilərmi? Sualın cavabı mənfidir. Çünki əgər bütün varlıqlar mümkün varlıq olsaydı, onda elə əvvəlcədən heç bir şey var olmazdı, yəni varlıq əvəzinə yoxluq olardı. Başqa sözlə, heç nə olmazdı; ona görə ki, mümkün varlıq nə özü özünü var edə, nə də başqasını yarada bilir. Belə olan halda, onda heç nə mövcud olmamalıdır.     

4. Bu əsasla “mümkün varlıq”lar var deyillərsə və başqasını da yarada bilmirlərsə, deməli, var olan da yoxdur; istər “öz-özlüyündə var olan” olsun, istərsə də “başqası sayəsində var olan”. Demək, ümumiyyətlə, var olan nəsə yoxdur.

İzah: Bu müqəddimədə nəticə alınır ki, var olan heç nə yoxdur, çünki fərzə görə, bütün var olanlar mümkün varlıqdır, mümkün varlıq da nə özünü var edə, nə də başqasını yarada bilir. Belə olan halda, heç nə mövcud ola bilmir. Deməli, nə öz-özlüyündə var olan mövcud ola, nə də başqası sayəsində var olan mövcud ola bilir. Çünki mümkün varlıq nə özü özünü var edə bilir ki, “öz-özlüyündə var olan” olmuş olsun; nə də başqa bir mümkün varlıq sayəsində var edilə bilir ki, “başqası sayəsində var olan” olmuş olsun. Sonuncu cümləni qısaca belə ifadə edə bilərik: var olanın heç bir növü yoxdur; nə öz-özlüyündə var olan var, nə də başqası sayəsində var olan. Bu isə “varlıq əvəzinə yoxluq var” deməkdir.    

5. Halbuki var olanlar mövcuddur, deməli, “zəruri varlıq” da mövcuddur, çünki o var deyə, başqalarını da yaratmışdır, çünki onun varlığı zəruridir; o həm əzəli, həm də əbədidir.

İzah: Bu müqəddimədə isə nəticə alınır ki, zəruri varlıq mövcuddur. Nə üçün zəruri varlıq mövcuddur? Çünki var olanlar mövcuddur. Var olanların mövcud olması göstərir ki, onları var edən var və bu var edən isə mümkün varlıq ola bilmədiyinə görə nəticə alınır ki, var olanları var edən zəruri varlıqdır. Başqa sözlə, zəruri varlıq mövcud olduğuna görə var olanlar da mövcuddur, çünki mümkün varlığı yalnız və yalnız mümkün varlıq olmayan bir səbəb var edə bilər. Bu səbəb isə yalnız zəruri varlıqdır. Zəruri varlıq olmaq isə əzəli və əbədi olmaq deməkdir. Əks halda, o, mümkün varlıq olardı. Mümkün varlıq olduqda isə yenə əvvələ qayıdırıq: bütün var olanlar “mümkün varlıq”la məhdudlaşsaydı, onda heç bir şey var olmamalı idi, çünki “mümkün varlıq”lar çoxsaylı olasalar da, nə özlərini var edə, nə də başqasını yarada bilərdilər. Beləliklə, zəruri varlıq zəruri olaraq mövcuddur; o həm əzəli, həm də əbədidir. 

Emin İmanlı

Aqora Fəlsəfə Akademiyasının təsisçi və baş redaktoru


[1] Məhəmməd Curcani, Şərhul-məvaqif, c. 7, səh. 14

Contact Us