Yazılar

Zaman ötdükcə necə mövcud oluruq?

Halhazırda sən müəyyən yaşda olan bir insansan. Yəqin ki, bir vaxtlar indikindən yaşca daha cavan bir insan idin. Bəs nəyə əsasən hal-hazırkı sən və həmin o cavan şəxs eyni və vahid bir şəxs hesab edilir; arasıkəsilmədən eyni və vahid bir kimlik, mövcudluq daşıyır? Necə olur ki, zamanın dəyişməsi və ötməsinə baxmayaraq, səndəki eyni kimlik (mövcudluq) halı fasiləsiz və dəyişməz olaraq davam edir? Sənə dayanmadan, dəyişmədən şəxsi eynilik/ identiklik “ötürən” həmin şey nədir?  


Bizim davamlı mövcudluğumuzun əsasında dayanan müəyyən bir şeyin var olması fikri, əslində, doğru olardı. Çünki diqqətlə düşünsək, görərik ki, insanların hər gün davamlı olaraq mövcud olduğu qəbul edilərək onlar barədə müəyyən mühakimələr yürüdülür, hökmlər və ya qərarlar verilir; məsələn, onlara mükafat və cəzalar, əxlaqi öhdəliklər və ya mülkiyyət hüquqları təyin edilir. Fikrimizin daha aydın başa düşülməsi üçün gəlin aşağıdakı örnəklərə baxaq:

    a. Təsəvvür edin ki, keçmişdə törətdiyi hansısa bir cinayətə görə hal-hazırda bir qadını cəzalandırırlar (mükafat və cəza). Bu vəziyyətdə, keçmişdə cinayəti törətmiş qadın ilə hal-hazırda cəza verilən qadının kimlik baxımından eynilik/ identiklik təşkil etməsi doğru olardı. Əks halda, belə bir cəza ədalətli olmayacaqdır. Diqqətlə baxsaq, burada cinayəti törədən gündən cəza verilən vaxta qədər qadın, əslində, eyni mövcudluğunu, kimliyini davam etdirmişdir.
         
    b. Keçmişdə verdiyim bir sözə/ vədə hal-hazırda əməl etmək öhdəliyini daşıyıramsa (əxlaqi öhdəlik), düzgün olardı ki, ilk dəfə bu sözü (vədi) vermiş şəxslə hal-hazırda həmin sözə (vədə) əməl edən şəxs (mən) kimlik baxımından eyniyyət (identiklik) təşkil etsin. Əks halda, verdiyim sözə hal-hazırda əməl etməklə əlaqədar heç bir öhdəlik daşımış olmazdım. Diqqət etsək, görərik ki, sözü verərkən məndəki “mən mövcudam” hissi (halı) sözə əməl edərkən məndəki “mən mövcudam” hissi (halı) ilə eyniyyət təşkil edir.  

    c. Hal-hazırda bir maşına sahibəmsə (mülkiyyət hüququ), yenə də doğru olardı ki, onu satın almış şəxs ilə indi ona sahib olan şəxs (mən) kimlik baxımından eyniyyət təşkil etsin; eyni varlığa, eyni mövcudluğa malik olsun. Əks halda, maşına sahib olmaqla bağlı hal-hazırda heç bir qanuni iddia irəli sürə bilməzdim.

Beləliklə, gördüyünüz kimi, hər hansı bir şəxsin özünəməxsus dəyişməz kimliyini (şəxsi identikliyini) nəyin əsasında davam etdirməsi məsələsi son dərəcə vacibdir. Gəlin mövzu ilə əlaqədar təklif olunmuş bəzi cavablara nəzər salaq.

1. Bədən

Bir çoxları qeyd edir ki, davamlı/ arasıkəsilməz mövcudluğumuz bədənlərimizin mövcudluğu ilə əlaqədardır. Yəni nə qədər ki bədənim öz mövcudluğunu davam etdirir, onda mən də mövcudluğumu davam etdirirəm.
Lakin zaman ötdükcə bədənin sadəcə eyni qalması bizim fasiləsiz olaraq davam edən mövcudluğumuzu əsaslandırmaq üçün özü-özlüyündə yetərli görünmür.[1] Nə üçün? Çünki əgər belə olarsa, onda beyin ölümü keçirmiş, davamlı vegetativ vəziyyətdəki (şüur əlamətlərindən məhrum) olan bir bədən əvvəllər sağlam vəziyyətdə ətrafdakılarla söhbət edən, düşünən, deyib-gülən bədən ilə eyni şəxs, eyni kimlik hesab edilməlidir (çünki bədən eynidir). Bu isə heç də doğru səslənmir.
Məsələni daha yaxşı anlamaq üçün gəlin aşağıdakı situasiyaya nəzər salaq:

Fərz edin ki, qapı qonşunuzun bədəni tamamilə iki fərqli həyata sahibdir: biri səhərdən axşam vaxtına qədər, digəri isə gecə vaxtı. Hər gün səhər saat 6-dan axşam saat 6-ya kimi ona “Gündüz adam” adı verək. “Gündüz adam” təbii olaraq düşünür ki, onun bədəni hər gecə yatır. Amma əslində olan belədir ki, gecə vaxtı onun bədəni oyaq olur və özünü “Gecə adam” adlandırır. “Gündüz adam” və “Gecə adam” hər biri fərqli peşələrə sahibdirlər, hər birinin fərqli dostları, fərqli məqsədləri və zövqləri vardır; üstəlik, “Gündüz adam” və “Gecə adam” bir-birlərindən xəbərsizdirlər.

Yuxarıdakı situasiya bir bədəndə yaşayan iki ayrı şəxsin olduğunu ifadə etmirmi? Əgər elədirsə, onda bədənin eyni qalması şəxsin identikliyi üçün əsas kimi götürülə bilməz; əgər əsas kimi götürülsəydi, onda yuxarıdakı situasiyada eyni bədəni bölüşdükləri üçün “Gündüz adam” ilə “Gecə adam”, əslində, iki ayrı şəxs deyil, eyni bir şəxs hesab edilməli idi.
Gəlin təklif olunmuş digər cavablara nəzər salaq.

2. Ruh

Bir çox insan isə inanır ki, bizim kimliyimiz, mahiyyətimiz – “Biz kimik?” sualının cavabı maddi xarakterli deyil, əksinə, qeyri-maddidir. Onlar iddia edirlər ki, hər birimiz bir ruha sahibik; daha doğrusu, biz elə ruhun özüyük və ruhlar bədənlərdə məskunlaşmış qeyri-maddi nəsnələrdir.
Bu məqamda qeyd edək ki, davamlı mövcudluğumuzun əsasında duran şeyin ruhlarımız olması mümkündür: yəni nə qədər ki mənim ruhum öz mövcudluğunu davam etdirir, mən də mövcud olmağa davam edirəm.
Lakin əgər belə olarsa, onda insanların zaman ötdükcə mövcud olmağa davam edib-etməməsini bilməyimizin bir yolu olmazdı; bunu bilmək mümkün olmazdı. Nə üçün? Çünki, məlum olduğu kimi, ruhlar qeyri-maddidir, onları görmək, qoxulamaq, onlara toxunmaq mümkün deyil; başqa sözlə, ruhlar duyğu orqanlarımız tərəfindən müəyyən edilə bilməyən şeylərdir. Bununla belə, aydındır ki, biz müəyyən bir şəxsin indiki kimliyi ilə bir az öncəki (və yaxud keçmişdəki) kimliyinin eynilik təşkil edib-etmədiyini, təbii ki, asanlıqla, sorğusuz-sualsız bilirik.

Misal üçün, siz öz dostunuzla küçədə, yaxud başqa bir yerdə qarşılaşanda onu, təbii ki, tanıyırsınız, bu səbəbdən də həmin anda ona demirsiniz ki, “Yaxşı, indi mən haradan bilim ki, sən elə mənim həmin dostumsan?! Axı mənim dostum (kimlik/ şəxs olaraq) sadəcə qeyri-maddi bir nəsnədir. Qeyri-maddi şeyləri görmək mümkün olmadığına görə hal-hazırda qarşımda dayanan şəxsin mənim həmin dostum olub-olmadığını bilməyim mümkün deyil”. Diqqət edin ki, burada məsələ belədir: əgər qəbul etsək ki, şəxsin davamlı mövcudluğunun (kimliyinin) əsasında ruh (qeyri-maddi bir nəsnə) dayanır, onda deməliyik ki, dünən (və yaxud nə vaxtsa keçmişdə) sizin dostunuz olan şəxs öz mövcudluğunu/ kimliyini ruh (qeyri-maddi nəsnə) əsasında davam etdirir, yəni bir zaman anından digərinə “daşıyır”. Qeyri-maddi nəsnə isə duyğu orqanları vasitəsi ilə müəyyənləşdirilə bilmədiyi üçün siz keçmişdə dostunuz olmuş şəxsi bu gün yolda görəndə onun (öz mövcudluğunu/ kimliyini bir zaman anından digərinə “daşımış”) həmin dostunuz olub-olmadığını müəyyənləşdirməyiniz mümkün olmayacaq.

Bundan başqa, ruhlara inanan insanlar adətən belə iddia edirlər ki, ruhlar öz bədənlərini tərk edib başqa bir yerə (məsələn, Cənnnətə) gedə bilirlər. Lakin əgər belə olarsa, onda məlum olduğu kimi, (ən azı, məntiqi olaraq söyləmək olar ki) ruh bir bədəni tərk edərək gedib başqa bir bədəndə məskunlaşa bilər. Misal üçün, iddia etmək mümkündür ki, Avraam Linkolnun ölümündən sonra onun ruhu həmin bədəni tərk edərək mənim bədənimə köçmüş olsun. Əgər belə olarsa, onda mən deyə bilərəm ki, Avraam Linkoln elə həmin eyni və vahid şəxs mənəm; bir vaxtlar ABŞ-nin 16-cı prezidenti olmuş, “Qettisberq Müraciəti”ni yazmış həmin o cənab mənəm və s.   
Lakin təbii ki, əksəriyyət bu deyilənləri məntiqə zidd hesab edəcək.

3. Psixologiya

Bir çoxları da davamlı kimlik məsələsini insan psixologiyası ilə əlaqələndirirlər. Bayaqkı misallarla izah etsək, bu baxış tərzi iddia edir ki, əgər “Gündüz adam” ilə “Gecə adam” ayrı-ayrı insanlar hesab edilirsə, onda bu onların iki fərqli psixologiyaya, fərqli psixoloji dünyalara sahib olması ilə əlaqədardır. Yaxud əgər davamlı vegetativ vəziyyətdəki (şüur əlamətlərindən məhrum) bədən daha insan/ şəxs hesab edilmirsə, bu ona görədir ki, həmin bədən şüura malik deyil; yaxud əgər mən (A. Linkolnun ruhu mənim bədənimə köçərsə) eyni və vahid qeyri-maddi ruhu daşıdığımıza baxmayaraq, A. Linkoln hesab edilmirəmsə, bu ona görədir ki, Linkolnun etdiyi hərəkətlərin, gördüyü işlərin hər hansı birini etdiyimi xatırlamıram; yəni mənim psixoloji dünyam onun psixoloji dünyasından tamamilə fərqlidir.  

Məhz belə səbəblərə görə biz düşünə bilərik ki, davamlı mövcudluğumuzun əsasında psixologiya (psixoloji dünyamız) və yaxud şüur (şüurumuz) dayanır.
Lakin indi bir misalla göstərməyə çalışacağıq ki, bu məsələ təkbaşına şüurumuzun (psixologiyamızın) işi deyil. Fərz edək ki, bu gün səhər sənin bədənin oyanaraq Roma Papası (məsələn, Papa Fransisk) olduğunu elan edir. Belə ki, artıq sənin bədənin Papanın sahib olduğu bütün xatirələrə, bütün inanc və düşüncələrə sahib olur. Bir sözlə, Roma Papasının psixologiyasını sən artıq özündə daşıyırsan.[2]  

Həmçinin fərz edin ki, Papanın əsl (faktiki) bədəni bu gün səhər Vatikanda oyanıb və həmişə olduğu kimi öz işlərini, vəzifələrini icra etməklə məşğuldur. Buradan belə nəticə çıxır ki, bu vəziyyətdə siz ikiniz də Papanın psixologiyasını daşıyırsınız. Əgər iddia etsək ki, kimliyin/ identikliyin davamlı olmasının əsasında psixologiyamız dayanır, onda buna əsasən, göstərdiyimiz situasiyada ikiniz də Papa Fransisk hesab edilməlisiniz; ikiniz də eyni zaman anında eyni adam hesab edilməlisiniz. Belə bir şey mümkün ola bilərmi? Təbii ki, xeyr. Siz ikiniz də eyni zamanda Papa Fransisk ola bilməzsiniz. Eyni bir şəxs eyni zamanda iki ayrı məkanda necə ola bilər?! Beləliklə, gördüyünüz kimi, davamlı eyni şəxsi kimliyimizin (mövcudluğumuzun) əsasında təkbaşına psixologiyamızın dayanması yetərli görünmür.

4. Nəticə

Az öncə qeyd olunan situasiyanı təhlil etsək, onda məntiqi olaraq həqiqi Papa, təbii ki, Vatikanda yuxudan oyanan şəxs hesab edilməlidir. Sənin bədənin isə sadəcə olaraq həqiqi Papa deyil. Bunun səbəbi, bəlkə də, odur ki, Vatikandakı şəxs Papalıq vəzifəsi üçün seçilmiş şəxs ilə həm bədən, həm də psixologiya baxımından eyniyyət təşkil edir; lakin, sən (sənin bədənin) isə onunla (Papalıq vəzifəsi üçün seçilmiş şəxs ilə) sadəcə olaraq təkcə psixologiya baxımından eyniyyət təşkil edirsən. Mövzuya bu cür yanaşma tərzi bir sıra hibrid (qarışıq) təkliflərin irəli sürülməsinə səbəb olmuşdur. Belə ki, irəli sürülən təkliflər iddia edir ki, zaman ötdükcə sənin fasiləsiz mövcud olmağa davam etməyin həm sənin bədəninin, həm də sənin psixologiyanın hər ikisinin müştərək mövcudluğunun davam etməsi ilə əlaqədardır. Buna əsasən, təkcə sənin bədəninin mövcudluğu (məsələn, vegetativ vəziyyətdəki, şüurdan məhrum bədən), yaxud sənin psixologiyanın təkbaşına mövcudluğu (misal üçün, sənin psixologiyan əgər yeni bir bədənə “yüklənsə”) sənin davamlı mövcudluğun üçün kifayət edə bilməz.

Çad Vens

Mənbə: Məqalənin orijinalını buradan oxuya bilərsiniz.

İngilis dilindən tərcümə: Elvin Muradlı


[1] Əvvəla, qəti şəkildə desək, zaman ötdükcə biz eyni, dəyişməz bədənlərə sahib olmuruq. Hər dəfə nəfəs alarkən, qida, yaxud maye qəbul edərkən bədənimiz yeni maddələr qəbul edir. Eyni zamanda tərləyərkən, lazımsız maddələri ifraz edərkən, nəfəs verərkən, saç və ya dərimizin müəyyən bir qismini itirərkən, yaxud zədə alaraq dizimizin dərisi soyularkən bədənimiz müəyyən maddələri özündən kənarlaşdırır. Bu səbəbdən də əksər bədən nəzəriyyəçiləri, əslində, inanmırlar ki, bədənin eyni maddələrdən ibarət olması şəxsi identikliyin əsasında dayanır. Əvəzində isə burada mühüm amil kimi sadəcə bədənin zahiri davamlılığı əsas götürülür. Məsələn, baxmayaraq ki, bugünkü bədənim ilə dünənki bədənim arasında maddə tərkibi baxımından fərq var, bununla belə, bugünkü bədənimlə dünənki arasında (onları vahid və eyni bir vücud formasında birləşdirən) bir davametmə/ səbəb əlaqəsi vardır.

[2] Yaxud, bəlkə, sənə elə gəlir ki, onun psixologiyası səndədir? Misal üçün, həqiqətən onun xatirələrini də sən özündə daşıyırsanmı, yoxsa sadəcə elə görünür (sənə elə gəlir)? “Filan şeyi xatırlayıram” və “sanki mənə elə gəlir ki, filan şeyi xatırlayıram” arasında necə bir fərq var? Buradakı cavablar şəxsi identiklik mövzusu barədə psixoloji nəzəriyyələrə hansı təsirləri göstərir? 

Contact Us